Açıq havada maska taxmaq: Yenə beyinlər qarışıq, dillər suallı - AKTUAL

15-02-2021, 12:42 199 dəfə baxılıb

Kafe, restoran, çay evlərinin girişində "Maskasız içəri daxil olmaq qadağandır” yazılır. İçəridə süfrə arxasında əyləşdikdən sonra isə hər kəs tibbi maskasını çıxarır, yeməyini yeyir, dostları ilə söhbətləşir. Qaydalara görə, masalar arasındakı məsafə 2 metr, oturacaqlar arasındakı məsafə isə 1 metr müəyyənləşdirilib, masa arxasında 6 nəfərdən artıq şəxsin əyləşməsinə icazə verilmir.

Həmçinin, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub. Buna görə də hər kəs evdən çölə çıxdısa, maskasını taxmaq məcburiyyətindədir, əks halda cərimələnir. Açıq havada maska taxmaq məcburiyyətinə qarşı narazı insanların sayı isə günü-gündən çoxalır. Onlardan bir qismi sosial media hesabından bununla bağlı paylaşım edərək, narazılıqlarını bu cür ifadə edirlər:

"Kafe, restoran, çay evlərində süfrə arxasında maskasız əyləşmək olar, amma açıq havada – parkda, bulvarda, küçədə gəzərkən tək olsan da, maska taxmalısan. "Hava da pulla olacaq” deyəndə yəqin bunu nəzərdə tuturdular, yoxsa açıq havada niyə maska taxasan, axı? Yanında kimsə yoxdursa, kimdən qorunur, kimi qoruyursan? Maska taxma qaydalarının da bir məntiqi əsası olmalıdır, axı”.

"Bu gün bir tanışım deyir ki, maskasız velosiped sürürmüş, polis saxlayıb, cərimə yazıb. Polis qanuna əməl edib – bu, heç. Amma bu qaydanı tədbiq edənlərin ağıl-məntiqində ciddi problem olduğu dəqiqdir. Açıq havada maska tələbi mənasız, məntiqsiz, sanki insanların canını boğazına yığmaq üçün düşünülmüş qərardır. Parklarda, bulvarda, açıq havada maska taxma tələbinin virusla mübarizə ilə heç bir əlaqəsi yoxdur”.

"2017-ci ildə ürək damarıma stend qoyulub. Elə, təxminən həmin ildən də şəkərə meyillilik var deyə dərman qəbul edirəm. Həm kardioloqumun, həm də endekrinoloqumun piyada gəzməklə bağlı qəti göstərişi var. Elə o vaxtdan gündə ən az 8-10 km piyada gəzməyə çalışıram, amma artıq bacarmıram, çünki maska imkan vermir. Nəfəs almaq olmur, ağız-burun tərləyir, səpki əmələ gəlir. Maskanı aşağı salıb ağzının tərini silmək istəsən, şəklin çəkilib cərimə oluna bilərsən. Restoranlar açıq, içəridə maskasız, hətta bir masa arxasında 3-4 nəfərin oturması sərbəstdir. İdman zalları isə bağlıdır, bunu boş verdim, amma maskasız yürüş etmək də qadağandır. Hətta, heç kimin olmadığı küçə və parklarda belə. Məntiqli açıqlamasını bilən varsa, yazsın, maariflənək”.

Bu cür silsilə fikirlər səsləndiyi bir vaxtda TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində jurnalistin sözügedən ziddiyyətli məqamla bağlı sualını belə cavablayıb: "Əgər biz sosial ərazilərdəyiksə, o zaman maska taxmalıyıq. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

Və bu açıqlama ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AYNA-ya açıqlamasında, açıq havada maska taxmaq haqqında olan qərarın qüvvədə olduğunu bildirərək, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarını diqqətə çatdırıb: "Mənim əlavə şərh verməyimə ehtiyac yoxdur, Nazirlər Kabinetinin bununla bağlı 3 bənddən ibarət müvafiq qərarı var, orada hər şey açıq şəkildə öz əksini tapıb”.

Hazırkı vəziyyətdə açıq havada maska taxmağın nə dərəcədə əhəmiyyətli olması barədə AYNA-nın sualını cavablayan həkim, professor Adil Qeybulla deyib ki, istənilən halda epidemioloji vəziyyətin stabilləşməsinə güvənməməliyik: "Vaksinasiyanın nəticələri hələ ay yarımdan sonra bəlli olacaq, yəni, təxminən bu müddətdən sonra immunitetin tam formalaşma prosesi başa çatacaq. Buna görə də indi açıq havada maskasız gəzmək o deməkdir ki, yenə yoluxma üçün müəyyən şans yarana bilər”.

"İnsanlar dayanacaqlarda, növbə olan yerlərdə sıx toplaşırlar, bu da müəyyən qədər yoluxma potensialı yaradır. Açıq havada maska taxmaq barədə qərar ona görə verildi ki, ikinci dalğa çox sərt idi. Həddindən artıq böyük yoluxma potensialı var idi. Hesab edirəm ki, indi birdən-birə bu qərarı ləğv etmək düzgün deyil. Hər halda, yolxuma azalır, epidemioloji vəziyyət tam stabilləşdikdən sonra qərara yenidən baxılması daha düzgün olar”, - Qeybulla bildirib.

Açıq havada maska taxmağın ağciyərlərə təsiri barədə insanları narahat suallar var. By barədə AYNA-ya danışan pulmonoloq, allerqoloq Ramin Nərimanın sözlərinə görə, tibbi maskalar təbabətdə uzun illərdir istifadə olunur və bu müddət ərzində maskaların tənəffüs sistemində hansısa problem yaratmasını və yaxud da qanda oksigenin miqdarını azaltmasını təsdiq edən hansısa tədqiqat və ya mənbə yoxdur: "Düzdür, insanlar düşünə bilər ki, belə bir hal baş verir, amma bunu təsdiq edəcək bir mənbə yoxdur. Digər tərəfdən də maskalar tibbi standartlara cavab verən material və müəyyən tibbi şərtlər əsasında hazırlanır”.

"Əgər tibbi maskalar standartlara uyğun hazırlanırsa, onların tənəffüs yollarında problem yaradacağını düşünmək əsasssızdır. Ola bilər ki, tibbi maskalar standartlara cavab verməyən tələblər əsasında hazırlansın, bəli, o zaman insanda tənəffüs problemi yarada bilər”, - mütəxəssis vurğulayıb.

Nəriman öz təcrübəsinə də istinad edib: "Özüm ixtisasımla bağlı uzun illərdir ki, hər gün saat 9-dan günorta 3-4-ə qədər tibbi maskadan istifadə etmişəm. Bu müddət ərzində mənim tənəffüs sistemimdə hansısa problem yaranmayıb, nə də belə bir problem hiss eləmişəm. Maskalar qaydalara uyğun istifadə olunsa, hansısa problem yaratmaz. Tibbi maska təkrar istifadə olunarsa, uzun müddət istifadə edilərsə, çirklənərsə, təbii ki, öz keyfiyyətini itirəcək və tənəffüs yollarında problem yaradacaq. Əks halda düşünümürəm ki, maska tənəffüs sistemində hansısa problem yaratsın”.

Həkim, hənçinin qeyd edib ki, müəyyən xüsusi hallarda tibbi maskaların insanın normal tənəffüsünə müəyyən dərəcədə maneçilik yaratması mümkündür: "Yaponiyada aparılmış tədqiqat var ki, qaçış zamanı maska tənəffüs sistemini yükləyə, müəyyən çətinliklər yarada bilir, çünki qaçan zaman insanın tənəffüs sayı artır, nəticədə insanın nəfəsindən xaric olan su buxarları maskanın məsamələrini nəmləndirərək tutmuş olur. Buna görə də insanın nəfəs alıb-verməsi çətinləşir. Adi vaxtda isə insanın nəfəs alıb-vermə sayı az olduğuna görə nəmlənmənin sayı maskanın məsamələrini tutacaq qədər çox olmur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR