"İşğalçı ölkə Qarabağdan diqqətləri yayındıraraq Naxçıvan istiqamətinə yönəltməyə çalışır"

19-10-2018, 09:25 414 dəfə baxılıb

"İşğalçı ölkə Qarabağdan diqqətləri yayındıraraq Naxçıvan istiqamətinə yönəltməyə çalışır"


Dağlıq Qarabağ münaqişəsinin həllini hakimiyyəti əldə saxlamaq üçün manipuliyasiyaya çevirən Ermənistan rəhbərləri bundan yararlanmağa çalışırlar. Əvvəlki sələflərindən o qədər də fərqlənməyən baş nazir Nikol Paşinyan da bu yolu tutub. Ermənistan elitasında Azərbaycanın artan təzyiqindən qurtarmaq, öz xalqını isə daim müharibə qorxusu altında saxlamaq artıq ənənəyə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədəki ayaq üstü qısa söhbətindən sonra qoşunların təmas xəttində gərginlik xeyli azalıb. Cəbhədə atəş səslərində seyrəklik hiss olunur. Lakin ermənilərə güvənmək olmaz. Ermənilər Dağlıq Qarabağ məsələsində çətinliyə düşən kimi digər bölgələrdə süni gərginlik yaradırlar. Ona görə də Azərbaycan Ordusu ön cəbhədə hər zaman ayıq-sayılığı qoruyub saxlayır.

Bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan və erməni hərbi birləşmələrinin baş qərargah rəisi Artak Davtyan Naxçıvanla sərhəddə erməni əsgərlərinin vəziyyətini təftiş ediblər.

Ermənistanın yaydığı rəsmi məlumatda deyilir ki, müdafiə naziri Naxçıvanla sərhəddə atəşkəs rejiminə necə əməl edildiyini yoxlamaq məqsədi ilə bura baş çəkib. Həmçinin qeyd olunur ki, Tonoyanın Naxçıvanla sərhədə gəlişi Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın Düşənbədə atəşkəsin qorunması ilə bağlı razılaşmasına əməl etmək tapşırığını vermək məqsədi daşıyır.
Cəbhədəki vəziyyət, erməni hərbi birləşmələrinin atəşkəsə qismən riayət etməsi bu versiyanı təsdiq edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı tərəf bugünə olan məlumata əsasən atəşkəsi cəmi 29 dəfə pozub. Demək olar ki, son bir neçə həfət ərzində düşmən tərəfindən atəşkəs pozuntusu 20-30 dəfə aralığında dəyişir. Bu, əvvəlki dövrlərlə müqayisədə olduqca azdır.

Lakin David Tonoyanın məhz Naxçıvan istiqamətinə gəlişi bu ilin 20 may tarixində erməni hərbi birləşmələrinin təxribat hücumunu yada salır və şübhələrə yol açır.

Həmin vaxt da general David Tonoyan və xarici işlər naziri Zöhrab Mnastakanyan Naxçıvanla sərhəddəki hərbi hissələrə baş çəkdilər və bunun ardınca erməni silahlı birləşmələri təxribat törətdilər. Aydın görünürdü ki, Ermənistan hücumun istiqamətini dəyişdirirərək, diqqəti Qarabağdan yayındırmaq istəyir. Digər tərəfdən, Naxçıvan iddialarının yenidən gündəmə gəlməsi də bu səfərlərin təsadüfi olmadığını deməyə əsas verir. Mümkündür ki, David Tonoyanın Naxçıvanla sərhədə səfəri işğalçı ölkənin yeni təxribatçı planının bir hissəsidir. Bununla da işğalçı ölkə Qarabağdan diqqətləri yayındıraraq Naxcıvan istiqamətinə yönəltməyə çalışır. Ancaq ermənilər təxribat törətməyə çalışsalar Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələrinə məruz qalacaqlar.

Analitik Ehtiram Aşırlı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR