Həkim özü-özünü bıçaqlayıb, xəstəsinin oğlu yox...

7-07-2021, 20:12 127 dəfə baxılıb

Həkim özü-özünü bıçaqlayıb, xəstəsinin oğlu yox...Bir neçə gün öncə sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun əlillik dərəcəsi alması üçün arayış vermədiyi pasiyentin oğlu tərəfindən bıçaqlandığı haqda məlumatlar yayılmışdı.

"Qafqazinfo”ya daxil olan məlumata görə, Z.Şamxalov bıçaqlanmayıb, özü-özünə xəsarət yetirib.

Belə ki, şəkər xəstəsi olan Rəfael Əzimov bir müddət öncə Zöhrab Şamxalova müraciət edərək onun mədə və bağırsaqlarında yarandığı problemlə bağlı müalicə etməsini istəyib. Müalicədən bir neçə gün sonra R. Əzimov qəbul etdiyi dərmanlardan zəhərləndiyini iddia edib və buna görə iyulun 2-də həkim Şamxalovun qəbuluna gələrək ona öz iradını çatdırıb. Məlumata görə, həmin zaman həkim pasiyentin ona verdiyi 50 manatı özünə qaytararaq getməsini istəyib. Lakin bundan sonra tərəflər arasında mübahisə daha da gərginləşib.

R.Əzimovun qızı "Qafqazinfo”ya müraciətində iddia edib ki, öncə həkim onun atasına şillə vurub, daha sonra qələmlə başından vurub.

Bundan sonra həkim Zöhrab Şamxalov kəsici alətlə özünə xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra tərəflər polis bölməsinə aparılıb.

Həkim Şamxalov da izahatında bildirib ki, pasiyent onu o qədər əsəbiləşdirib ki, özünü öldürmək həddinə çatdırıb və buna görə özü-özünə xəsarət yetirib.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı 16-cı Polis Bölməsində toplanmış materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "İstintaq zamanı baş verən hadisəyə hüquqi qiymət veriləcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR