İrəvandan Xankəndinə müəmmalı səfərlər - Qarabağ ətrafında nə baş verir?

5-07-2019, 11:31 317 dəfə baxılıb

İrəvandan Xankəndinə müəmmalı səfərlər - Qarabağ ətrafında nə baş verir?


İşğalçı Ermənistan öz ənənəsinə sadiqdir, təxribatları davam etdirir. Ölkənin silahlı qüvvələri baş qərargahının rəisi, general-leytenant Artak Davtyanın iyulun 3-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlməsi bunun növbəti sübutudur.

Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Davtyan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində olub, həmçinin separatçı rejimin rəhbərləri ilə görüşüb. Erməni generalın Azərbaycan ərazisinə gəlişinin səbəbləri açıqlanmayıb, ancaq istənilən halda bu, danışıqlar prosesinə qarşı atılan məkrli addımlardan biridir. Qarabağdakı separatçı rejim mənsubları iddia ediblər ki, səfərdə məqsəd “iki erməni respublikası” arasında əməkdaşlığa dair müzakirələr aparmaqdır. Erməni tərəf var gücü ilə danışıqlara zərbə vurmağa, gərginliyi tətikləməyə çalışır.

Bu arada Ermənistanın işğal zonasındakı ordu hissələri ilə bağlı məlumatlar da yayılmaqdadır və güman olunur ki, erməni general məhz ordudakı biabırçılıqlara görə Qarabağa gəlib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə yola salınan 18 çağırışçı yoxa çıxıb (Vətəninfo.az). Bu barədə çağırışçıların valideynləri erməni mətbuatına məlumat verib. Verilən xəbərə görə, çağırışçılar Quqark rayonundan işğal altında olan Xocavənd rayonunda yerləşən hərbi hissəyə göndərilib. Lakin onlar hərbi hissəyə çatmayıblar. Övladlarının ardınca gedən valideynlər isə onlardan xəbər tuta bilmir. Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib. Mətbuatın yazdığına görə, çağırışçıları gətirən avtobus Laçın yolunun 23-cü kilometrliyində tapılıb. Çağırışçılarla birgə gələn erməni ordusunun 32 yaşlı zabiti Aram Vardanyanın və sürücü Tiqran Arakelyanın meyiti tapılıb. Onların üzərində zorakılıq əlamətləri ilə öldürüldüklərini sübut edən izlər var. Erməni sosial şəbəkə istifadəçiləri cağırışçıların aldadıldığını və Qarabağa aparıldığını bildiriblər. Sosial şəbəkə istifadəçiləri heç kimin Qarabağda xidmət etmək istəmədiyini yazıblar. Sosial şəbəkə istifadəçisi olan Manvel Bağdasaryan belə yazıb: “Böyük ehtimal ki, çağırışçılar Qarabağa göndərildiklərini biləndə mübahisə düşüb. Gənclər sürücünü və zabiti öldürərək dağlara qaçıblar. Bu cinayətdir. Amma niyə müdafiə nazirliyi bu günə qədər açıqlama vermir? Hadisə baş verib. Bəli, heç kim Qarabağda ölmək istəmir”.

“Son zamanlar Ermənistan ordusunda gənc əsgərlərlə köhnə əsgərlər arasında ziddiyyətlərin dərinləşməsi ölüm hallarının artmasına səbəb olur və bu da Qarabağın separatçı qurumunda nizam-intizamın olmadığını göstərir”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş Qərargah rəisinin və Ermənistan XİN-in Qarabağa səfərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyanın Qarabağa səfəri həm işğalçı Ermənistan ordusunun vəziyyətinə baxmaq, həm də Ordumuzun hazırlığını müzakirə etməklə əlaqədardır:

“Ermənistan rəhbərliyi Azərbaycan ordusunun ciddi hazırlığını görür və başa düşür ki, ordumuz qısa müddətdə öz ərazi bütövlüyünü təmin edəcək. Bu səbəbdən Baş Qərargah rəisi vəziyyəti öyrənmək və Azərbaycan tərəfinin döyüş hazırlığını müzakirə etmək üçün işğal altında olan torpaqlara səfər edir. Ermənistan tərəfi işğalçı olduğunu anlayır və yaxşı başa düşür ki, etdikləri təxribatlar qarşısında ordumuz tərəfindən ciddi zərbələr ala bilər”.

Yayılan digər məlumata görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Qarabağa gəlib. Vaşinqtonda azərbaycanlı həmkarı ilə görüşmüş erməni nazirin Xankəndinə gəlişi heç şübhəsiz ki, danışıqlarla bağlıdır. İrəvan bir qayda olaraq danışıqlardan əvvəl və sonra Qarabağdakı oyuncaq rejimin rəhbərliyi ilə müzakirə aparır. Bununla həm separatçıları razı salmağa, İrəvanla konfrontasiyadan çəkindirməyə çalışırlar, digər tərəfdən də beynəlxalq səviyyədə Xankəndindəki rejimin “çəkisini” artırmağa cəhd edirlər.

Baş nazir Nikol Paşinyanın adından yayılan məlumat da maraq doğurub. İddialara görə, Ermənistanın baş naziri NATO-nun baş katibi Yens Stoltenberqə məxfi məktub yazıb. Məktubda Paşinyan Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla NATO-nun sıx əlaqələr qurmasına maneə olduğunu vurğulayıb. Ermənistanın baş naziri bu maneəni aradan qaldırmaq üçün bir il ərzində erməni qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa söz verir. “Ermənistan qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə olması Ermənistan və NATO-nun yaxınlaşması yolunda əsas maneədir. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılması və ərazilər üzərindəki nəzarətin Azərbaycana ötürülməsi üzrə hazırlanmış plan çərçivəsində Dağlıq Qarabağın sonrakı taleyi ümumxalq referendumuna çıxarılması təklif ediləcək” - məktubda deyilir. Ermənistan tərəfi bu məktubu “saxta” adlandırıb, hazırda məktubun kim tərəfindən hazırlanması və yayılması ilə bağlı araşdırma aparılır.

Məktuba diqqəti informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan birinci cəlb edib (Virtualaz.org) Lakin o məktubun əsl müəllifinin kimliyini araşdıra bilməyib, ehtimal edir ki, feyk-sənəd Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan isə qeyd edib ki, məktub haqda bilirlər, amma hazırda hansısa şərh vermək istəmirlər.

Xarici İşlər Nazirliyində də məktubun saxta olduğunu deyiblər, amma şərh vermək istəməyiblər. Samvel Martirosyan qeyd edib ki, məktub ingiliscə qüsursuz və olduqca savadlı hazırlanıb. Bu xüsusat məktubun Ermənistan daxilində hazırlanmasını demək olar, istisna edir. “Xarici izlər axtarılır. Bir neçə variant var, amma mən hazırda onları demək istəmirəm, çünki sübutum yoxdur. Lakin aydındır ki, məktub Ermənistanda tərtib edilməyib. Burada Paşinyanın ən lənətli düşmənləri də forumlarda məktubun feyk olduğunu bildirirlər”, - deyə Martirosyan bildirib.

Nikol Paşinyanın adından NATO baş katibinə ünvanlandığı deyilən məktub təxribatdır, yoxsa ictimai rəyin öyrənilməsi? Paşinyanın mətbuat katibi hələlik məktuba şərh verməyib.

Qeyd edək ki, Paşinyanın əleydarları - Qarabağ klanının nümayəndələri onu tez-tez “torpaqları qaytarmaq planlarında” ittiham edirlər. Habelə Rusiya siyasi dairələri Paşinyanın Ermənistanın üzünü Qərbə, NATO-ya çevirmək cəhdləri haqda tez-tez müxtəlif şərhlər, məlumatlar yayırlar.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır: “Çünki Qarabağ klanı Paşinyan iqtidarına qarşı dirəniş göstərir. Qeyd edim ki, Qarabağ klanının əsas mərkəzi işğal olunmuş ərazilərdə qondarma rejimdir. Köçəryan və Sərkisyan tandemi əsasən burada formalaşaraq inkişaf edib, İrəvan klanına qarşı mübarizəyə keçir. Bundan əlavə, işğal olunmuş ərazilərdə bir neçə hərbi hissə Bako Saakyana tabedir. Burada istənilən təxribatlar baş verə bilər. Bir tərəfdən Azərbaycanın mütəmadi hərbi təlimləri, danışıqlarda irəliləyişin əldə olunmaması müharibə variantını gündəmdə saxlayır. Paşinyan qərargah rəisini və xarici işlər nazirini Xankəndinə göndərməklə Bako Saakyanı nəzarətdə saxlamağa çalışır”.

M.Əsədullazadə dedi ki, Azərbaycan mümkün antiterror əməliyyatına başlayarsa, Paşinyan iqtidarını itirə bilər: “Bu da Qarabağ klanı üçün əsl fürsət olar. Məhz Qarabağ klanı müharibə variantından istifadə edib hakimiyyəti ələ alıb. Eyni ssenari baş verərsə, Serj Sərkisyan hərəkətə keçə bilər”.

Politoloq qeyd etdi ki, hazırda cəbhədə nisbi sakitlik olsa da, bu, Azərbaycanın müvəqqəti gözləmə mövqeyidir: “Görünür, erməni tərəf müəyyən addımlar atmalıdır. Bunu rəsmi Bakı gözləyir. Bundan əlavə, xarici işlər naziri Mnatsakanyanın Bako Saakyanla görüşü onun Paşinyan iqtidarına tam tabe olmasına hesablanıb. Həmçinin burada müəyyən məsələni separatçıların nəzərinə çatdırır. Çünki Azərbaycan müharibəyə başlasa, ciddi fəsadlar olacaq. Hazırkı durumda separatçıların İrəvan klanına tabe etdirilməsi istiqamətində iş gedir”.

Belə bir durumda Paşinyanla bağlı rusiyalı ekspertin açıqlaması da diqqət çəkir. “Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir”. Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur. “Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək. Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”, - Markov qeyd edib.

M.Əsədullazadə bu haqda danışarkən dedi ki, Markov daim Qarabağ münaqişəsinin həlli barədə optimist fikirlər söyləyib, amma bu, reallaşmayıb: “Hər zaman erməni tərəfi məsələni daha da çətinləşdirib. Paşinyan Qərbin adamıdır və Qərb konfliktin ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. Vaşinqton da Paşinyanı münaqişəni həll etməyə, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmağa çağırıb. Paşinyan bilir ki, əraziləri qaytarsa, ölkə inkişaf edər. Onu da bilir ki, bu onun sonu ola bilər”.

Ermənistanın təxribatçı davranışlarına daha bir misal kimi işğal altındakı Kəlbəcər rayonu ərazisində yeniyetmələr üçün yeni təlim düşərgəsi yaradılmasını qeyd etmək olar. Məlumata görə, təlimə gələnlər əsasən Zəngəzur, Qarabağ və Gürcüstanın Cavaxetiya bölgəsindən toplanan gənclərdən ibarətdir. Təlimlər zamanı yeniyetmələr dağlıq şəraitdə döyüşlər, yüksəkliklərin ələ keçirilməsi və qorunması, dağ cığırlarına nəzarətlə bağlı praktik təlim reallaşdırılıb. Hərbi təlimlərin təşkilatçısı Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təcavüzdə aktiv iştirak edən kəşfiyyatçı Vova Vartanov olub. O, Kəlbəcərdə VOMA döyüş düşərgəsi yaradıb və potensial müharibə üçün ordu formalaşdırır. Düşmən təxribatları bir-birini əvəz edir. Beynəlxaql aləmsə Bakını sülhə sadiq olmağa çağırır...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR