“Region nəhənginə çevriləcəyik” - TƏHLİL

3-08-2019, 16:50 287 dəfə baxılıb

“Region nəhənginə çevriləcəyik” - TƏHLİL


Son illərdə Qərbdən Azərbaycana yönəlik gələn təhdidlərin səngidiyi müşahidə olunur. Xüsusilə, 2014-cü ildə rəsmi Bakının bir sıra QHT-lər barədə sərt addımlar atmasından, eləcə də, bəzi beynəlxalq qurumların ölkəmizdə fəaliyyət göstərən mərkəzlərini bağlamasından sonra təzyiqlər sürətdə azaldı. Bu da bəzi suallara yol açıb.

Hazırda Azərbaycana hansı istiqamətlərdən təhdidlərin ola biləcəyi müzakirə edilir. İlk olaraq göz önünə qonşu ölkələr Rusiya və İran gəlir. Hər iki dövlətin istənilən vaxt ölkəmizə təzyiqlər edə biləcəyi vurğulanır. İndiki şəraitdə Azərbaycanın hələ ki uğurla yürütdüyü balanslı siyasətlə təhdidlərə imkan vermədiyi qeyd olunur.

Politoloq Əhəd Məmmədli təhdidlərin aradan qalxmadığını düşünür: “Qərbin təzyiqlərini heç vaxt səmimi saymamışam. Çünki həmişə maraqlarını güdüblər. Demokratiya, insan haqları, söz azadlığı və s şüarlar isə onlar üçün maraqlarını təmin etmək üçün şırmadan başqa heçnə olmayıb. Azərbaycan hökuməti ilə Qərb həmişə çox gözəl anlaşıblar. Seçkilər ərəfəsində vəziyyət fəallaşanda Amerika, Avropa beynəlxalq təşkilatları vasitəsilə Bakıya özünəməxsus təzyiqlərə yenə başlayacaqlar. İstədiklərini növbəti dəfə alandan sonra vəziyyət səngiyəcək. Bu hal 26 ildir davam edir. Azərbaycan bu təzyiqlərin qarşısını müxtəlif qeyri-rəsmi vasitələrlə alıb, ona təzyiq edənlərin maraqlarını həmişə təmin edib. Qərbə söykənən, inanan müxalifətə gəldikdə isə, onlar Qərblə Bakı arasında alverdə həmişə maşa rolunu oynayıblar. Bu maşa lazım olanda işə salınır, istifadə müddəti bitəndən sonra kənara atılır. Ölkəmiz ərazi bütövlüyünü təmin etməyənə, dövlətlə xalq bütövləşməyənə qədər təhdidlər həmişə qalacaq.”.

Politoloq fikirlərinə bu cür davam etdi: “Rusiya Əlikramçılar və sadvalçıların vətəninə çevrilib. Ermənistan da bu ünsürlərdən Azərbaycana qarşı istifadə edir. Düşmənimiz Ermənistan Azərbaycana qarşı hər sahədə fəaliyyətdədir. İrəvanda mütəmadi olaraq Azərbaycandakı məsələlərlə bağlı beynəlxalq konfranslar keçirilir. İrəvan, Azərbaycanı qarışdırmaq istəyən müxtəlif separatçılar, ekstremistlərin mərkəzinə çevrilib. Azərbaycan isə bu yöndə nəyə görəsə adekvat addımlar atmır. Bildiyiniz kimi, Ermənistanda yezidlər milli azlığı var. Son inqilabdan sonra Ermənistanda yezidilərlə ermənilər arasında problemlər yaşandı. Düzdür buna Moskvanın əlidir dedilər. Kimin əli olursa olsun, fakt odur ki, yezidilərlə ermənilər bir-birləri ilə problem yaşadılar. Və yaxud Dağlıq Qarabağdan olan ermənilər var, indi xaricdə yaşayırlar. Onlar özlərini erməni deyil, alban sayırlar. Qarabağı da Azərbaycanın ərazisi hesab edirlər. Məsələn, aprel müharibəsində xaricdə yaşayan Dağlıq Qarabağ kökənli albanlar arasında açıq-aşkar Azərbaycanın tərəfini tutanlar oldu. Həmin albanlar erməniləri onları assimilə etməkdə ittiham edirlər. Niyə rəsmi Bakı həmin adamları Azərbaycana dəvət etmir? Bakıdakı erməni kilsəsini alban kilsəsi kimi təqdim edib, Azərbaycanda alban patriarxlığı qura, alban və yezidi kartından istifadə edə bilərik. Bakıda, Ermənistanda alban və yezidi problemləri ilə bağlı beynəlxalq konfranslar da keçirmək mümkündür. Dünya üzrə səpələnmiş Ermənistan yezidilərini, Dağlıq Qarabağ albanlarını Azərbaycana dəvət edib onlarla ciddi iş aparmalıyıq. Bütün bunları etsək düşmən Ermənistana qarşı adekvat addımlar atmış olarıq. Həqiqətən böyük dövlət, təkcə sözdə deyil, əməldə də region lideri olmaq istəyiriksə yezidi, alban, Borçalı, Cənubi Azərbaycan, Dərbənd kimi bütün kartlardan istifadə etməliyik, cavab hüququnu özümüzdə saxlamaq şərti ilə adekvat addımlar atmalıyıq. Ən azından yezidi və alban məsələlərini ciddi araşdırmalar aparıb, hərəkətə keçməliyik. Mən hələ Rusiya və İranda olan böyük türk-müsəlman amilindən danışmıram. Bütün bu böyük rıçaqları heç olmasa öz müdafiə xətrinə Azərbaycan dövləti işə salmalıdır və bunların üstündə çox ciddi və məsuliyyətli şəkildə işlənilməlidir. Azərbaycanı qarışdırmaq istəyən, bizdən ərazi güdən düşmənlərimiz anlamalıdırlar ki, biz də onların zəif yerlərindən istifadə edəcəyik. Unutmasınlar ki, onların zəif yerləri, bizim zəif yerlərimizdən daha çoxdur. Həqiqətən güclü, lider ölkə olmaq istəyiriksə sözdə dost, lakin əməldə dost olmayan qonşularımız kimliyindən, böyüklüyündən asılı olmayaraq Azərbaycan dövlətindən çəkinməlidirlər. Ancaq bu halda nəinki ərazi bütövlüyümüzü, təhlükəsizliyimizi təmin edəcəyik həm də ərazilərimizi genişləndirib, böyük məqsədlərimizə çatıb ən azından region derjavasına çevriləcəyik. Hədəf ancaq bu olmalıdır”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR