Yüz minlərlə işçi üçün yeni dövr – Ərdoğan maaş və məzuniyyət qaydalarını dəyişdi

Bu gün, 10:42 13 dəfə baxılıb

Yüz minlərlə işçi üçün yeni dövr – Ərdoğan maaş və məzuniyyət qaydalarını dəyişdi


Türkiyədə dövlət müəssisələrində müqavilə əsasında çalışan yüz minlərlə əməkdaşın maaş ödənişləri, xəstəlik məzuniyyəti, intizam məsuliyyəti və işə qəbul qaydaları ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı 11982 nömrəli qərar noyabrın 14-də Türkiyənin rəsmi qəzetində dərc olunub. Qərarla dövlət sektorunda müqaviləli işçilərin fəaliyyətini tənzimləyən 1978-ci il qaydalarına dəyişiklik edilib.

Yeni qərara əsasən, müqaviləli əməkdaşların maaşları hər ayın əvvəlində əvvəlcədən ödəniləcək. İşçi ay başa çatmamış vəzifəsindən ayrılarsa, işləmədiyi günlərə görə aldığı məbləğ geri tutulacaq. Lakin dövlət qulluqçusu vəzifəsinə təyin edilənlərə, qanunla pensiya təyin olunanlara və vəfat edən əməkdaşlara bu tələb tətbiq edilməyəcək.

Xəstəlik və ailə üzvlərinə qulluqla bağlı məzuniyyət qaydaları da dəyişdirilib. Türkiyənin 657 saylı Dövlət Qulluqçuları Qanununun 105-ci maddəsinin dördüncü və beşinci bəndləri istisna olmaqla, digər müvafiq müddəalar müqaviləli işçilərə də tətbiq ediləcək.

Sosial Müdafiə Qurumu tərəfindən xəstəlik dövründə ödənilən müvəqqəti əmək qabiliyyətsizliyə görə müavinət işçinin əməkhaqqından çıxılacaq. Maksimum xəstəlik məzuniyyəti müddəti başa çatdıqdan sonra işə qayıtmamaq əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılacaq.

Yeni qaydalar intizam cəzalarını da əhatə edir. Müqaviləli işçilərə dövlət qulluqçuları üçün nəzərdə tutulan intizam normaları tətbiq olunacaq. İntizam pozuntularına görə əməkhaqqından tutulan məbləğ işçinin vəzifəsinə görə aldığı bütün ödənişlərin 1/30 hissəsindən 1/8 hissəsinə qədər müəyyən ediləcək.

Daha ciddi intizam pozuntuları zamanı müvafiq intizam şurasının qərarı və səlahiyyətli rəhbərin təsdiqi ilə əməkdaşın işinə xitam verilə biləcək.

İşə başlama müddətləri də yenilənib. Eyni ərazidə vəzifəyə təyin edilən əməkdaşlar rəsmi bildirişdən sonrakı ilk iş günündə fəaliyyətə başlamalıdırlar. Başqa əraziyə təyin olunanlar isə bildiriş tarixindən hesablanan 15 günlük müddətin bitməsindən sonrakı ilk iş günündə vəzifələrinin icrasına başlamalıdırlar.

Bundan başqa, müqaviləli əməkdaşlar üçün ilkin hazırlıq, peşə təlimi, təcrübə və xidmətdaxili təhsil qaydaları müəyyənləşdirilib. Bu mərhələləri uğurla tamamlayan şəxslər sonradan dövlət qulluqçusu vəzifəsinə keçdikdə eyni təlimləri təkrar keçməyəcəklər.

Qərarda dövlət qulluqçusu vəzifəsinə keçirilən əməkdaşların əvvəlki müqaviləli ştatlarının avtomatik ləğv edilməsi də nəzərdə tutulub.

Yeni təlim qaydaları qərar qüvvəyə minməzdən əvvəl işə qəbul edilmiş əməkdaşlara şamil olunmayacaq. Həmçinin maksimum xəstəlik məzuniyyəti müddəti hesablanarkən noyabrın 14-dən əvvəl istifadə edilmiş xəstəlik məzuniyyətləri nəzərə alınmayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR