BİR ÇIXIŞI İLƏ XALQIN VƏ SOROSUN QƏLBİNİ FƏTH EDİB, HAKİMİYYƏTƏ GƏLƏN ORBAN

8-01-2019, 12:19 326 dəfə baxılıb

BİR ÇIXIŞI İLƏ XALQIN VƏ SOROSUN QƏLBİNİ FƏTH EDİB, HAKİMİYYƏTƏ GƏLƏN ORBAN


News.ru,(Rusiya)



Macarıstanın baş naziri Viktor Orban 1963-cü ildə Sekeşfexervar şəhərində zəngin ailədə anadan olub. Atası Qyozo aqronom olsa da, sonradan Viktorun iki qardaşı ilə birgə bizneslə məşğul olmağa başlamışdı. Anası Erjebet şəhər məktəbində müəllim-loqoped işləyirdi.

Viktorun uşaqlıq illəri şəhərdən kənarda – baytar olan babası ilə birlikdə Alşutdoboz kəndində keçib. Orta məktəbi kənddə oxusa da, attestatı Sekeşfexervardakı gimnaziyada alıb.

Yeniyetmə yaşlarından siyasətə həvəs göstərən Viktor Orban məktəbdə Macarıstan Kommunist Gənclər Birliyinin üzvü idi. Lakin çox keçmədən onun fikirlərində radikal dəyişiklik olur. Sonralar özü danışır ki, gənclik illərində kommunist ideallarına inansa da, hərbi xidmətdən sonra antikommunist və demokratiyanın Qərb modelinin tərəfdarı olub.



Viktor Orban 1982-ci ildə ölkəsinin ən yaxşı ali məktəblərindən olan Budapeşt Universitetinin hüquq fakültəsinə daxil olur. Tələbəlik illərində yoldaşları ilə birgə tirajı çox da böyük olmayan elmi jurnalın nəşrinə başlayır.

Universiteti başa vurandan sonra iki il Kənd Təsərrüfatı Nazirliyinin kadrların hazırlanması institutunda sosioloq kimi çalışır. Orada “Fides” (Gənc Demokratların Alyansı) partiyasının qurucusu Laslo Kyoverlə dostluq etməyə başlayır. Kyover həmin vaxt bir qrup radikal mövqeli gəncə rəhbərlik edirdi. Orban gələcəkdə məhz “Fides” partiyası ilə birgə hökumətin başına gəlir.

Bir siyasətçi kimi Viktor Orbanın ulduzu 1989-cu ilin 16 iyununda parladı. O, Budapeştin “Qəhrəmanlar” meydanında alovlu çıxış edərək ölkədə azad seçkilərin keçirilməsini və 70 minlik kontingentə sahib sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb edir.



Bu çıxış gələcək baş naziri bir andaca məşhurlaşdırır. Və çox keçmədən Orban amerikalı milyarder Corc Sorosun fondundan Oksford Universitetində politologiya oxumaq üçün təqaüd alır. Soros Fondunun ABŞ-dakı təcrübə proqramının rəhbəri isə tanınmış filosof Zbignev Pelçinski idi.

Orban Birləşmiş Ştatlarda cəmi bir neçə ay qalır. Ölkəsindəki siyasi proseslər onu vətənə dönməyə vadar edir. Orban Macarıstandakı ilk demokratik seçkilərdə iştirak etmək və deputat seçilmək üçün geri qayıdır.

Eyni zamanda 1990-cı ildə “Fides” partiyasının rəhbərliynə keçir. Partiyanı liberal-demokratdan sağ-radikal baxışlı quruma çevirmək üçün bir neçə il sərf etməli olur. Nəhayət 1998-ci ildə “Fides”i hakimiyyətə gətirə bilir. Həmin vaxt Viktor Orbanın 35 yaşı vardı və o, Macarıstanın tarixindəki ən gənc baş nazir olmuşdu. Daha sonra “Fides” seçkidə məğlub olur, 2010-cu ildə isə yenidən hakimiyyətə gəlir.



Orban 23 yaşında öz həmyaşıdı Aniko Levai ilə evlənib. Baş nazirin xanımı tez-tez müxtəlif xeyriyyə tədbirlərində iştirak edir. Cütlük fərqli dini baxışlara sahibdir. Viktor Orban mühafizəkar protestant ailəsində göz açıb, xanımı isə özünü katolik sayır.

Baş nazirin 5 övladı var və onlar katolik inancı ilə tərbiyə alıblar. 1989-cu ildə dünyaya gələn Reyçel əvvəlcə Budapeşt Universitetini, ardından da ABŞ-ın Boston, İtaliyanın Siena, Fransanın Sorbon universitetlərini başa vurub. İş adamı ilə ailə quran Reyçelin bu nikahdan iki övladı var.

Baş nazir qızı Saradan da bir nəvəyə sahibdir. Bundan başqa, Orban ailəsinin Qaspar adlı oğlu, Roosa və Flora adlı qızları var. Qaspar əvvəllər Macarıstanın futbol üzrə milli komandasında oynayırdı.



Yerli mətbuatın yazığına görə, Viktor Orban ailəsi ilə vaxt keçirməyi çox sevir. Və nəvələri ilə böyük həvəslə oynayır.

Mətbuat baş nazirin, ailə üzvlərinin maddi durumunu yaxşılaşdırmaq üçün böyük səylər göstərməsindən də yazır. Belə ki, hakimiyyətdə olduğu illərdə Orbanın oğlu və kürəkəni tikinti üzrə dövlət tenderlərinin qalibi olub.

Ümumi dəyəri 8 milyard dollar olan bu tenderlər həmin dövr üzrə dövlət sifarişlərinin 10 faizini təşkil edib.

Mətbuat qeyd edir ki, bütün müqavilələr qanuna uyğun şəkildə imzalandığı üçün Orbana qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını yönəltmək mümkün olmayıb.



Macarıstan hökumətinin başçısı uşaq yaşlarından futbola böyük maraq göstərib. Gənckən ölkənin böyük klublarından olan “Felçut”da oynayıb.

Siyasi fəaliyyətlə məşğul olanda belə, futbolu və məşqlərə getməyi unutmayan Orban sonuncu dəfə peşəkar futbolçu kimi meydana 42 yaşında çıxıb. Sonrakı illərdə də futbola marağı azalmayan Orban gənclər üçün futbol məktəbi qurur və onun sponsoru olur.

Orban ictimaiyyət qarşısındakı çıxışlarına xüsusi hazırlaşır. Natiqlik qabiliyyətinə malik baş nazirin çıxışları lakonik və sadə olur. Onun bəzi çıxışları ayrıca broşüra və kitab şəklində dərc olunub.

Tərcümə Strateq.az-ındır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR