Azərbaycanlı oliqarx Fərhad Əhmədov indi də müxalifəti pislədi - reaksiyalar

20-12-2019, 12:16 248 dəfə baxılıb


Azərbaycanlı oliqarx Fərhad Əhmədov indi də müxalifəti pislədi - reaksiyalar
Rusiyalı milyarder Fərhad Əhmədov yenidən öz sosial media hesabından Azərbaycandakı vəziyyətə dair fikirlərini yazıb. Contact.az xəbər verir ki, milyarder bu dəfə yazıb ki, Azərbaycanda radikal yox, konstruktiv müxalifət olmalıdır. F.Əhmədov indiki müxalifəti müxalifət hesab etmir: “Ölkədə islahatlar başlayıb, amma onlar insanları küçələrə çağırırlar. Niyə çağırırlar? Axı onların nə liderləri var, nə proqramları, nə konstruktiv fikirləri, nə də ideoloji platformaları”.

F.Əhmədov bildirib ki, Azərbaycanda geniş rezonans doğuran və tənqid edilən bundan əvvəlki məqaləsini yazarkən Birləşmiş Ərəb Əmirliyində öz yaxtasında olub və ailəsi ilə orada dincəlir.

O, niyə birdən müxalifət haqda yazdığını belə əsaslandırıb: “Çünki problemlərin çoxaldığını görüncə səssiz qala bilmirəm. İşgüzar və siyasi təcrübəm olduğundan böhrandan necə çıxmaq barədə anlayışım var. Bu, mənim öz qərarımdır. Heç kim məni buna məcbur etmir və mən heç nə əldə etmək istəmirəm”.

Oliqarx F.Əhmədovun seçkiqabağı aktivləşməsi, həm hakimiyyətə, həm müxalifətə “reseptlər” təklif etməsi, konstruktiv müxalif qüvvələrin zəruriliyini qeyd etməsi maraq doğurur.

Axı niyə indi F.Əhmədov fəallaşıb və hazırkı müxalifəti müxalifət hesab etmədiyi halda, konstruktiv müxalifət dediyi model, vitrin necə olmalıdır?

Bu məqalənin seçkilərə iki ay qalmış, reklam əsaslarla müzakirəyə çıxarılmasının motivlərini anlamaq elə də çətin deyil. O zaman bu mesajdan nə anlamaq mümkündür?

Fazil Mustafa: “O məqalə Rusiyadan Azərbaycana necə parlament qurulması tövsiyəsidir, sadəcə, altına Fərhad Əhmədov imzası qoyulub”

Milli Məclisin V çağırış üzrə deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında sensasion iddia irəli sürdü. Onun sözlərinə görə, həmin məqalənin F.Əhmədov tərəfindən yazıldığına inanmır. F.Mustafa hesab edir ki, yazının fəlsəfəsi Rusiyadan Azərbaycana necə sistem və parlament qurulması tövsiyəsidir: “Sadəcə, altına Fərhad Əhmədov imzası qoyulub. Mən inanmıram ki, yazını özü yazıb. İndiyə qədər Azərbaycanın problemlərini və Rusiyadakı azərbaycanlıların problemlərini dilə gətirməyib. Nə oldu kic indi danışmağa başladı?!”

F.Mustafanın fikrincə, F.Əhmədov parlamentdə konstruktiv müxalifətin olması barədə məlumatsızdır:

“Gərək parlamentdəki çıxışlara baxaydı. Digər tərəfdən, ümumiyyətlə, o, Rusiya vətəndaşıdır və yaxşı olardı oradakı problemləri danışsın. Mənə elə gəlir, bu, Kremldə hansısa dairələrin oyunudur. Bu da yolverilməzdir. Azərbaycana dizayn vermək, necə parlament, necə müxalifət olmalıdır göstərməsində süni konstruksiya alınır”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, F.Əhmədov Azərbaycan dövləti, xalqı və ictimai-siyasi həyatı ilə əlaqəsi olmayan adamdır. Onun sözlərinə görə, bizneslə məşğul olan bu şəxs müxalifətdən heç kəsi tanımır və anlayışı yoxdur: “Onun bu ölkədə hansı xidmətləri olub?

Sərdar Cəlaloğlu: “Rusiya onun dili ilə demək istəyir ki, bunlar hamısı Əli Kərimli kimi radikaldırlar, Milli Məclisə buraxmayın”

Rusiyada xüsusi xidmət şəbəkələrinə bağlı adamdır. Savadsızın biri, oğurluq yolla varlanıb, indi gəlib nəsihət verir. Onun heç bir mənəvi haqqı yoxdur ki, bu ölkəyə ağıl versin. O, nə bilir ki, radikal, konstruktiv, loyal müxalifətlər necə olur? Ümumiyyətlə, təəccüb edirəm ki, bu cür adamların rəyinə əhəmiyyət verilir. Onun Azərbaycan cəmiyyətinə heç bir təsir imkanları yoxdur".

ADP lideri qeyd etdi ki, ilk növbədə hakimiyyət özü onun cavabını verməlidir: “İqtidar ona deməliydi ki, sən kimsən məsləhət verirsən? Nə siyasətçidir, nə ictimai xadimdir, nə bu günə qədər fəallığı olub. Biz hər küçədən keçənə cavab verməli deyilik. Onun söz demək haqqı yoxdur. Fərhad Əhmədova elə gəlir ki, siyasət uşaq işidir və kim istəsə hakimiyyətə, müxalifətə ağıl verə bilər”.

S.Cəlaloğlu qeyd etdi ki, onun məqalə ilə çıxış etməsi Rusiya faktorudur: “Rusiya onun dili ilə demək istəyir ki, müxalifəti parlamentə buraxmayın. Yəni bunlar hamısı Əli Kərimli kimi radikaldırlar, Milli Məclisə düşməsinə imkan verməyin. Onun ”konstruktiv müxalifət olmalıdır" tezisinin mesajı bundan ibarətdir. Belə çıxır ki, guya bu ölkədə konstruktiv müxalifət düşərgəsi yoxdur.

Ona görə də Fərhad Əhmədov kimi adamların ağzı ilə danışırlar və hesab edirəm ki, onun bu cəmiyyətə təsir imkanları yoxdur. Rusiya zaman-zaman Azərbaycanda ictimai-siyasi hadisələrdə varlı adamlardan istifadə edir".

AĞ Partiya sədrinin I müavini Əhəd Məmmədlinin zənnincə, Fərhad Əhmədov özfəaliyyət göstərmir, Rusiyanın təlimatlarını yerinə yetirir. Onun sözlərinə görə, Azərbaycana da Poroşenko və ya İvanaşvili modellərini tətbiq etmək istəyən qüvvələr var: “2013-cü ildə Rusiya fərqli bir layihə ilə çıxış edirdi, bu dəfə başqa projedir. Fərhad Əhmədov guya ağıl verir, amma ölkənin daxili siyasətindən xəbəri yoxdur. Onun dedikləri Rusiyanın Azərbaycanda görmək istədikləri ola bilər. Yaxşı olar ki, həmin islahat paketini Rusiyaya təqdim eləsin. Çünki vətəndaşı olduğu ölkədə müxalif namizədlər seçkidə qeydiyyata belə alınmırlar. Ümumiyyətlə, həmin ”yol xəritəsi"ndə ciddi məntiq yoxdur. Deyir ki, siyasətlə məşğul olmayan hüquqşünaslar, iqtisadçılar deputat olmalıdır".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR