Həkim “qara bazar”dan aldığı dərmanların pulunu hesabladı: - "Biz birlikdə ölürük"

21-12-2020, 11:08 182 dəfə baxılıb

"Kiminizsə, yaxın, tanış olan biri dünyasını koronavirus səbəbi ilə dəyişərsə, sadəcə "Filankəsi də COVİD-19 apardı, Allah rəhmət eləsin" yazmayın. Yazın ki, vaxtında mualicə ala bilmişdimi, dərman tapa bilmişdimi? Dərmansızlıqdan dünyasını dəyişdi? Yoxsa hər şey vaxtında edildi?"

Cebhe.info xəbər verir ki, bu sözləri pediatr-həkim Aytən İsmayılzadə deyib.

O bildirib ki, son zamanlar virusdan artan ölümlərin səbəbi dərmanızlıq və səhiyyənin heç nə edə bilməməsindir::

"Əziz insanlar, biləsiniz ki, bizdə ölüm, ağırlaşma çoxluğu dərmansızlıqdandır. Əgər adamlara deyilsə ki, xəstə olanda filan dərmanı aptekdən alıb filan qayda ilə içə bilərsən, o, heç sistem arxasınca düşməz. Mən özüm hazırda qayınatam-qayınanamın hər ikisi üçün “qara bazar”dan dərmanlar əldə edərək onların mualicəsi ilə məşğulam. “Favipiravir” 40 ədəd 300 manat, hər ikisinə (600 manat), “Kleksan” 0.4 (biri 15 manat olmaqla 14 ədəd = 210 manat), “Kaletra” bir tableti 3 manat ( 60 manat)... Bunlar birinci dərəcə dərmanlar. Hələ ikinci dərəcəli vitaminləri saymıram. Onlar apteklərdə var".

A.İsmayılzadə bu müddətdə TƏBİB və Səhiyyə Nazirliyinin fəaliyyətsizliyindən də söz açıb:

"TƏBİB-in adını çəkmirəm. TƏBİB deyir ki, biz ancaq xəstəxanada yatanlara cavabdehik. Bu da bir daha parçalanmış səhiyyənin vəziyyətini ortaya qoyur. Sloqan isə əladır: "Biz birlikdə güclüyük". Hansı birlikdən söhbət gedə bilər ki, TƏBİB və Səhiyyə Nazirliyi hərəsi bir öhdəlikdən danışır və ortaq məxrəc yoxdur? Devizi dəyişmək lazımdır: "Biz birlikdə ölürük". Digər məqamı da qeyd edim ki, qayınanam şəkərli diabet xəstəsidir, qayınatam isə isə bir neçə il əvvəl açıq ürək əməliyyatı keçirib. Dərman olmadan onların bu virusdan can qurtaracağını kim deyə bilər? Arada infeksionistə də müraciət edilib. O infeksionist ki, “Arbidol” yazır. Amma bilir ki, “Arbidol”un mənası yoxdur. Həm də bilir ki, digər dərmanlar da aptekdə yoxdur. Və beləliklə insanları şansa buraxırıq. Bizim xəstəyə isə "Bundan sonra “Favipiravir” verilməyinin mənası yoxdur",- deyib, “Kardiomagnil”, “Natrixlor”, “Deksametazon” və bir “Polivitamin” tablet yazıb evə göndərib ki, indilik vəziyyət yaxşıdır, irəlidə oksigen balonuna ehtiyac ola bilər. Halbuki, elə “Favipiravir” verəndən sonra xəstə yaxşılaşdı, hərarət düşdü, saturasiya qalxdı".

Həkim deyib ki, apteklərdə olmayan dərmanlar “qara bazar”da baha qiymətə satılır və bu da insanların cibinə uyğun deyil:

"İndi biz hamıya "Qara bazara üz tut", deyə bilərikmi? O infeksionist bizə demədi, çünki TƏBİB işçisidir. Mən və başqa həkimlər isə deyə bilmirik, çünki camaatın o qədər pulu yoxdur. İnsan psixoloji məhv olar, demək, pulum yoxdursa, ala bilməyəcəyəm və ölümün gəlməyini gözləyəcəyəm. Bundan sonra qayınatamgilin vəziyyətində ağırlaşma olsa, mən deyərəm ki, hər şey edilməsinə baxmayaraq, virusa qalib gələ bilmədik. Amma inandırım sizi ki, hazırda ölkəmizdə vəziyyət (əsasən evdə mualicəsiz qalanlar barədə) heç nə edilmədiyinə və ya zəruri dərmanlar tapılmadığına görə bu səviyyəyə gəlib".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR