"Facebook"da Azərbaycanlı istifadəçilərin paylaşımları bloklanır, düşmənə yaşıl işıqdır

29-10-2020, 14:20 96 dəfə baxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb. Bu barədə nazirlikdən bildirilib. Müraciətdə son zamanlar feysbuk və instaqram sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb. Məktubda sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. Nazirlik feysbuka ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.
İnternet-media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistanın ard-arda hər atəşkəsdən sonra Azərbaycana qarşı terror aktları törətməsi Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb oldu. O bildirib ki, bununla bağlı olaraq, ölkəmizdə vətəndaş cəmiyyətinin üzvləri, media nümayəndələri, blogerlər, siyasətçilər, millət vəkilləri durmadan beynəlxalq ictimaiyyəti maarifləndirmək üçün müxtəlif məlumatları sosial şəbəkələrdə, sosial platformalar üzərində paylaşmağa başladılar:

"Ən çox paylaşımlar "Facebook", "Teleqram" və "Tvitter" üzərindən aparılırdı. Çox təəssüflər olsun ki, daha çox auditoriyaya malik olan "Facebook" sosial şəbəkəsi sözün əsl mənasında hər birimizi məyus etdi. Çünki sırf Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı edilən paylaşımlar çox qısa zamanda "Facebook"un nəzarətçilərinin diqqətini cəlb etməyə başladı. Ölkədə bu kimi paylaşımlar edənlərin profillərinə müxtəlif məhdudiyyətlər qoyuldu. Biz artıq son bir həftədə müşahidə edirik ki, yüzlərlə insanın profillərində müxtəlif funksiyalar bağlanıb. Məsələn, bir çox insan şərh yazmaq, status paylaşmaq kimi səlahiyyətlərdən məhrum edilib. Bəzi profillər isə saxta kimi göstərilərək ümumiyyətlə, ləğv edilib".

Ekspert diqqətə çatdırıb ki, bütün bunlar adekvat münasibət deyil: "Çünki düşmən tərəfə baxsaq görərik ki, onlarda "Facebook"un bağlanması, kilidlənməsi, bloklanması ilə bağlı heç bir şikayət yoxdur. Hesab edirəm ki, bu, sosial şəbəkə istifadəçilərinin hüquqlarının pozulması deməkdir.

Azərbaycanın bununla bağlı ünvanladığı müraciət tam yerində, vaxtında edilmiş bir müraciətdir. Açığı deyim ki, inanmıram ki, "Facebook"dan bununla bağlı müsbət cavab gəlsin. Ancaq Azərbaycan hökuməti onun ölkə daxilində fəaliyyətinə müəyyən seqmentlər qoya bilər. Hesab edirəm ki, buna görə "Facebook" atdığı addımlarda bir daha düşünmək məcburiyyətində qalacaq. İstənilən halda bu, xoş deyil. Bu, birbaşa sosial şəbəkələrdən istifadə qaydalarının hüquq və normalarına ziddir. Belə həssas məqamda bu, "Facebook"un ayrı-seçkiliyidir. Beynəlxalq platformalar adətən bu kimi məsələlərə ümumi yanaşır, ümumi münasibət sərgiləyir".

S.Abbasov əlavə edib ki, "Facebook"da kifayət qədər ermənilər işləyir:

"Nəzərə alsaq ki, "Facebook" da istər yüksək, istərsə də texniki vəzifələrdə işləyirlər. Düşünürəm ki, bu, hər hansı daxili təxribat da ola bilər. Çünki birdən-birə kütləvi şəkildə sosial şəbəkələrdə fəal olan insanların profillərinin bloklanması sözün əsl mənasında həm məyusedicidir, həm də şübhəlidir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR