Sərt karantin qayıdır: Ölkələr yenidən "qapanır" - ARAŞDIRMA

15-10-2020, 14:40 218 dəfə baxılıb

Dünya aylardır qlobal pandemiya ilə mübarizə aparır.

Yer kürəsinin hər yerində sürətlə yayılmağa davam edən koronavirusun qarşısının alınması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.

Koronavirus demək olar ki, bütün dünya üçün yeni qaydalar gətirib. Artıq bir çox ölkələr, insanlar da koronavirusun və sərt karantin rejiminin tələb etdiyi qaydalarla yaşamağa alışıblar. Lakin bütün qaydaların tətbiq edilməsinə baxmayaraq müəyyən yumşalmalardan sonra bəzi ölkələr bu virus qarşısında yenidən aciz durumda qalıb.

Hazırda bəzi ölkələrdə infeksiya yenidən daha da güclənir, yoluxma halları rekord həddə çatıb. Ekspertlərin payızda ikinci dalğanın olacağı ilə bağlı proqnozları da dövlətləri əlavə zəruri tədbirlər görməyə məcbur edib. Hər bir ölkə yoluxma tempi və pandemiyanın yayılma dinamikası və arealından asılı olaraq, karantin rejiminin tətbiqi və yenidən sərtləşdirilməsi, qapanma ilə bağlı müxtəlif qərarlar qəbul edir.

Maraqlıdır, yoluxma sayının yenidən çoxaldığı ölkələrdə hansı qaydalar tətbiq edilir? Hansı ölkələr yenidən sərt karantin rejimi, qapanma tətbiq edib? Yoluxma sayının çox olduğu ölkələr virusla necə mübarizə aparır?

Cebhe.info yoluxma sayının çox olduğu və yenidən sərt karantin rejiminin tətbiq edildiyi ölkələri araşdırıb.

Avropa ölkələri sərt karantin rejimindən sonra tətbiq olunan yumşalmanın daha təhlükəli nəticələrini müşahidə etdiyinə görə, yenidən qapanmaya, sərt karantin rejiminin tətbiq edilməyinə qərarı veriblər. Artıq Macarıstan sentyabrın 1-dən sərhədlərini turistlərin üzünə bağlayıb.

*Ölkə xaricindən gələn Macarıstan vətəndaşları isə səyahətdən qayıtdıqdan sonra 14 gün karantində qalacaqlar. Bildirilib ki, bu məhdudiyyət hərbi və diplomatik şəxslərə şamil olunmayacaq.

*Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət rəhbəri Anna Popova bildirib ki, koronavirusa qarşı immunitet əsasən kliniki xəstəliyi olmayan pasientlərdə və ilk növbədə uşaqlarda müşahidə olunub:

“18 yaşına qədər olan uşaqların 40 faizində infeksiyadan sonra immunitet yaranır. Altmış yaşdan yuxarı kliniki xəstəliyi olmayan insanların 30 faizində də immunitetə rast gəlmək olur”.

*Böyük Britaniyada epidemioloji vəziyyətin inkişafına baxdıqda ölkə üçün ikinci qapanma təhlükəsinin getdikcə aktuallaşdığı görünür. Sentyabrın 25-də Milli Statistika İdarəsi təkcə Britaniyada 19-25 sentyabr tarixləri aralığında təxminən 103 600 nəfərin koronavirusa yoluxduğu barədə məlumat yayıb.

Con Hopkins Universitetinin məlumatına görə, pandemiya başlayandan bəri Böyük Britaniyada 418.889 nəfərin koronavirus testi pozitiv çıxıb. Virusdan ölən xəstələrin sayı isə 41.991 nəfər olub. Pandemiyanın ikinci dalğası fonunda növbəti qapanmaya getməmək üçün Boris Consonun rəhbərlik etdiyi hökumət koronavirusla mübarizə məqsədi daşıyan məhdudiyyətləri sərtləşdirməyə qərar verib. Həmçinin qayda pozuntularına görə yüksək cərimələr tətbiq edilib.

Beləliklə, 28 sentyabrdan etibarən Britaniyada koronavirus testi müsbət olan xəstələr ilk özünütəcrid pozuntusuna görə 1000 funt cərimə ödəməli olacaqlar. Qanun pozuntusu təkrarlanarsa, bu məbləğ 10.000 funta qədər artacaq. Eyni zamanda evdən işləyə bilməyən əhalinin az gəlirli təbəqələrinin nümayəndələri məcburi təcrid üçün hökumətdən 500 funt sterlinq təzminat alacaqlar.

*Yoluxma və ölüm sayına görə dünyada birinci yerdə olan ABŞ-ın 30-dan çox ştatında da son bir ayda koronavirusa yoluxma hallarında ciddi artım qeydə alınıb. Həmin ştatların səhiyyə depamentlərinin nümayəndələri xəstəxanalara və reanimasiyaya yerləşdirilən xəstələrin xeyli artdığını və ciddi çarpayı problemi yarandığını bildirib.

ABŞ-ın məşhur infeksionisti Antoni Fauci hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol kimi məhdudiyyətlərin yenidən tətbiqini təklif edib. О bildirib ki, virusun yaratdığı problemlərdən əziyyət çəkən hər bir ştatda ciddi məhdudiyyətlərin tətbiqi zəruridir.

*Koronavirus pandemiyasının getdikcə artması bir sıra ölkələrdə karantin rejiminin uzadılması ilə nəticələnib. Artıq Ukraynada da yoluxma sayının artması ilə əlaqədar karantin rejimi uzadılıb. Ukrayna xarici turistlər üçün sərhədlərini bağlanıb, bundan başqa əyləncəli və mədəni tədbirlər dayandırılıb. Baş nazir Denis Şmıqal karantin rejiminin oktyabrın 31-dək uzadılması və məhdudiyyətlərin tətbiq edilməsini yoluxma sayının artması və təhlükəli vəziyyətlə izah edib.

*Koronavirusa gündəlik yoluxma sayının rekord həddə çatdığı ölkələrdən biri də Fransadır. İnfeksiyanın yayılmasında yeni ocağa çevrilmək təhlükəsi yaradan şəhərlərdən biri də Marseldir. Şəhərin və ətraf bölgənin əhalisi 1,9 milyon nəfərdir. Hər 100 min nəfəri düşən yeni yoluxma sayı 281-dir. Bu, ehtimal edilən maksimum həddən təxminən altı dəfə çoxdur. Yeni yoluxma sayının artımını yavaşlatmaq üçün Fransa hökuməti ölkənin cənubunda yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib. 26 sentyabr tarixindən etibarən Marseldə çox sayda ziyarətçi qəbul edən bütün restoran, bar, fitnes-klub və digər müəssisələrin bağlanması planlaşdırılıb.

*Pandemiyanın ikinci dalğası və bununla əlaqədar məhdudiyyətlər İspaniyanın paytaxtı Madriddən də yan keçməyib. Şəhərin bir sıra rayonlarında və şəhərətrafı ərazilərdə 100 min əhaliyə düşən yeni yoluxma hallarının sayı artıq 1000-i keçib. Bununla əlaqədar Madrid rəhbərliyi şəhərin 37 bölgəsində onsuz da qüvvədə olan karantin rejiminin digər səkkiz bölgəyə də şamil edildiyini elan edib. Hazırda İspaniya paytaxtının 7 milyon sakinindən təxminən 1 milyonu karantin rejimində yaşayır. Bundan əvvəl Madrid rəhbərliyi pandemiya ilə mübarizədə İspaniya federal hökumətindən kömək istəyib. Prosesə hərbçilərin də cəlb olunacağı bildirilib. Madrid sakinləri karantin rejiminin genişlənməsi xəbərini etirazlarla qarşılayıblar. Hazırda İspaniyadakı koronavirusla bağlı xəstəxanalarının üçdə biri Madridin payına düşür.

*Robert Kox İnstitutunun verdiyi məlumata görə, Almaniyada koronavirusa yoluxma sayında pik hədd 25 sentyabrda qeydə alınıb. Belə ki, 25 sentyabrda ölkə ərazisində 2153 yoluxma faktı aşkarlanıb. Bu da gündəlik 2000 nəfər həddinin bir həftədə 3-cü dəfə aşılması deməkdir. Almaniyada təkrar karantinlə bağlı hələlik heç bir söhbət yoxdur. Lakin mövcud epidemioloji vəziyyətin fonunda Almaniyanın səhiyyə naziri Yens Şpan vətəndaşları payız və qışda xaricdəki tətillərdən imtina etməyə çağırıb.

İnfeksiya ilə mübarizə tədbirlərinin sərtləşdirilməsinə gəldikdə isə səhiyyə naziri maskalardan istifadənin bütün Almaniya ərazisində məcburi olmasına qarşı çıxıb. Onun fikrincə, məhdudiyyətlər federal torpaqlar səviyyəsində tənzimlənməlidir. Bundan əvvəl Almaniya kansleri Angela Merkel də oxşar açıqlama ilə çıxış edib: "Pandemiya ilə mübarizə üçün dövlət səviyyəsində tətbiq olunan hər bir tədbirin məqsədəuyğun olub-olmadığı və hədəfə çatmağa kömək edib-etmədiyi ciddi şəkildə düşünülməlidir. Pandemiya ilə əlaqədar məhdudiyyətlər çox yaxşı əsaslandırılmalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR