“Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!..”

20-01-2020, 11:46 191 dəfə baxılıb

“Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!..”


Qara yanvar...
Qara qanlar...
Qara anlar...

30 il də ötdü keçdi...

Qara yanvar...

Hələ... Hələ... O gecədən atasını, anasını, övladını arayan var,
Qardaşını, bacısını, öz yarını arayan var...
Bir gün yarım dönər deyə ocaq yanda qarıyan var...

Ömrü keçdi bir igidin...

Müstəqilik? Azalıbmı düşmənimiz, ucalıbmı heç mənimiz?..
Yox... Hələ də azalmayıb, qarı düşmən canımızı az almayıb...

Qara Yanvar...

Hələ... Hələ ... Aramızda neçə-neçə qara yan var,
Sarkisyan var, Köçəryan var, Balayan var, Lalayan var...
Bu millətin dövlətini, sərvətini dədəsinin malı kimi talayan var...
Qara Yanvar qanlarına batan əli yalayan var...
Hələ Şuşa işğal altda, hələ Laçın işğal altda...
Kəlbəcərdə, Füzulidə Samvel, Aşot, Balayan var...
Xocalının alınmayıb heç qisası...
Laçındakı Qara gölü erməniyə bağışlayıb Ağcabədi Ağ gölündə ceyran, cüyür ovlayan var...

Qara Yanvar...
Qara qanlar...
Qara anlar...
Amalında Allah eşqi yaşatmayan, Vətən eşqi, millət eşqi yaşatmayan,
ürəyindən qara qanlar axıtmayan
o anları çətin anlar...

O vaxt dedik; qatilimiz sovet, rus və erməni...
İndi kimlər hey üzümə gülə-gülə uçuruma sürür məni?
Susur, dinmir kimciyəzlər...
Niyə? Niyə, demirlər ki;
Qara Yanvar - tamahımız, nəfsimizdi!
Rüşvətxor, korrupsioner tayfamızdı, nəslimizdi!
Qara Yanvar - seçkilərdə saxtalaşan səsimizdi!..
Bizə düşmən lazım deyil, öz nəfsimiz bəsimizdi!..


Qara Yanvar...

Hələ neçə yaltaq, məddah, hələ quyruq bulayan var,
Özünün saf övladını pulla, zorla vəzifəyə, kresloya pərçim edib korrupsioner şəbəkəyə calayan var...
Ay maşallah, binalar da, küçələr də yaraşıqlı, bəzək-düzək,
Fəxr edirik; altımızda inomarka, yanımızda amerikanka...
Bəs içimiz, mənliyimiz?! Başdan-başa nəcis, təzək...


Qara Yanvar...

Nədən, nə üçün həlak oldu o insanlar?..
Onların tək amalıydı Allah, millət, dövlət, bayraq!
Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!
Onlar həlak olmadı ki, ucaldıb ən uca bayraq, əvəzində ulu xalqın mənliyini yerə yıxaq!..


Qara Yanvar...

Bədənimiz güllələrdən dəlik-deşik, bədənimiz xıncım-xıncım qara-qara tanklar altda!..
Qanlar axdı, canlar çıxdı, kafir yağı evlər yıxdı...
Bu, dünəndi... Bu gün isə mənliyimiz əlil-şikəst, nəfəsimiz kəsilibdi kreditlər, banklar altda...


Qara Yanvar...

Keçmişlərdən danışırıq hayla-küylə...
Heç bu günü arayan var?..
İndi bizə əzab verən ağrılara göz yumaraq ötənlərə ağrıyırıq-
Qorbaçovu, Vəzirovu qarğıyırıq...
Düzdü, onlar günahkardı...
Amma bu gün içimizdən gələn səsə qulağımız hələ kardı...
Guya ki, biz bilmirik ki, Qara Yanvar qırğınının davamçısı başçı, nazir kreslosunda rüşvət yığan tamahkardı?..
Guya ki, biz bilmirik ki, bu millətin baş qatili xalq gözündən pərdə asıb yumurtadan yun qırxmaqda peşəkardı?..


Qara Yanvar...

O gecədə bizi əzib qanımıza qəltan etdi erməniylə Qızıl Ordu...
Çox keçmədi “müstəqillik”, “demokrat” maskasıyla cinayətkar, yaltaq-yultaq başımızda yuva qurdu...
Neçə illər qədərincə lənətlədik ermənini, farsı, rusu...
İndi bizi tapdalayır bu rüşvətxor, bu şərəfsiz, bu imansız cin ordusu...


Qara Yanvar...

Qarakənddə vertolyotda həlak olan o qeyrətli oğulların sirri qaldı qara-qara qutularda,
O uçağı vuranlar da, vurduran da getdi gora qutularda...


Qara Yanvar...

Hakimiyyətin, pulun üstdə qardaşları qardaşlara qırdıran var...
Qardaşını güllələyib rütbə alan, orden alan, neçə “Milli qəhrəman” var...


Qara Yanvar... “Hər şey zamana möhtacdı”
deyə-deyə biri yumdu gözlərini,
sirləri də özü ilə dəfn eyləyib belə getdi...
Qalanları iyirmi il “Bu rejim çürüyübdür, getməlidir! Biz gəlirik!” söyə-söyə vaxtı verdi yelə getdi...
Qara Yanvar – Qarabağın taleyini, qara-qara maşınlarda, portfellərdə qaralayan AŞPA, ATƏT,
başa çıxmış xainlərlə əlbir olub o teatr-mitinqlərdə bu millətin oğulların, enerjisin hissə-hissə bada verən “müxalifət”,
dün cəbhəçi, müsavatçı, bu gün yapçı, sabah mapçı maskasında baş aldadan minsifətdi...


Yetər artıq aldadıldıq, yetər! Bəsdi! Kifayətdi!..


Qara Yanvar... Bitməyibdi... Ruhumuzda, qəlbimizdə gəzir hələ...
“Analoqu tapılmayan” “demokratiya” pambığıyla başımızı kəsir hələ...
Qara Yanvar- rüşvətxor məktəbimiz, gözüqıpıq hicabımız, çılpaqlaşan, arsızlaşan dəbimizdi...
Qara Yanvar – cinayətkar hakimimiz, gözüdoymaz həkimimiz, günü-gündən saxtalaşan dərmanımız, həbimizdi...


Qara Yanvar...

Yad əllərə, yad ciblərə qara qızıl axitmaqdan gözəl Xəzər qaralıbdı...
O gecədə yatanları haqq səsiylə oyadanlar; Vahabzadə torpaq altda, qürbətlərdə haqq dərdindən Mirzə Xəzər saralıbdı...


Qara Yanvar...

“Qara qızıl” alveriylə bu millətin taleyini qaraldan var...
Dayanmadan artır, artır cinayətlər, intiharlar...
Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...


Qara Yanvar...

Qara qanlar...
Qara anlar-

Cinayətkar, rüşvətxor baş oğrular şəhidlərin məzarına gül qoyurlar...
Hələ...Hələ bilmirik ki, gözümüzə kül üfürüb başımıza kül qoyurlar...
Bizə təzə gor oyurlar...


Qara Yanvar...

Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...
Amma şükür, Yaradan var... Nə yaxşı ki, bu torpağın şəhidlərin canı-dildən ağlayan var...
Vətən, millət sevdasıyla aşıb-daşan, çağlayan var...
Çox şükür ki, bu cin, iblis firqəsinin yollarını bağlayan var...
Bu millətə gün verməyib od qoyanı bu dünyada olmasa da, o dünyada dağlayan var...

Sultan Laçın, 2012-2020.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR