“Ermənilər müharibəni başlamaq istəyirlərsə, başlasınlar” - azərbaycanlı general

4-04-2019, 10:05 487 dəfə baxılıb

“Ermənilər müharibəni başlamaq istəyirlərsə, başlasınlar” - azərbaycanlı general



Ermənistan rəhbərliyinin təxribatlarına müxalifətdə olan Serj Sərkisyanın partiyası da qoşuldu; işğalçı ölkənin emissarları Qarabağa gəldi; rəsmi Bakı növbəti dəfə düşməni xəbərdar etdi
Ermənistan rəhbərliyi son davranışları ilə Qarabağ məsələsinin sülh yolu ilə həllindən imtinalarını növbəti dəfə təsdiqləmiş oldu. Ermənistan prezidenti Armen Sərkisyanın Dağlıq Qarabağa iki günlük qanunsuz səfəri və 2016-cı ilin aprelində sarsıdıcı zərbələr almış Talış istiqamətindəki mövqelərə gələrək bu ərazilərin “ermənilərə məxsusluğu”nu iddia etməsi növbəti təxribat oldu.

Təbii ki, bununla Ermənistan prezidenti erməni ordusuna və buradakı azsaylı mülki əhaliyə aprel ağrı-acılarını unutdurmağa hesablanmış hərəkət edib. Amma istənilən halda, bu, müharibəyə təhrik addımı və sülh danışıqlarını pozmaqdır. Bundan əvvəl isə Ermənistanın müdafiə naziri David Tonoyan Amerikadakı erməni icması ilə görüşündə müharibə bəyanatı ilə çıxış etmiş, Azərbaycanı yeni ərazi işğalı ilə hədələmişdi.

Əslində bu bəyanatı ilə Tonoyan Ermənistanın baş naziri Nikol Paşinyanı aşağılamış olmuşdu. Hər halda, ən azı etik qaydalar tələb edirdi ki, N.Paşinyan Vyanada Qarabağ danışıqlarını apardığı saatlarda erməni nazir sussun və danışıqların nəticələrini gözləsin. Lakin sonradan belə aydın oldu ki, elə Tonoyan Paşinyanın “ürəyindən xəbər verən” mövqe sərgiləyib.

Ermənistan baş nazirinin dedikləri də bunu təsdiqləyir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi davam etdirilməlidir, lakin hələlik problem həll olunmayıbsa, bir dövlət və xalq kimi vəziyyətin istənilən inkişafına hazır olmalıyıq” - Paşinyan deyib. O, həmçinin vurğulayıb ki, müdafiə naziri David Tonoyanın Nyu-Yorkda “yeni müharibə” haqqında səsləndirdiyi bəyanat danışıqlar prosesinə kölgə salmır: “Əgər Tonoyan başqa bir şey desə idi, mən onu müdafiə naziri postundan istefaya göndərərdim”.

Tonoyanın bu bəyanatının onunla razılaşdırılıb-razılaşdırılmaması sualına cavab verən Paşinyan xatırladıb ki, müdafiə naziri birbaşa olaraq baş nazirin tabeliyindədir. O, həmçinin bundan sonra Ermənistanın hücum qoşun bölmələrinin sayını artıracaqlarını da bildirib. Beləliklə, həm Ermənistan prezidenti, həm baş naziri, həm də müdafiə naziri eyni mövqedən çıxış edirlər və danışıqların mənası qalmır. Lakin qəribəsi budur ki, danışıqlar üçün vasitəçilik edən dairələr, həmsədr ölkələr sanki Ermənistan rəhbərliyinin təxribatçı davranışlarını görmür. Onların məsələyə tam reaksiyasız qalması nonsensdir.

Beynəlxalq aləmdən təpki görməyən Ermənistandakı digər dairələr də həyasızcasına Azərbaycan ərazisində öz əməllərini davam etdirirlər. Aprelin 2-də Ermənistanın Respublikaçılar Partiyasının nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə gəliblər. Virtualaz.org bildirir ki, məlumatı Qarabağ separatçıları yayıblar. Məlumata görə, nümayəndə heyəti Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Qarabağa gələn nümayəndə heyətinə partiyanın mətbuat katibi Eduard Şarmazanov rəhbərlik edib.

Rəsmi Bakı Ermənistanın həyasız davranışlarına reaksiya verib. “Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin ”yeni ərazilər tutmaq üçün yeni müharibə" formulunu təqdim etməsi tamamilə qəbuledilməzdir. Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda səslənib. Bəyanatda deyilir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini ciddi sual altında qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında Ermənistan rəhbərliyinin təxribatçı addımlarının gözlənilən olduğunu vurğuladı. O, D.Tonoyanın məlum bəyanatı Vyanada, Azərbaycan və Ermənistan liderləri görüşən zaman səsləndirməsini təsadüf saymadı: “Bu da bir siqnaldır ki, ermənilər, hər halda, vəziyyəti belə görürlər. Bununla erməni nazir həm də Ermənistanın işğalçı siyasətini təsdiq etdi və hətta üstəlik, Azərbaycanı hədələdi. Bu, çox maraqlı bir şeydir. Tonoyan açıq şəkildə bunu demək istəyir ki, biz torpaqları işğal etmişik və lazım olsa, əlavə əraziləri də işğal edəcəyik. Bir daha xüsusi vurğulayıram ki, bunu qondarma rejimin təmsilçiləri yox, Ermənistanın müdafiə naziri bəyan edib. Bu baxımdan çox simvolik bəyanatdır”.

D.Tonoyanın bu cür özünə arxayınçılığı təlqin edən bəyanatından bəhs edərkən Zülfüqarov xatırlatdı ki, o, aprel döyüşləri zamanı müdafiə nazirinin müavini olub: “Ermənistan Müdafiə Nazirliyinin bir çox rəhbər şəxsləri yol verdikləri səhvlərə görə vəzifələrindən azad edilib. Amma indi Tonoyan Azərbaycana hədə-qorxu gəlir. Bu iki cəhəti nəzərə aldıqda görürük ki, səslənən bəyanatda ilk növbədə Ermənistanın daxili siyasi mühitindəki çəkişmələr özünü büruzə verir. Paşinyan qruplaşması bu təbliğat üsullarından hər yerdə istifadə edirlər ki, özlərini ”Qarabağ klanı"na “daha vətənpərvər, milləti sevən” kimi göstərsinlər".

Erməni nazirin təhdid bəyanatını məhz ABŞ-da verməsinin səbəblərinə gəldikdə, T.Zülfüqarov bunu da səbəbsiz saymır: “Paşinyanın diasporla əlaqələri heç də xoşagələn deyil. Məsələn, Rusiyadakı erməni diasporu heç Paşinyanı qəbul etmir. ABŞ-dakı diasporla Ermənistan rəhbərliyi arasındakı gərginlik isə hələ Robert Köçəryanın prezidentliyinin son illərindən başlayıb. Erməni diasporu gördü ki, etdikləri yardımlar oğurlanır. Bu səbəbdən Ermənistan rəhbərliyinə etibar etmirlər. Odur ki, yardımlar da kifayət qədər azalıb. Tonoyanın bu bəyanatı səsləndirməkdə məqsədi ondan ibarətdir ki, ABŞ-dakı diasporu Paşinyanın komandasına yaxınlaşdırsın”.

Ermənistan rəhbərliyinin davranışlarına rəsmi Bakının hansı mövqe sərgiləməli olduğuna gəldikdə, eks-nazir xatırlatdı ki, N.Paşinyan özü də öz maraqlarına uyğun olmayan sərt bəyanatlar verib: “İndi də onun müdafiə naziri bu ənənəni davam etdirib. Təbii ki, təbliğatda işğalçı ölkə rəhbərliyinin bu bəyanatından istifadə etmək lazımdır. Düzdür, istifadə olunur. Amma bunu daha geniş təbliğ etmək lazımdır ki, bəs onların istəyi, niyyəti bundan ibarətdir. Yəni burada söhbət nə separatizmdən, nə Dağlıq Qarabağa dəstəkdən gedir. Burada sadəcə olaraq, söhbət bir ölkənin digər ölkənin ərazilərini işğal etməsindən və həmin əraziləri anneksiya etməsindən gedir. Yəqin ki, Azərbaycan XİN-in bəyanatı beynəlxalq təşkilatlara da çatdırılıb”.

T.Zülfüqarov düşmənin qəfil hücumunun olmasını da istisna etmir: “Mən bunu istisna etmirəm. Düzdür, hələlik Ermənistan bu və ya digər şəkildə bundan ehtiyat edir. Çünki o, hələ də Moskvanın dəstəyinə tam əmin deyil. Lakin əks baxış da mümkündür. Rusiyanın onları dəstəkləmədiyini büruzə vermək və açıq şəkildə qərbyönümlü siyasəti həyata keçirmək üçün onlar bu təxribata əl ata bilərlər. Baxaq, görək onlar hansı taktikanı seçəcəklər”.

*****



Bu arada Ermənistanın keçmiş iqtidar partiyasının sədr müavini Armen Aşotyan müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni əraziləri uğrunda yeni müharibə haqda bəyanatını dəstəkləyib. (Virtualaz.org) Müdafiə nazirini dəstəkləyən Armen Aşotyan bəyan edib ki, “diplomatiyada aydınlıq nümayiş etdirmək və düşmənə anlatmaq lazımdır ki, Ermənistan tərəfi müharibəyə cəlb edilsə, düşmən yeni itkilər verəcək. Özü də ”İsgəndər"dən istifadə də istisna deyil. Müharibənin nəticəsi yeni ərazilərin “azad edilməsi” ola bilər",- deyə A.Aşotyan iddia edib.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a aşıqlamasında dedi ki, Ermənistan müdafiə nazirinin bu bəyanatı Nyu-Yorkda, erməni diasporunun qarşısında səsləndirməsini unutmaq lazım deyil: “O, diaspordan 2-3 milyon qopartmaq üçün belə sərt bəyanat səsləndirdi. Amma Tonoyan 2-3 milyona ölkəsinin hansı yarasını sağaldacaq? Bu məbləğ normal hərbi təlimlərdə sərf olunan vəsaitdir. Ermənistan ordusu bu gün adi təlimlər keçirə bilmirsə, Tonoyan hansı hücum əməliyyatından danışır”.

General ermənilərin “İsgəndər” iddiasının cavabının artıq verildiyini söylədi: “Biz istəyirik ki, ermənilər müharibəyə başlasınlar. Biz torpaqlarımızı işğaldan azad etmək üçün bəhanə axtarırıq. Elə isə qoy onlar başlasınlar. Görək hansı üstünlüyə nail olacaqlar. Bir dayaq məntəqəsini susdurmaq üçün 400 mərmi lazımdır. Onların neçə günlük sursat ehtiyatı var? Düşmən bunu vertolyotlamı daşıyacaq, yoxsa özlərinin bunu istehsal etməyə zavodlarımı var? Yaxud onların mərmi, ya digər sursat istehsal etmək üçün lazımi komponentləri varmı? Müharibəni başlamaq istəyirlərsə, başlasınlar. Ali Baş Komandan çıxışlarında deyib ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Lakin o halda bizim müharibəni başlamağa bəhanəmiz olacaq. Görək Ermənistan neçə gün dözəcək?”

Hərbi ekspert xatırlatdı ki, 2016-cı ilin aprel döyüşləri zamanı erməniləri iki tabor susdurdu: “Görün onların üzərinə iki hərbi birləşmə getsə, nə olacaqdı? Hər birləşmədə 6-7 bölmə var. Ermənistan üçgünlük döyüşdən sonra bütün komanda heyətini yenilədi. Sadəcə, Ermənistanda vəziyyət ağırdır deyə, onlar daxildə gərginlik yaradıb əhalini susdurmaq istəyirlər. Digər tərəfdən də yeni hakimiyyətə gələn bu qüvvələr ciddi işlərlə məşğul olduqları barədə görüntü yaratmağa çalışırlar. Yəni əhali sakit şəkildə yerində otursun”.

General onu da bildirdi ki, növbəti müharibə lokal xarakter daşımayacaq, bütün cəbhə boyunu əhatə edəcək.

Ermənistan baş nazirinin Vyana danışıqlarından sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaması və Vyana görüşü barədə onu məlumatlandırması da bundan xəbər verir ki, ermənilər diqtə ilə hərəkət edirlər. Düzdür, Paşinyan telefon danışığı ilə bağlı məlumatı redaktə edərək Vyanada aparılmış danışıqlar barədə məlumatlandırması barədə cümləni çıxarıb. Lakin bu, heç nəyi dəyişmir. Ermənistan öz “ağa”sının iradəsindən kənara çıxa bilməz, fərqi yoxdur, ölkə rəhbərliyində kimdir. Çox güman ki, Azərbaycana təhdid mesajlarının da arxasında xarici iradə dayanır...

Elşad Paşasoy,
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR