Bakı Kreml və Kiyevi sülh masasına çəkir: Azərbaycan Rusiya-Ukrayna sazişini bərpa edir, savaşı bitirmək planı qurur

9-09-2024, 10:00 20 dəfə baxılıb

Bakı Kreml və Kiyevi sülh masasına çəkir: Azərbaycan Rusiya-Ukrayna sazişini bərpa edir, savaşı bitirmək planı qurur


Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir, Rusiyaya qarşı beynəlxalq sanksiya kampaniyasının tərkib hissəsi olmaqdan isə yayınır... Rəsmi Bakının bu praqmatik mövqeyi Rusiya və Ukrayna üçün etimad limitinin açılması baxımından, önəmlidir və Azərbaycanın vasitəçilik missiyasının gündəmə gəlməsində əsas faktordur...
Azərbaycanın beynəlxalq siyasi məkanda nüfuzu artır, geopolitik mövqeləri isə ciddi şəkildə möhkəmlənir. İndi rəsmi Bakı yalnız Azərbaycanın Cənubi Qafqazda və bu region ətrafında geopolitik iradə mərkəzi olması ilə kifayətlənmək niyyətindən çox-çox uzaqdır. Çünki hazırda Azərbaycan həm də dünya üzərində siyasi fəallığı ilə diqqəti çəkir. Və rəsmi Bakı beynəlxalq siyasi məkanda da Azərbaycanın aparıcı iradə sahibinə çevrilməsi istiqamətində iddialı addımlar atır.

Məsələ ondadır ki, Azərbaycan beynəlxalq məkanda müstəmləkəçilik fəaliyyətinə qarşı qlobal müqavimət hərəkatının əsas aparıcı lideri rolunda çıxış etməyə başlayıb. Xüsusilə də, rəsmi Bakı son vaxtlar Fransa və Hollandiyanın müstəmləkəçilik siyasətinə ardıcıl və sarsıdıcı zərbələr endirməkdə davam edir. Üstəlik, Azərbaycan bu istiqamətdə fəaliyyətini genişləndirməkdə də israrlı və qətiyyətli davranır. Və bu baxımdan, beynəlxalq müstəmləkəçilik mərkəzlərinin, xüsusilə də, ermənipərəst Fransa-Hollandiya cütlüyünün Azərbaycanı hədəfə almağa çalışması qətiyyən gözlənilməz deyil.

Halbuki, Azərbaycanın Fransa və Hollandiyanın daha hegemon olduğu Avropa məkanında strateji tərəfdaşları da mövcuddur. Avropa Birliyinə üzv olan on önəmli dövlətlə Azərbaycan arasında stratejı münasibətlərlə bağlı hüquqi sənədlər qüvvədədir. Rəsmi Bakı bu ölkələr ilə iqtisadi-ticari əməkdaşlığı genişləndirməkdə davam etdirir. Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsi üzrə ən etibarlı strateji tərəfdaşı olması da rəsmi Bakının beynəlxalq məkanda siyasi iradəsini ön plana çıxarır. Və bütün bunlar Azərbaycanın dünya səviyyəsində siyasi manevr imkanlarını gücləndirir.

Maraqlıdır ki, son vaxtlar Avropa Birliyi ölkələri növbəti dəfə Azərbaycana möhtac duruma düşməyə başlayıblar. Belə ki, Ukrayna savaşının davam etməsinə baxmayaraq, Rusiya enerji resurslarının Qərbə nəqli ilə bağlı elə bir ciddi problem yaranmamışdı. Hər halda, ABŞ və Qərbin çoxsaylı sanksiyaları olsa da, Avropa Birliyi ölkələri məhz Ukrayna üzərindən Rusiya enerji resurslarının idxalını davam etdirirdilər. Və bu, Qərbin Rusiyaya qarşı sanksiyalara Avropa Birliyinin tam riayət etməməsi anlamı da daşıyır.

Ancaq bu istiqamətdə artıq ciddi problemlər də yaranmağa başlayıb. Belə ki, Rusiya enerji resurslarının Ukrayna üzərindən Avropaya nəqli ilə bağlı rəsmi Kiyev və Kreml arasında qüvvədə olan müqavilənin müddəti bu ilin sonunda yekunlaşacaq. Yəni, növbəti ilin əvvəlindən etibarən Avropa ölkələri Ukraynadan keçən boru kəməri ilə Rusiyadan təbii qaz idxal edə bilməyəcəklər. Və bu, hazırda Avropa məkanında olduqca ciddi narahatlıq yaratmağa başlayıb.

Son məlumatlara görə, Azərbaycan bu məsələnin həllində ən etibarlı vasitəçi ölkəyə çevrilmək üzrədir. Belə ki, rəsmi Bakı Ukrayna və Rusiya arasında təbii qazın tranziti üzrə müqavilənin uzadılması məqsədilə aparılan danışıqlar prosesinə vasitəçilik etməyə başlayıb. Yəni, indi Avropa ölkələrinin Ukrayna üzərindən Rusiya təbii qazını ala bilib-bilməyəcəyi böyük ölçüdə Bakı platformasında aparılan danışıqların yekun nəticələrindən birbaşa asılıdır. Və bu, Azərbaycanın Avropa məkanında siyasi-iqtisadi iradəsini əhəmiyyətli dərəcədə gücləndirən strateji faktor sayılır.

Məsələ ondadır ki, rəsmi Bakıya bu danışıqlarda vasitəçilik etməsi üçün Rusiya, Ukrayna və Avropa qurumları müraciət ediblər. Ona görə də, Azərbaycan artıq bir neçə aydır ki, bu önəmli problemin pozitiv həllinə nail olmaq məqsədilə Rusiya və Ukrayna siyasi dairələri arasında təmaslar qurub. Böyük ehtimalla bundan məmnun olmayan bəzi beynəlxalq dairələr də olmamış deyil. Daha çox ermənipərəst mövqedən çıxış edən həmin beynəlxalq dairələr bir müddət öncə Azərbaycan və Ukrayna arasındakı münasibətləri korlamaq məqsədilə müəyyən pozuculuq cəhdləri göstərdilər. Və hazırda mövcud olan situasiya həmin cəhdlərin hələlik uğursuz olduğunu təsdiqləyir.

Hər halda, Prezident İlham Əliyevin son açıqlamaları onu göstərir ki, rəsmi Bakı Ukrayna və Rusiya arasında yalnız enerji resurslarının tranziti üzrə vasitəçilik ilə kifayətlənmir. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqların təşkilində də iştirak edə biləcəyini vurğulayıb.

Azərbaycan lideri rəsmi Bakının həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı etimada bağlı pozitiv münasibətlərə malik olduğuna diqqəti çəkib: "Biz hesab edirik ki, Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı münasibətləri mövcuddur. Biz bütün ölkələrin, o cümlədən də, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Eyni zamanda, biz Rusiyaya qarşı sanksiya kampaniyasının tərkib hissəsi deyilik və olmayacağıq".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə praqmatik münasibətlərə malik olduğundan bu iki ölkə arasında sülh danışıqları prosesində də pozitiv rol oynaya bilər. Azərbaycan lideri eyham vurub ki, bir çoxlarının bu prosesdə iştirak etmək istədikləri barədə məlumatlıdır. Ancaq Azərbaycanın iştirakına ehtiyac duyularsa, rəsmi Bakı bu prosesə vasitəçilik edərək, iki ölkənin sülh danışıqlarında uğur qazanmasına dəstək olmağa hazırdır. Və bu, rəsmi Bakının Azərbaycanın artan beynəlxalq nüfuzuna bağlı geopolitik iddialarının genişləndiyini də göstərir.

Göründüyü kimi, Azərbaycan artıq yalnız regional deyil, həm də beynəlxalq məkanda geopolitik iradə sahibinə çevrilməyə başlayıb. Rəsmi Bakı hazırda Rusiya və Ukrayna arasında enerji anlaşmasının uzadılması üzrə danışıqlara vasitəçilik edir. Yaxın vaxtlarda Azərbaycanın Rusiya və Ukrayna arasında sülh danışıqlarına ən uyğun platforma olma ehtimalı da mövcuddur. Və bu baxımdan, Azərbaycan dünyanın aparıcı ölkələri sırasında ön plana çıxmaq şansını ciddi şəkildə artırması ilə diqqəti çəkir.(Yeni Müsavat)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR