"Onun Ağstafada baş çıxara biləcəyinə inanmıram" - Yeni başçı gündəmdən düşmür

27-05-2020, 17:25 206 dəfə baxılıb

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun 2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında ingilis dilində çıxışı müzakirələrə səbəb olub. S.Orucovun çıxışı zamanı onun sözləri düzgün tələffüz etmədiyi diqqət çəkib. O, beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri kimi çıxış edib.

Bundan öncə də onun 1992-1993-cü il Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmi ilə bağlı söylədiyi tənqidi fikirlər birmənalı qarşılanmamışdı. Hətta xalq artisti Afaq Bəşirqızı da S.Orucovu tənqid etmişdi. Onun sözlərinə görə, 1984-cü il təvəllüdlü bir uşağın icra başçısı təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir: “Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz”.

Təyinatından qısa müddət keçməsinə baxmayaraq, ciddi etirazlara səbəb olan S.Orucovla bağlı siyasilərin fikri necədir? Hökumətin etimadını doğruldurmu? İlkin davranışları ona siyasi səhv kimi geri qayıda bilərmi? Yoxsa bunlar bir icra başçısı üçün ciddi qüsur sayılmır?

YAP-çı deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, yeni təyin olunan kadrların hazırkı islahatlara dəstək olacağından əmindir. Onun sözlərinə görə, yeni kadrlar prezidentə və YAP-a sadiqliyi, dövlətçilik prinsiplərinə əməl etmələri ilə fərqlənirlər: “Bu şəxslər vəzifəyə təyin olanda onların bacarıqları, idarəetmə qabiliyyətləri, həyata keçirilən islahatların ruhunu tutmaq imkanları nəzərə alınıb. İslahatlar çərçivəsində kadrların peşəkarlığı ilə yanaşı, onların gəncləşmələrinin də şahidi oluruq”.

Müsahibimiz dedi ki, S.Orucov YAP Gənclər Birliyinin sədri olub və bu səbəbdən onun qabiliyyətinə dərindən bələddilər. YAP-çı deputatın sözlərinə görə, ona prosesləri düzgün dərk etmə, idarə etmə qabiliyyəti, eləcə də digər keyfiyyətlərinə görə layiqli kadr demək olar: “İngilis dili məsələsi süni şəkildə müzakirə predmetinə çevrilib. Əgər Seymur Orucov məhz dillə bağlı olan bir sahədə yüksək vəzifəyə təyin olunsaydı, ingilis dilini ən mükəmməl səviyyədə bilməsi şərt sayılsaydı, deyərdik ki, dil bacarıqları yetərli deyilmiş. Amma söhbət idarəetmədən gedir. Hansısa dili bilmək üstünlük yaradır. Amma ölkəmizin rəsmi dili Azərbaycan dilidir, idarəetmə də Azərbaycan dilində həyata keçirilir. Əgər icra başçısı vəzifəsi üçün ingilis dilində yüksək səviyyədə danışmaq şərt olsaydı, o zaman bu iradlar da haqlı olardı. Kimisə icra başçısı təyin edəndə onun ingilis dilində necə danışması, hansı səviyyədə bilməsi prioritet sayılmır”.

H.Babaoğlu hesab edir ki, bu məsələdə yekun rəy bildirmək üçün tələsmək lazım deyil. Onun sözlərinə görə, kömək etmək istəyiriksə, səbrli olmalıyıq: “Yeni icra başçılarının fəaliyyətini müəyyən mərhələdən sonra qiymətləndirməliyik. Bunun üçün 100 gün vaxt verilir. İlk günlərdən bu cür yanaşmaları doğru hesab etmirəm”.

Əslən Ağstafadan olan Ağ Partiyanın sədri Tural Abbaslı necə düşünür? Yeni icra başçısı sözügedən rayonda idarəçiliyin öhdəsindən gələ biləcəkmi?

T.Abbaslı Musavat.com-a açıqlamasında bildirdi ki, Ağ Partiya olaraq gənc, yeni kadrların önə çəkilməsinin, yeni insanlara şans verilməsinin, kommunist kafalı insanların idarəetmədən uzaqlaşdırılmasının ümumən tərəfdarıdılar. Onun fikrincə, bu yanaşma, bu strategiya təkcə YAP-a aid olmamalıdır: “YAP təkcə öz potensialında olan gənclərdən, kadrlardan deyil, həm də bitərəf insanlardan, bitərəf gənclərdən, hətta müxalifətin kadr bankından yararlanaraq, idarəetmədə istifadə etməlidir. Konkret Ağstafa icra başçısına gəldikdə, YAP-ın Gənclər Təşilatının sədri olub. Mən də zamanında Müsavat Partiyasında Gənclər Təşkilatının sədri idim və o mənada tanıyırdım. Amma onun Ağstafada uğur qazanacağına inanmadım. İlk çıxışında yersiz ifadələr, dəxilsiz, aidiyyatsız fikirlər, cümlələr işlətməsi, yaşından əvvələ aid hadisələri şərh etməsi onu daha da qeyri-ciddi obraza salmağa səbəb oldu. Üstəgəl, sonradan uğursuz şəkildə ingiliscə danışması da müzakirələr yaratdı. Düzdür, hər kəs ingiliscə mükəmməl bilməyə bilər. Amma o cür əzik ingilis dilində danışmaqdansa öz doğma dilimizdə danışsaydı, daha yaxşı olardı”.

Müsahibimiz dedi ki, S.Orucovun Ağstafada uğurlu icra başçısı kimi baş çıxara biləcəyinə inanmır: “Çünki Ağstafa ərazi baxımdan kifayət qədər genişdir. Ağstafa hər zaman mübarizədə, xüsusən də 89-cu ildə azadlıq mücadiləsinə çox sayda dəyərli, tanınmış insanlar verən yurddur. Belə yerdə baş çıxaracağına, nələrəsə nail ola biləcəyinə inanmıram. Amma köhnə sistemlə davam edə bilər. Bundan əvvəlki icra başçısının sistemini davam etdirə bilər, korrupsiya məsələsində. O zaman da, təbii ki, daha böyük uğursuzluğa düçar olar. Çünki həbs təhlükəsi var. Hər halda indidən onun heç nə bacarmayacağı ilə bağlı nəsə söyləmək etik deyil. Yeni kadrlara da şans verməyin tərəfdarıyam. Amma doğru olardı ki, Ağstafanı, Ağstafanın kəndlərini, onun əhalisini tanıyan, oranın spesifik problemlərindən xəbərdar olan, ictimaiyyəti haqqında məlumatı olan insan ora təyin olunaydı. Bunun daha böyük fayda verə biləcəyini düşünürəm. Hər halda vaxt var. Yaşayıb görəcəyik. İlkin rəyim ürəkaçan deyil. Məsələyə spektik yanaşıram”.
Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR