Eltun Süleymanov: “Azərbaycan region ölkələrinə və xalqlarına erməni faşizmindən qurtuluş gətirdi”

15-10-2022, 10:55 85 dəfə baxılıb

Eltun Süleymanov: “Azərbaycan region ölkələrinə və xalqlarına erməni faşizmindən qurtuluş gətirdi”


“Azərbaycan beynəlxalq təşkilatlar və bəzi dünya liderliyinə iddialı olan ölkələr tərəfindən hələ də yürüdülən ikili standartlar siyasətinə qarşı prinsipial çıxışlarını davam etdirir. Torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı və həmin dövr ərzində aparıcı dünya dövlətlərinin üzv olduqları qurumların Azərbaycanı işğal faktı ilə barışdırmağa yönəlmiş cəhdləri ölkəmizin bu ədalətsizlikdən kifayət qədər əziyyət çəkdiyini sübut edən faktlardır. Lakin Azərbaycan bütün bunlara baxmayaraq özü beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyə nail oldu. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 13-də Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışında bir daha İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Qələbəmizin əhəmiyyətini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, bu Qələbə nəticəsində Azərbaycan iki il əvvəl öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz işğal dövründə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlər və vandalizm əməlləri barədə AQEM-ə üzv ölkələrin ətrafl məlumatlandırılmasının əhəmiyyətini qeyd edərək bunları deyib: “Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib. Son günlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Bu faktlar hələ Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş hesab olunan 3900-ə yaxın Azərbaycan vətəndaşının aqibəti barədə ən dəhşətli ehtimalların əslində reallıqdan heç də uzaq olmadığını deməyə əsas verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Ermənistan isə hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır. Bütün bu cinayətlər barədə AQEM-ə üzv ölkələrin dövlət başçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdiyini bildirib.”

Daha sonra E.Süleymanov Ermənistanın ölkəmizə qarşı hərbi cinayətlərinin davam etməsinə baxmayaraq Azərbaycanın yenə də sülh çağırışları ilə çıxış etməsi faktının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bütün bunlar bir daha göstırir ki, rəsmi İrəvan ölkəmizə qarşı yürütdüyü terror siyasətinə hələ də son qoymayıb. Bu cinayətlərdən sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan isə yenə də sülh çağırışlarına davam edərək Ermənistanı ədalətli sülh müaviləsi bağlamağa dəvət edir”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR