"Dialoqa bütün siyasi partiyalar dəvət olunsun"

21-05-2020, 18:46 208 dəfə baxılıb

"Dialoqa bütün siyasi partiyalar dəvət olunsun"

Bu həftənin bazar ertəsi Azərbaycan Xalq Partiyasının (AXP) qərargahında 9 müxalifət partiyasının sədrinin toplantısının keçirilməsi müxalifət düşərgəsində yeni prosesin başlandığı barədə müzakirələrə yol açıb.

AXP sədri, sabiq baş nazir Pənah Hüseynlə partiyanın qərargahında görüşüb ortaya çıxan sualları, mülahizələri cavablandırmasını istədik. Pənah Hüseyn “Yeni Müsavat”a verdiyi müsahibədə müxalifətdaxili proseslərdən, hakimiyyət-müxalifət münasibətlərindən, tərəflər arasında dialoq və digər aktual məsələlərdən danışıb.

- Pənah bəy, mayın 18-də AXP qərargahında bir neçə siyasi partiya sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantı AXP qərargahında keçirildiyi üçün belə bir rəy yaranıb ki, Pənah Hüseyn müxalifəti toparlayır. Belə bir toplantının çağırılmasının təşəbbüskarı siz olmusuz? Məqsəd nə idi?

- AXP qərargahında 9 siyasi partiyanın sədri toplanmışdı. Onlar özlərini ən azı öz bəyanatlarında, kurslarında indiki iqtidara müxalif siyasi qüvvə elan edirlər. Kimlərsə bundan qıcıqlanır. Bilirsiniz ki, mayın 18-dən etibarən xüsusi karantin rejiminin yumşaldılması qərarının verilməsi ilə bir sıra fəaliyyət növləri ilə yanaşı, siyasi fəaliyyət də qadağan olunmuş fəaliyyətlər sırasından çıxmış oldu. Çünki faktiki olaraq həqiqətən əgər biz Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından çıxış eləsək, əvvəlki dövrdə belə bir düstur tətbiq edilirdi ki, icazə verilən fəaliyyət formaları içərisində siyasi partiyaların fəaliyyəti yox idi. Bu, əslində siyasi fəaliyyət hüququnun məhdudlaşdırılması idi. Biz bu məsələni bir neçə dəfə qaldırmışdıq. Amma mayın 16-da Operativ Qərargahın məlum qərarından sonra baş nazirin bir qərarı oldu. Bildirildi ki, onun qərarında göstərilən fəaliyyət növlərindən başqa digərlərinə icazə verilir. Artıq bununla siyasi partiyaların toplanması, yığıncaqların keçirilməsi qadağadan çıxmış oldu. Biz xüsusi karantin rejimi dövründə onun şərtlərinə əməl etməklə, bir sıra siyasi partiyaların qərargahlarında, o cümlədən AXP-nin ofisində toplanırdıq. Mayın 16-da AMİP-in sədr əvəzi Arzuxan Əlizadə və AĞ Partiyanın sədri Tural Abbaslı AXP qərargahında idik. Mənim təklifim əsasında razılaşdıq ki, mayın 18-də siyasi partiyaların toplantısını keçirək. Əvvəla, yaranmış vəziyyət barədə fikir mübadiləsi edək. Bilirsiniz ki, Operativ Qərargahın qərarında 10 nəfərdən artıq şəxsin bir yerə toplanmasına məhdudiyyət qoyulub. Biz 18 may toplantısında iştirak üçün açığı, 12 partiyanı razılaşdırdıq. Bizim dəvət etdiyim partiyalardan bu və ya digər səbəblərdən üçü iştirak etmədi. Bizə deyildi ki, həmin vaxt başqa işləri olub. Biz də bununla qane olduq. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovla əlaqə saxladıq. Toplantıya qatıla bilməsə də toplantının ümumi rəyi ilə həmrəy olduğunu bildirdi. KXCP sədri Mirmahmud Mirəlioğluna Tural Abbaslı zəng etmişdik. Mirmahmud bəy də mayın 18-də eyni vaxtda partiyasının iclasının olduğunu və bu səbəbdən toplantıya qatıla bilməyəcəyini dedi. VİP sədri Əli Əliyevə də toplantı barədə demişdik. Əli Əliyev də həmin vaxtda partiyalarının iclasının olduğunu əsas göstərək qatıla bilmədiyini dedi. Nəticədə 9 siyasi partiyanın sədri toplandı.

- Nə üçün məhz bu partiyalara müraciət olunub?

- Mən istəyirəm buna da aydınlıq gətirim. Bilirsiniz ki, aprelin 9-da Nazirlər Kabineti yanında Operativ Qərargaha 15 siyasi partiyanın və 1 hərəkatın birgə müraciəti olmuşdu. Müraciətdə pandemiya ilə bağlı təkliflər əksini tapırdı. Həmin sənədi imzalamış və yaxud onun hazırlanmasında iştirak etmiş partiyalara, həm bu müddətdə mütəmadi olaraq əlaqə saxlaya bildiyimiz partiyalara 18 mayda toplanmaq üçün müraciət elədik. Formatın belə bir tərkibdə olması bununla bağlı idi. Fikir mübadiləsi aparıldı və onun çox hissəsi canlı efirdə yayınlandı. Təxminən 40 dəqiqə isə canlı efirdən kənar fikir mübadiləsi etdik. Sonda razılaşdıq ki, burada qaldırılan məsələlər ətrafında artıq konkret müzakirələr təşkil olunsun, tədbirlər keçirilsin. Ola bilsin çox böyük ehtimalla gələn həftə AMİP-in təşkilatçılığı ilə belə bir tədbir yenidən keçirilsin. Toplantıda fikir səsləndi ki, növbəti toplantılarda çevrənin daha geniş olmasına çalışmaq lazımdır. Yəni bu, format deyil, birlik deyil, blok deyil. Bu, sadəcə olaraq, Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, koronavirusla bağlı ortaya çıxmış situasiya, gözlənilən vəziyyətə hazırlıq məsələlərini müzakirəyə çıxarıb, təkliflər irəli sürmək məqsədilə keçirilən toplantıdır. Həm də aktual olan məsələlərdən biri iqtidar-müxalifət dialoqu məsələsidir. Bu, ən yüksək səviyyədə həm iqtidar tərəfindən səslənib, həm də müxalifət tərəfindən müzakirə olunub və indi də olunmaqdadır. Bu məsələ barədə bir mövqeyin işlənib hazırlanması üçün də siyasi partiyaların toplanması zərurəti var. Nəhayət, Qarabağla bağlı indiki şəraitə uyğun ümummilli platformanın müzakirəsi və mövqelərin müəyyənləşdirilməsi də vacibdir. Bu üç əsas temada ola bilsin ki, yaxın bir ay ərzində müzakirələr olması gözlənilir.

- Müxalifətin yeni konfiqurasiyasından söhbət gedə bilərmi? Yəni bu tərkibi yeni konfiqurasiya adlandırmaq olar?

- Heç bir konfiqurasiyadan söhbət getmir. 18 maydakı toplantıda bu barədə açıq deyildi. Yəni mümkün olmayan və bu barədə hər hansı bir diskussiyalara da ehtiyac yoxdur. Konkret yuxarıda dediyimiz məsələlər barədə ümumi mövqenin hazırlanması üçün keçirilən toplantı olub. Məsələn, efirə getməyən hissədəki müzakirələr zamanı təkliflər oldu ki, ölkədə dövlət qeydiyyatından keçən bütün siyasi partiyalara müraciət olunsun. Təbii ki, onların əksəriyyəti ya dəvəti qəbul edib gəlmirlər, ya da siyasi mövqeləri üzündən bu cür toplantılara qoşulmurlar. Lakin hər bir halda hamıya müraciət olması təklifi verildi. İqtidara da təklif etmişik ki, əgər söhbət siyasi partiyalarla və ya müxalifətlə dialoqdan gedirsə, bütün siyasi partiyalar dəvət olunsun.

Konfiqurasiya məsələsi isə bir tərəfdən həm doğru deyil, ikincisi, kifayət qədər fərqli siyasi mövqelər var. 18 mayda keçirilən müzakirələrdə də məlum oldu ki, hətta bir-birinə bəzən tamamilə fərqli yanaşmalar var. İstər iqtidar-müxalifət dialoquna aid, istər Qarabağ probleminə yanaşmada müəyyən fərqlərin olduğu meydana çıxır. Hətta ümumi vəziyyətin dəyərləndirilməsində də bəzən fərqli yanaşmalar meydana çıxır. Məsələn, toplantıda iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə, ümumiyyətlə, bu cür məsələlərin lazımlılığını şübhə altına alan çıxış elədi. Prinsip etibarilə əlbəttə ki, müzakirələrin gedişində bu və ya digər məsələlər barəsində mövqeləri üst-üstə düşən qüvvələrin hansısa bir məqamda sizin dediyiniz kimi formatlar şəklində fəaliyyət göstərməsini də istisna eləmirəm. Amma bu prosesə aidiyyəti yoxdur və bu prosesin də məqsədi müxalifətin yeni konfiqurasiyasının qurulması deyil.

- 9 partiyanın sırasında Müsavat Partiyasını və AXCP-ni görmədik. Siz dəvət etməmişdiniz, yoxsa dəvət olunublar, gəlməyiblər? Dəvət etməmisinizsə, səbəb nədir? Növbəti toplantı üçün onlara da müraciət ediləcək?

- Biz 9 apreldə yuxarıda xatırlatdığım sənədi hazırlayarkən Hacıbaba Əzimov Müsavat başqanı Arif Hacılı ilə danışmışdı və Müsavatın da bu sənədə qoşulmasını təklif etmişdi. Lakin bir cavab gəlməmişdi. O zaman AXCP sədri Əli Kərimlinin telefonları cavab vermirdi. Onun köməkçisi Faiq Əmirovla mənim birinci müavinim Qiyas Sadıqlı danışmışdı və xahiş etmişdi ki, o sənədi Əli Kərimliyə göstərsin. Sonra Faiq Əmirli həbs olundu. Açıq demək lazımdır, bir qayda olaraq AXCP və Müsavat bu cür formatlarda irəli sürülən təşəbbüslərdə və hazırlanan sənədlərdə son illərdə iştirak eləmir. Əlbəttə, biz bu mövqeyə də hörmətlə yanaşırıq. Bu, həmin partiyaların suveren hüququdur. Yuxarıda xatırlatdım ki, xüsusi karantin rejimi günlərində bir-biri ilə əlaqə saxlamış, ünsiyyətdə olmuş və əməkdaşlıq etmiş partiyaları 18 mayda toplantıya dəvət etdik. Əlbəttə, mən şəxsən çox istərdim ki, Müsavat Partiyası və AXCP də bu məsələdə öz mövqelərində bir korrektə eləsinlər. Bu, Azərbaycan demokratik qüvvələrinin, Azərbaycan müxalifətinin maraqlarına cavab verərdi. Amma bir daha təkrar edirəm, hər hansı bir prosesdə iştirak edib-etməmək onların suveren hüququdur, öz taktikalarıdır. Biz də buna hörmətlə yanaşırıq.

18 may toplantısına REAL Partiyası, Əli İnsanovun sədrlik etdiyi Haqq Ədalət Partiyası, Demokratiya və Rifah Hərəkatı da dəvət edilməyib. Halbuki 9 aprel sənədində Əli İnsanovun imzası var. Qubad İbadoğlu sənədin hazırlanmasında müəlliflərdən biri idi. Qeydə alınan siyasi partiyaların iştirakını indiki etapda əsas götürdük.

- Pənah Hüseyn, axı Siz nə istəyirsiniz?

- Mənim bir gizli niyyətim yoxdur. Birincisi, iqtidarda olmayan siyasi qüvvələrin bir araya gəlməsini mən indiki dövrdə dövlətin və xalqın problemlərinin həlli üçün həyati əhəmiyyətə malik hadisələrdən biri hesab edirəm. İstər Qarabağ problemi, istər korrupsiyaya qarşı mübarizə, istər demokratikləşmənin yeni bir mərhələyə keçməsi olsun, bu və digər məsələlər, həmçinin milli həmrəyliyin formalaşması baxımından bunu vacib sayıram. Ona görə də iqtidarda təmsil olunmayan qüvvələrin bir araya gəlməsini və əməkdaşlığını olduqca əhəmiyyətli sayıram. Biz iqtidar-müxalifət dialoqundan danışdıq. Çox təəssüf ki, müxalifətdaxili və siyasi partiyalararası dialoqa da ehtiyac var. Məqsədlərimizdən biri də budur. Bəzi məqsəd və niyyətləri də özümüz üçün saxlayaq.

Toplantıda iştirak edənlər bildirdilər ki, bu toplantıda iştirak eləyən siyasi qüvvələrə münasibətindən asılı olmayaraq Müsavat, AXCP və digər siyasi qüvvələrin də növbəti etapda iştirakı üçün səylər göstərilsin. Mən bu gün (dünən-red.) Müsavat başqanı Arif Hacılıya zəng elədim. Hansısa səbəbdən telefonu cavab vermədi. Əslində ondan bir görüş istəyəcəkdim. Bu gün AXCP sədri Əli Kərimli ilə danışa bildim. Uzun müddət idi onun telefonları bağlandığı səbəbindən danışa bilmirdim. İndi Əli Kərimlinin vəziyyəti də elə deyil ki, dərhal görüş istəyəsən. Amma bugünkü telefon danışığımızda ümumi şəkildə mən bir görüşmək arzumu ifadə elədim. Digər siyasi partiyalarla da həm mən, həm də 18 mayda toplantıda iştirak eləyən partiya sədrlərinin bəziləri, növbəti toplantının təşkilatçısı kimi AMİP danışıqlar aparacaq.

- Belə demək mümkündürmü ki, müxalifət partiyalarının özü iki cinaha bölünüb? Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdə iştirak edən, 9 aprel sənədində və mayın 18-də keçirilən toplantıda iştirak eləyən müxalifət partiyaları bir tərəf, iştirak eləməyənlər isə digər tərəfdə qalıblar...

- Çox təəssüf ki, əslində 18 may toplantısının məqsədinə və perspektivinə uyğun olmayan təəssürat yaranır. Sözün doğrusu, insanlarda bu cür təəssüratın yaranmasını insanların üzərinə bir təqsir kimi qoymaq olmur. Çünki mənzərə həqiqətən elə görünür. Amma halbuki məsələn, ADP sədri Sərdar Cəlaloğlu dialoq məsələsində ən loyal mövqe ortalığa qoyub, lakin Prezident Administrasiyasındakı görüşdə iştirak eləməyib, 9 partiyanın toplantısında isə iştirak edib. O, qeyd-şərtsiz dialoq tərəfdarı kimi çıxış elədi. Mənim hakimiyyət rəsmisi ilə görüşdə iştirak eləməyən partiyalarla ümumi siyasi məsələlərdə mövqeyim daha çox üst-üstə düşür, nəinki 18 mayda toplantıda iştirak eləyən bəzi partiyaların mövqeləri və yanaşması ilə. Siyasət həm də mümkün olanı etməkdən ibarətdir. Son toplantımız göstərdi ki, bu və digər konkret məsələlərdə mövqeləri üst-üstə düşməyən qüvvələrin də bir araya gəlməsi, müzakirə aparması və mümkün olarsa, mövqelərini uzlaşdırması mümkündür. Bunun da yolu dəyirmi masanın ətrafında əyləşməkdən keçir.

- İqtidar-müxalifət dialoqu gündəmdə qalırmı və yaxın zamanlarda növbəti mərhələsi gözlənilirmi?


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR