“Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?..”

20-04-2019, 00:00 362 dəfə baxılıb

“Azərbaycan(!) qızının  gecə klubunda nə iti azıb ki?..”

Sübh tezdən Bakıdakı gecə klublarından birində bir qızın döyülməsi xəbərini oxuyan kimi ağlıma gələn ilk fikir bu oldu: “Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki, kimlərsə də onu döyə?..” Amma qızın orada müştəri yox, işçi olduğunu biləndə düşündüm ki, bəlkə o, heç kefindən yox, məcburiyyətdən belə bir məkanda işləyir...

***

Bütün hallarda Azərbaycan(!), müsəlman(!) qızının gecə klubunda işçi və ya müştəri qismində görünməsi əsl Azərbaycan kişisi(!) və qadını(!), ailəsi üçün biabırçılıqdır, başalçaqlığıdır...

***

Adı-soyadı da ki, Cənnət(!) Abbasova(!)... Cənnət xanım, Həzrət Abbas haqqı, Cənnət – gecə klublarında yox, anaların ayağı altındadır(Bilmirik, bu günün, ya gələcəyin anasısan)... Gecə klubları, eyş-işrət məkanları isə Cəhənnəm marşrutlarının vağzalı, hava limanıdır...

***

Sözsüz ki, müasir(?) hüquq baxımından əgər başqa xəta və ya cinayəti olmayıbsa, cəzanı gecə klubunda döyülən xanım yox, onu döyənlər çəkməlidir... Amma dinimiz, hər gün haqqında pafosla danışdığımız, yazdığımız milli-mənəvi(!) dəyərlərimizin güzgüsündən baxanda gecə klubunda işləməyə razılıq vermiş həmin qızın özü də, əgər valideynləri, qardaşı, əri-filanı varsa, onlar da günah daşıyır. Amma böyük cavabdehlik və günahı gecə klubunu işlədənlər, ən böyük günahı isə Bakıda- müsəlman, türk şəhərində saysız-hesabsız gecə klublarının, gizli fahişəxanaların, pritonların, striptiz salonlarının, qumarxanaların açılıb fəaliyyət göstərməsinə, bölgələrdən də iş adı ilə dəvət edilən qızların əxlaqsızlığa cəlb edilməsinə şərait yaradanlar, buna göz yumanlar, eləcə də bunu görüb susan bizlər - cəmiyyət daşıyır... O halda belə bir fikir də yerinə düşür: “Ümumiyyətlə, Bakıda gecə klublarının, qumarxanaların, pritonların nə iti azıb ki, Azərbaycan(!) gənci, qızı da oralarda ya işləyə, ya da günah daşıyan əyləncələrlə məşğul ola?..”

***

Yəqin, “modern”, “demokratik” əqidəli, Avropa, Amerika şüurlu şəxslər, “ziyalılar” da bizdən narazı qalacaq ki, əşşi, siz nə danışırsız, gecə klubları, qumar və alkoqolun yer aldığı əyləncə məkanları azadlıq(?), müasirlik(?) əlamətidir. “Azərbaycan qızının da öz seçimidir, istəyər- gedər gecə klubuna, istəməz - getməz... Heç kəs, hətta ata-anası, qardaşı, əri-filanı da buna qarışa bilməz... Hər hansı bir məkanda hansısa xanımın döyülməsi, sadəcə, cinayət və qadına qarşı zorakılıq halı kimi dəyərləndirilməlidir...”

Onu əlavə edim ki, heç kəsə, qadına da, kişiyə də qarşı zorakılıq hər baxımdan günah, cinayətdir. Amma gərək kişi də, qadın da onu Yaradanın ona bəxş etdiyi kişilik, qadınlıq dəyərlərini mühafizə edə, geyimini-gecimini, yerini-yurdunu bilə...

***

Əfəndilər, bu düşüncələr də bəndənizin Allah qanunlarına, milli-mənəvi dəyərlərimizə uyğun seçimidir. Və əminəm ki, söylədiklərim Yaradanın bütün səmavi Kitablarındakı əmrlərinə və xüsusən, Qurani-Kərimə, Peyğəmbərimizin(!) şəriətinə uyğundur...

Təki Allah bizdən razı olsun!..

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR