Bakıda pulları sağa-sola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar...

21-09-2020, 15:10 161 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin – Aydəm Cəfərov, Xeyrulla Mahmudov, Elsevər Xanlarov, Elnur Həsənli və Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, ötən il yanvarın 18-də paytaxtın Xətai rayonu “Babək körpüsü” yaxınlığında içərisində yetkinlik yaşına çatmayan Nicat Şadıyevin də olduğu “BMW 525” markalı avtomobil “Great Wall Haval” markalı taksi avtomobili tərəfindən qəsdən vurularaq dayandırılıb. Taksidən düşən Aydəm Cəfərov, İsi və Taleh adlı şəxlər (İsi və Taleh, həmçinin dəstə üzvü “Maqa”ləqəbli Anarla bağlı cinayət işi ayrıca icraata ayrılıb-red.) Nicat Şadıyevə hədə-qorxu gəliblər, onu vurublar, 15 min dollar tələb ediblər.

Fevralın 9-da əvvəlcə A.Cəfərov həbs olunub. İki-üç gün sonrasa dəstənin digər üzvləri - Xeyrulla Mahmudov, Elsevər Xanlarov, Elnur Həsənli və Hüseyn Quliyev həbs olunublar. H.Quliyev barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Pullu yeniyetmənin tora salınması üçün qurulan plan
İttihama görə, dəstə üzvlərinə yetkinlik yaşına çatmayan Nicat Şadıyevin maddi imkanın yaxşı olması, yüksək məbləğdə pullar xərcləməsi, dostlarına bahalı hədiyyələr alması məlum olub. Bu barədə məlumatı dəstə üzvü Hüseyn Quliyevdən əldə ediblər. Nicatı oğurlayıb ondan pul almaqla bağlı öz aralarında razılığa gəliblər.
H.Quliyev Nicatın fotoşəklini tanıması üçün Aydəm Cəfərova təqdim edib. Plana uyğun olaraq yolda Nicatın dostu Elvin Məmmədovun idarə etdiyi “BMW 525” markalı avtomobil arxa hissədən taksi ilə qəsdən vurulduqdan sonra onunla “söhbət” aparılıb. Daha doğrusu, Nicatı və dostunu maşından düşürüblər, zorla arxa oturacağa əyləşdiriblər. Yeniyetmələri döyəcəkləri ilə hədələyiblər, pul tələb ediblər. Nicatın üstündə olan 3400 manatı, Elvinin isə 1200 manatını əllərindən alıblar. Amma bu məbləğlə kifayətlənməyiblər. Pulun azlığı onları qane etməyib. Azadlığa buraxılmalarının müqabilində Nicatdan daha 15 min dollar tələb ediblər. Nicatı məcbur ediblər ki, yetkinlik yaşına çatmayan qardaşı Murada zəng vurub həmin məbləği evdən gətirməsini istəsin. Nicat qardaşı ilə danışdıqdan sonra dəstə üzvləri ilə birgə pulu götürmək üçün Keşlə qəsəbəsinə gediblər.
Hər iki tərəfin “dostu” olan Xeyrullanın xeyirsiz əməlləri

Qeyd edək ki, həm Nicata, həm də qardaşı Murada özünü dost kimi tanıdan, əslində isə cinayətkar qrupun üzvü olan Xeyrulla Mahmudov bütün bu proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edib. Elə dəstə üzvlərinə pulu da hər iki tərəfin “dostu” Xeyrulla çatdırıb. Nicat və qardaşının ertəsi gün əlavə olaraq 5 min dollar verəcəklərini vəd etdikdən sonra dəstə üzvləri onları sərbəst buraxıblar.
Təqsirləndirilən Aydəm Cəfərov ifadəsində paytaxtda kirayədə yaşadığını, məhəllə uşaqları Hüseyni, “Maqa” ləqəbli Anarı, Talehi tanıdığını, onlarla münasibəti olduğunu göstərib. Deyib ki, iki il əvvəl – 2018-ci ilin dekabrında Naxçıvanda evlərində olarkən Hüseyn ona zəng vurub, bir nəfər Nicat adlı hakerin başqalarının hesabından pul oğurladığını, çoxlu pulu olduğunu, tanışlarına maşın aldığını deyib.

Təklif edib ki, Bakıya gəlsin, Nicatla görüşüb hər şeyi bildiyini ona desin, polisə verəcəyi ilə qorxuzub ondan pul alsın: “Yeni il bayramından sonra Bakıya gəldim. Məhəllədə Hüseynlə goruşəndə dedi ki, Nicatla qardaşı Murad hakerlik edirlər. Kimlərinsə pullarını dollarla hesabdan çıxarır, istədiyi kimi sağa-sola xərcləyirlər. Sonra Hüseyn məni öz maşını ilə Əhmədli tərəfə, 9 mərtəbəli binanın ikinci mərtəbəsini göstərib Nicatın və qardaşının orada yaşadıqlarını dedi. Həmçinin, Nicatın və qardaşının Xeyrulla adlı yaxın dostları olduğunu da söylədi”.
“Seyfdən 15 min dollar götür, təcili Keşləyə gəl”

A.Cəfərovun ifadəsindən belə məlum olub ki, Hüseynlə birgə Xeyrullanın yaşadığı ünvana gediblər, onunla görüşüb tanış olublar: “Hüseyn məni Xeyrullaya təqdim edəndə dedi ki, Aydəm budur. Söhbət zamanı Xeyrulla da Nicat və qardaşının haker olduqlarını, bankomatlardan pul oğurladıqlarını, çoxlu pulları olduğunu dedi. Xeyrulla Nicatın ertəsi gün dostu Elvinə maşın alacağını da bildirdi. Mən nə Nicatı, nə qardaşını, nə də Elvini görməmişdim, tanımırdım. Hüseyn telefonda Nicatın şəklini mənə göstərdi. Xeyrulla da dedi ki, Nicatı polisə vercəyi ilə hədələsə o qorxacaq, pul verəcək”.
Aralarındakı razılaşmaya əsasən, Xeyrulla Nicatın saat neçədə evdən çıxması, kiminlə hara getməsi barədə Aydəmi məlumatlandırıb. A.Cəfərov daha Nicatı və dostunu oğurladıqları haqda ona məlumat verib. Deyib ki, yeniyetmələrin üstündə olan pulları əllərindən alıblar: “Yolda Taleh soruşdu ki, bu pulları hardan almışınız? Nicat dinməyəndə onun başına sillə ilə vurdu. Elvin dedi ki, nə qədər pul istəyirsiniz verək, çıxıb gedək. İsi də dedi 20 min manat gətirin. Nicat dedi, 20 yox, 15 min verə bilər. Bundan sonra Nicat qardaşına zəng vurdu, 15 min pul götürüb Keşlə qəsəbəsinə gəlməsini istədi”.

Pulu dəstə üzvlərinə Nicatın qardaşı Muradla Xeyrulla çatdırıb. Maşında bağlamanı Aydəmə uzadaraq içində 7200 dollar olduğunu deyib: “İsi pulu sayıb dedi ki, qardaşın pulu az gətirib. Nicat da Murada zəng vurub niyə az pul gətirdiyini soruşdu. Murad dedi ki, evdə cəmi 1000 manat qalıb. Nicat həmin pulu da gətirməyini istədi. Murad sonradan qayıdıb 400 dollar və 300 manat da verib getdi. Nicat pulun qalan hissəsini – 5 mini sabah saat 5-də gətirəcəyinə söz verdi. Biz də razılaşdıq. Maşından düşüb çıxıb getdilər”.
“Seyfdən pul çıxarıb dostlarıma maşın alırdım”
Zərərçəkmiş Nicat Şadıyev ifadəsində atasının əvvəllər neft şirkətində işlədiyini, son beş ildə işdən çıxıb fərdi qaydada ev alqı-satqısı ilə məşğul olduğunu deyib. Nə zaman pul lazım olduqda atasına məxsus seyfdən götürdüyünü deyib: “Qardaşım Murada seyfin qapısını açdırırdım. Dostlarımdan birinə maşın almaq üçün seyfdən 9500 dollar, o biri dostum üçün isə 7500 dollar götürmüşdüm. Mənimlə bir yerdə oxuyan Elvinə də söz vermişdim ki, maşınının təmiri üçün maddi köməklik göstərəcəyəm. Amma sonradan qərara gəldik ki, Elvinə başqa maşın alaq. Yalandan qardaşıma dedim ki, avtoservis üçün qaldırıcı qurğu almaq istəyirəm. Murad da seyfdən 5600 dollar götürüb mənə verdi”.

“Döyülmək istəmirsinizsə, pulları verin”
Hadisə baş verən gün – yanvarın 18-də Nicat Elvinlə görüşüb Babək prospektindəki avtomobil təmiri sexinə gəliblər. Oradan “BMW” markalı avtomaşının sahibi ilə birgə notariusa gediblər, Elvinin adına etibarnamə alıblar. Sükan arxasına keçən Elvin yeni avtomobilə əyləşib və “Babək” körpüsünə çatar-çatmaz arxadan gələn maşın onları vurub: “Üç nəfərə maşından düşüb bizə yaxınlaşdırlar. Elvindən tələb etdilər ki, arxaya keçsin. Yolda dedilər ki, döyülmək istəmirsiniz pulları verin. Maşını Hövsanda boşluq əraziyə sürüb saxladılar. Qabaqda əyləşən şəxs dedi ki, 15 min dollar tapın. Qardaşıma zəng vurub dedim, bizi tutublar, 15 min dollar gətir. Qardaşımla Xeyrulla pulu gətirdilər”.
Yeniyetməyə qurulan növbəti tələ; qəbristanlığa getmək, yoxsa pul verib azad olmaq?
Yeniyetmənin ifadəsinə görə, ertəsi gün 5 min dollar çatdıracaqları şərti ilə onları azadlığa buraxıblar. Yenə də seyfi qardaşına açdırıb və oradan 5 min dollar götürən Nicat dəstə üzvləri ilə qarşılaşmamaq üçün pulu Xeyrullaya verib ki, Aydəm və ortaqlarına çatdırsın. Bundan iki gün sonra Xeyrulla zəng vurub Nicatı “Sultanlar” kafesinə çağırıb: “Xeyrullanın yanında iki nəfər vardı. Adını sonradan bildiyim Elsevər adlı şəxs gəldi, Xeyrullanı hədələməyə başladı. Sonra Xeyrullanı vurdular, məni döydülər. Elsevər boynumdan tutub məni taksiyə otuzdurdu, özü də oturdu. Dedi ki, qəbristanlığa getmək, yoxsa pul verib özünü Xeyrullanı azad etdirmək istəyirsən?”
Yeniyetmə pul verməyə razılaşıb. Bu dəfə isə ondan 25 min dollar tələb olunub. Xeyrullanı da Nicatın olduğu maşına əyləşdiriblər. Maşını Nicatın yaşadığı evin yaxınlığına sürüblər. Nicat seyfdən 25 min dollar götürüb onlara verib. Lakin həmin vaxt dostu Xeyrullanın orada olmadığını görüb. Həmin vaxt Nicata əlavə olaraq 10 min dollar gətirməsi də tapşırılıb. Əks təqdirdə sonunun pis olacağı ilə hədələnib: “Ertəsi gün Elsevər Ukrayna nömrəsi ilə zəng vurub pulun hazır olub-olmadığını soruşdu. Evdən 10 min dollar götürüb Elsevərin yanına gəldim. Pulu ona verdim”.
Nicat ifadəsində seyfdən götürdüyü pulların atasına məxsus olduğunu, heç kimin bankomatdakı hesabından çıxarmadığını deyib.
Onun atası da istintaqa verdiyi ifadədə oğlunun dediklərini təkrarlayıb, pulların evdəki seyfdən götürüldüyünü deyib.
Lakin sual yaranır-necə olub ki, ata evdə seyfdən müntəzəm olaraq iri məbləğlərdə pulların götürülməsindən xəbər tutmayıb? Nicat və qardaşının həqiqətən hakerlik fəaliyyəti olubmu? İstintaqın bu sualları nə dərəcədə araşdırdığı məlum deyil.
Məhkəmə prosesi davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR