“59 yaşda bu cür məşqlər etmək hər insanın işi deyil”

29-04-2021, 13:08 195 dəfə baxılıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb. Həmin videolardan birində görünür ki, dövlət başçısı hərbçilər üçün nəzərdə tutulmuş idman kompleksində çəki daşlarını qaldırıb. İlham Əliyev əvvəlcə hərəsi 15 kq, daha sonra isə 20 kq olan çəki daşları ilə idman edib. Dövlət başçısı bildirib: "Göstərirəm ki, şəxsi heyət mənim kimi idmanla məşğul olsun”.

Prezidentin 59 yaşında bu cür idman məşqləri etməsi böyük maraq doğurub. Görüntülərdən də hiss olunur ki, Prezident mütəmadi şəkildə idman məşqləri edir.

Bəs siyasətçilərdən kimlər mütəmadi idmanla məşğul olur?

Millət vəkili Fazil Mustafa "Yeni Müsavat”ın sualını bu cür cavablandırıb: "Bu çox yaxşı görüntülər idi. Hər halda, Prezidentin 59 yaşında idman alətləri ilə bu cür məşq etməsi onu deyir ki, gündəlik idmanla məşğul olur.

Bu bir növ cəmiyyət üçün də mesajdır ki, insanlar idmanla məşğul olub, sağlam qalmaq haqqında düşünsünlər".

Millət vəkili hər gün idmanla məşğul olduğunu dedi:

"Hazırda Ramazan ayında belə futbol, basketbol, bilyard, şahmat, stolüstü tennis oynayıram. Yəni demək olar ki, idmanın əksər növlərinə müraciət edirəm. Lakin daha çox futbol və basketbolun üzərində dayanıram.

İnsanlar başa düşsələr ki, idmansız həyat onların sağlamlıqları üçün nə qədər təhlükəlidir, mütləq idmana üz tutarlar.

Demək olar ki, idmansız həyatım təsəvvür olunmazdır".

ADP sədri Sərdar Cəlaloğlu isə pandemiyaya qədər mütəmadi olaraq üzgüçülüklə məşğul olduğunu bildirdi: "İdman zalları bağlanmazdan əvvəl hər gün üzgüçülüyə gedirdim. Koronavirusla bağlı hovuzlar bağlandığına görə bir müddətdir ki, bu adətimdən uzaq düşmüşəm.

O ki qaldı Prezidentin idman alətləri ilə o cür məşq etməsinə, təbii ki, ölkə başçılarının fiziki sağlamlıqları çox önəm daşıyır. Bir çox dövlətlərin prezidentləri mütəmadi olaraq hansısa idman növləri ilə məşğul olur. Bu, əlbəttə ki, təqdirəlayiqdir. Ölkə başçısı ilk növbədə sağlam olmalıdır ki, ölkəsini sağlam idarə edə bilsin. "Sağlam bədəndə sağlam ruh olar”. Hətta bəzi ölkələrin konstitusiyasında prezidentin sağlam olması xüsusi şərt kimi qeyd olunur. Doğrudur, tarixdə fiziki sağlamlığı olmayan rəhbərlər də olub ki, hansı ki, öz ölkəsini çox yaxşı idarə ediblər. Məsələn, Ruzveld İkinci Dünya müharibəsində çox böyük güc nümayiş etdirib. Amma bir qayda olaraq dünyada dövlət başçılarının sağlam olması şərtdir.

Əlbəttə ki, bu cür addımlar həm cəmiyyətə bir sağlamlıq, həm də düşmənə bir mesajdır.

Bir müddət bundan əvvəl Prezidentimizin sağlamlığı ilə bağlı kimlərsə dedi-qodu yaymaq istəyirdi. Guya Prezidentimiz xarici ölkələrin birində müalicə alır və sairə. Hesab edirəm ki, bu bir növ həmin fikirlərin yalan olduğunu sübut edən davranışdır".

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd edib:

"Həmin kadrlara baxdım. Prezidentimiz daha sonra 20 kq idman daşları ilə məşqlər etdi. Əlbəttə ki, 59 yaşda bu cür məşqlər etmək hər insanın işi deyil.

Əslində bu çox pozitiv mesajdır. Hesab edirəm ki, Ali Baş Komandanın hərbi geyimdə sağlam duruş nümayiş etdirməsi həm də düşmən ölkələrə bir mesajdır. Biz siyasətçilər bunu belə qəbul etdik.

Prezidentimizin bu cür əzələ nümayiş etdirməsi həm də təbliğat xarakterli gözəl nümunə idi. Məlum olduğu kimi, indi bəzi gənclərimiz zərərli vərdişlərə aludə olublar, həmin vərdişlər gənclərimizi məhv edib və bununla mübarizədə strukturlar bəzən aciz qalır. Beləliklə, Prezidentin nümunəsi gənclərə örnək olacaq və onları daha da idmana sövq edəcək.

Lakin bir məsələ də var, Operativ Qərargah idman zallarının açılması ilə bağlı qadağanı hələ də aradan qaldırmayıb. Ümid edək ki, qərargah bundan bir mesaj götürər ki, artıq idman zallarının açılmasının vaxtdır.

Özümə gəldikdə isə hazırda idmanla məşğul olmuram. Lakin zamanında mərhum qardaşım Teymurla razılığa gəlmişdik ki, onunla birgə peşəkar səviyyədə olmasa da həvəskar səviyyədə məşqlərə qoşulum. Lakin vaxtım olmurdu. İndi də idmanla məşğul olmağın arzusunda və niyyətindəyəm. Lakin işlərdən buna vaxt tapa bilmirəm".
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR