Qorxulan oldu - “Britaniya ştammı” ilə necə bacaracağıq?

19-03-2021, 16:06 205 dəfə baxılıb

Azərbaycanda yaxın günlərdə sərt karantin rejiminin tətbiqi barədə qərar veiləcəyi bildirilir. Buna səbəb kimi isə ölkəmizdə koronavirusun yeni növü olan "Britaniya ştammı”nın tapılması qeyd edilir.

Qarşıdan Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün tətil olacaq. Bununla əlaqədar olaraq isə bir çox insanlar regionlara getməyi planlaşdırırlar. Bu da öz növbəsində pandemiyanın və daha tez yayılma təhlükəsi olan "Britaniya ştammı”nın ölkədə qorxulu vəziyyət yaratmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi zərurətə çevrilir. Qeyd edək ki, Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz "Britaniya ştammı”nın yayılmasının qarşısını almaq məqsədilə gediblər.

Son günlər ölkəmizdə artan yoluxmalar "Britaniya ştammı”nın yayılması ilə bağlıdırmı? Sərt karantin rejiminin tətbiqi nə dərəcədə önəmlidir?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Bugünkü saylar onu deməyə əsas verir ki, "Britaniya ştammı”nın aşkar edilməsi ilə Azərbaycanda yeni strategiyalar seçilməlidir. Saylar çoxalarsa, maksimum şəkildə bunun qarşısını almaq üçün insanların bir-biri ilə canlı ünsiyyətləri, eləcə də qapalı şəraitdə, ailələrarası görüşlər, Novruz bayramı ərəfəsində qonaq getmələr, şəhərlərarası gediş-gəliş minimuma endirilməlidir ki, virus ətrafa yayılmasın. Bundan başqa, karantin və izolyasiya tədbirlərinə də xüsusi dəyişikliklər edilməlidir və virusun yayılmağa başladığı bütün klasterlər nəzarətə götürülməlidir ki, görüləcək tədbirlər effektli olsun. Əks halda, görülən tədbirlərlə virusun yayılmasının qarşısı lazımi səviyyədə alınmaya bilər".

Tibb elmləri doktoru əlavə edib ki, "Britaniya ştammı”nın dəfələrlə öldürücü olduğu da sübut edilib: "Son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun ”Britaniya ştammı"nın yoluxduruculuq əmsalının və öldürücülük faizinin də yüksək olduğunu təsdiq edib. Virusun "Britaniya ştammı”nın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatlarla tanış olduqdan sonra elmi şərhlərimdə bildirmişdim ki, onun yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Belə ki, yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 faiz daha böyük və eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz çox olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü. Hətta ilk tədqiqatlarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsi ola bilər. Amma təəssüf ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu təsdiqləyib. Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVİD-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır".

Mütəxəssisin sözlərinə görə, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb: "Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6-dan 0,9-ə qalxıb. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 faizdən 0,14 faizə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 faizdən 7,2 faizə qalxmasına rast gəlinib. Yəni risk təxminən 53 faiz artıb. 85 yaşdan yuxarılarda isə ölüm riski 16,7 faizddən 24,3 faizə qalxıb. Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş çoxaldıqca ölüm riski dəfələrlə çoxalır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64 faiz qalxmasını görürük. Artıq bu rəqəmlərlə vəziyyətin bütün dünyada, o cümlədən Azərbaycanda da nə qədər ciddi olduğu müşahidə olunmaqdadır. Bunlar elmi faktlardır və mənim, eləcə də bir çox alimlərin gözləmədiyi, amma reallığı əks etdirən faktlardır. Burada artıq kimin inanıb-inanmadığının və ya nələr danışdığının önəmi yoxdur. Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 faiz yüksəlmiş virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha da təhlükəlidir. Bu da heç xoşagələn xəbərlər deyil, xüsusən Azərbaycan üçün, həm bayram qabağı, həm də önümüzdəki aylarda".

N.Abdullayev əhaliyə çağırış edib: "Qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidir. Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ fevral ayı üçün dünyanın 101 ölkəsində "Britaniya ştammı”nın aşkar edildiyini açıqlamışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR