"Seçki sistemində dəyişikliklər gözlənilir" -"Qarışıq sistemə keçidə ehtiyac var..."

20-04-2021, 16:14 160 dəfə baxılıb

Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir. Bunun fonunda sosial şəbəkələrdə Azərbaycanda da seçki islahatların keçirilməsi zəruriliyi də müzakirə olunmağa başlanıb. Bəs görəsən Azərbaycanda seçki islahatlarına ehtiyac varmı?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, Azərbaycanda seçki qanunvericiliyi kifayət qədər mükəmməldir və zaman-zaman təkmiləşərək müasir səviyyəyə qalxıb.

Lakin deputatın fikrincə, bununla bərabər, praktika göstərir ki, cəmiyyət inkişaf etdikcə onun önə çəkdiyi məsələlərə adekvat addımlar, digər sahələrdəki kimi, seçki qanunvericiliyində də aparılmalıdır: "Məsələn, indiki seçki sistemində bələdiyyə və parlament seçkilərində partiyaların iştirakı üçün hədsiz dərəcədə sənədlərə ehtiyac var. Bu isə partiyalar üçün müəyyən dərəcədə çətinliklər yaradır. Mənə elə gəlir ki, bu, təzələnməlidir".

O qeyd edib ki, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir: "Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğundur olardı".

F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: "Son parlament seçkilərindən sonra cənab prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir: "Buna görə də, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında və yarısının proporsional, yarısının majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Bu, Azərbaycan əhalisinin artımına adekvatdır".

F.Ağamalı bildirib ki, seçki sistemində müəyyən dəyişikliklər gözlənilir, lakin bu, Avropa Şurasında hansısa məsələnin qaldırılması ilə bağlı deyil: "Bu, cənab prezidentin apardığı son siyasi islahatların effektivliyini daha da gücləndirmək baxımından önə çəkilən məsələlərdən biridir. Biz yaxın gələcəkdə o məsələlər ətrafında yenidən fikir mübadiləsi aparacağıq. Ola bilsin ki, bu dəyişikliklər olacaq. Bəzi dəyişikliklər konstitusion dəyişikliklərdir - istər seçki sisteminin tətbiqi, istərsə də millət vəkillərinin sayının artırılması. Qalan təkmilləşmələr Milli Məclisin səlahiyyətləri çərçivəsindədir və orada ciddi problem yoxdur".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR