"Dövlət şərait quracaq, biz də gedib yaşayacağıq" - Manaf Ağayev belə deyir...

17-02-2021, 08:53 293 dəfə baxılıb

Azərbaycan və Ermənistan arasında yaşanan 44 günlük müharibə ölkəmizin qələbəsi ilə bitdi. Artıq düşmən tapdağından azad edilmiş torpaqlarımızda yenidən qurma işləri başlayıb, insanların tez bir zamanda öz yurd-yuvalarına böyük köçü gözlənilir. Bizim üçün isə maraqlıdır ki, sənət adamlarının azad olunmuş torpaqlardakı dədə-baba yurdunda ev tikmək, yaşamaq xəyalı varmı? Bunun üçün dövlətdən yardım umurlar, yoxsa, öz güclərinə bu xəyalı gerçəkləşdirmək istəyirlər?

Musavat.com mövzu ilə bağlı əslən qarabağlı olan müğənnilər arasında sorğu keçirib.

Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov bildirib ki, Qarabağda həyata keçiriləcək mədəniyyət layihələrində canla-başla iştirak edəcək:

"Mənim kəndim düşmən tapdağında deyildi. Hər iki aydan bir ata-baba yurduma baş çəkirdim. Amma bütün bunlara baxmayaraq mənim əhdim vardı ki, Ağdamda məsciddə azan oxuyum, şəhərin mərkəzində konsert verim. Mən arzuma çatdım. Mədəniyyət xadimi kimi deyə bilərəm ki, orada mədəniyyətimizlə bağlı layihələr keçiriləcək. Muğam mərkəzləri tikiləcək, muğam müsabiqələri keçiriləcək. Mən muğam ifaçısı kimi bu layihələrin həyata keçirilməsində qarabağlı kimi əlimdən gələni edəcəm.

Mən qaçqın kimi gəlməmişəm Bakıya. Ola bilər ki, işimlə bağlı Bakıda qalım. Amma Ağdama tez -tez gedirdim, orada tədbirlər keçirirdik. Hər zaman, enerjim bitən kimi Ağdama gedirəm. Nəinki qarabağlılar bütün azərbaycanlıların arzusudur ki, Qarabağımızı qarış-qarış gəzsin. Artıq heç kim xaricə istirahətə getməyəcək. Hər kəs Qarabağa gələcək”.

Əslən Füzulidən olan müğənni Manaf Ağayev işi ilə bağlı özü yaşaya bilməsə də, nəslinin Füzuliyə köçəcəyini deyib:
"Mən sənət adamıyam, Bakıda da, Füzulidə də, xarici ölkələrdə də yaşaya bilərəm. İşlə bağlı davamlı harasa gedirik. Amma demək düz deyil ki, Qarabağ camaatı öz torpağına getmək istəmir, bu yanlışdır. Alınan torpaqlarımızda hər bir şərait yaradacaqlar. Dövlətimiz yenidən yaşayışımızı quracaq. Çünki insanlar yenidən özünə ev-eşik qura bilməz. Dövlət şərait quracaq, biz də gedib yaşayacağıq. Ən azından insanlar maldan, toyuqdan saxlayıb, dolanacaq. Burda qalıb nə edəcəklər? Hamı da elinə-obasına qayıdacaq. Şəxsən mənim bütün nəslim Füzuliyə köçəcək”.

Əslən Şuşadan olan, doğulduğu torpağın adını özünə təxəllüs götürən müğənni Xuraman Şuşalı övladlarını Şuşada böyütmək istədiyini deyib:

"Mən illərdir ki, torpaqlarımızın alınması üçün Allaha dua edirdim. Şuşanın azad olunması xəbərini eşidəndə ağladım, sonra övladlarımı qucaqladım, yenə ağladım. Kaş, atam və anam da bu günləri görərdi. O günü biz gördük, övladlarımız gördü. Şuşaya gedəcəyim günü səbirsizliklə gözləyirəm. Həyat yoldaşıma da demişəm ki, Şuşada iş taparsan. Mən orada yaşamaq, uşaqlarımı Şuşada böyütmək istəyirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR