Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq?

30-07-2020, 20:12 40 dəfə baxılıb

Hər il taxıl istehsalının artmasından xəbər verən Azərbaycan hökuməti, buna baxmayaraq, Rusiya bazarından aslılığını saxlayır. Rusiyanın Stavropol Regional Kənd Təsərrüfatı Nazirliyinin son açıqlamasına görə, bölgənin kənd təsərrüfatı məhsulları ixracatının üçdə biri ölkəmizə gedir.

Azərbaycan Stavropolun ixrac həcminin üçdə birini təşkil edən ixracat liderinə çevrilib. Təkcə cari ildə ölkəmizə 59 milyon dollar dəyərində məhsul göndərilib. Azərbaycan, əsasən Stavropol vilayətindən taxıl alır.

Çin Stavropolun ixrac payında 18% ilə ikinci yerdədir. Çin müəssisələri Stavropol diyarından quş əti də alır. Gürcüstan ixracın 8%-i ilə üçüncü yerdədir. Bu ölkəyə Stavropoldan buğda, günəbaxan yağı və makaron göndərilir. Səudiyyə Ərəbistanı ixrac payının 7%-nə sahibdir və 13,5 milyon ABŞ dolları dəyərində quş əti alır. İxracatın 5%-inə sahib olan Ukrayna da, əsasən quş əti alır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 78,4 milyon dollarlıq 385,5 min ton buğda idxal edilib. Beləliklə, bu gün Stavropol diyarı Azərbaycan bazarı üçün əsas taxıl və buğda tədarükçüsü hesab edilə bilər.

Maraqldır ki, bu bölgədən taxıl idxalının bu qədər rekord səviyyədə olması ilə ölkəmizdə elan edilmiş taxıl məhsuldarlığının artım göstəricisi Stavropol diyarının özündən daha yüksəkdir. Stavropol diyarında və Azərbaycanda taxıl yığımı başa çatmaq üzrədir. Azərbaycanın rəsmi mənbələrindən alınan son məlumatlara görə, ölkənin taxılının 87,2%-i yerli sahələrdən yığılıb. 887 min hektardan 2,77 milyon tondan çox taxıl yığılıb. Eyni zamanda, Azərbaycanda orta taxıl məhsuldarlığı hər hektar üzrə 31,5 sentnerdən çox olub. Təəccüblüdür ki, Stavropol diyarında taxıl məhsuldarlığı daha aşağı - hər hektar üzrə 26,1 sentner olub.

Stavropol diyarının təsərrüfatçıları taxıl yığımını başa çatdırıblar. Bu barədə iyulun 27-də bölgə qubernatoru Vladimir Vladimirov məlumat verib. “Mən bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin taxıl biçininin başa çatması ilə bağlı hesabatını qəbul etdim”, - deyə bölgə başçısı “Instagram” səhifəsində yazıb.

Onun sözlərinə görə, Stavropol diyarında taxıl yığımı, hər hektardan 26,1 sentner məhsuldarlığı ilə 5,2 milyon ton təşkil edib: “Yığılmış taxılın 83,3 faizi yüksək keyfiyyətli ərzaq buğdasıdır. Eyni zamanda, kənd təsərrüfatında hava və iqlim şəraiti çox əlverişsiz olduğu üçün bu il fermerlər çətinliklər yaşayıblar. Hətta belə şəraitdə də Stavropol diyarında taxıl yığımı bölgənin öz ehtiyaclarını iki dəfə üstələyib”.

Öz taxıl istehsalının, xüsusilə buğda istehsalının artmasına baxmayaraq, Azərbaycan Rusiya taxılının idxalından güclü şəkildə asılı qalmaqda davam edir. Bildirilən 1,3 milyon ton buğda tələbatına baxmayaraq, ölkə hər il ardıcıl olaraq 1,5-1,6 milyon ton Rusiya buğdası idxal edir. Artıq xarici analitiklər belə asılılığın təhlükəli olması barədə xəbərdarlıq edirlər. Buğda ixracı Rusiya üçün "hibrid silahına" çevrilə bilər. Bu barədə Amerikanın "The National Interest" hərbi nəşri yazlb.

Material müəllifləri, Moskvanın COVID-19 kontekstində buğda və digər bitkilərin ixracına kvotanın tətbiq olunmasına istinad etməsini deyilənlərə misal göstərirlər. Rusiya indi dünyanın ən böyük buğda ixracatçısıdır. "The National Interest"də qeyd olunduğu kimi, qlobal istiləşmə sayəsində Rusiya yeni kənd təsərrüfatı torpaqlarının istifadəsinə başlayacaq və 2028-ci ilə qədər dünya taxıl ixrac bazarının 20%-nə nəzarət etməyə başlayacaq.

“Eyni zamanda, qlobal istiləşmə davam etdikcə, digər ölkələr Rusiyadan taxıl idxalına daha çox möhtac olacaq ki, bu da onları Rusiya qarşısında daha zəif duruma salacaq. Rusiya buğda ixracatını siyasi təzyiq riçaqına çevirə bilər. Və bu riçaq qida ehtiyatları məsələsində qeyri-stabil olan ölkələrə təsir göstərmək üçün istifadə edilə bilər”, - deyə “The National Interest” yazır… //AYNA.AZ//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR