İspaniya millisilə “Real”ı ayıra bilməsə də yenə mandat istəyir

5-02-2020, 11:37 304 dəfə baxılıb

İspaniya millisilə “Real”ı ayıra bilməsə də yenə mandat istəyir

Sadə məntiq deyir ki, parlamentin buraxılmasını tələb edən deputatlar növbədənkənar seçkilərə qatılmamalıdırlar. Həmçinin, müşahidələr də göstərir ki, əhalinin böyük qismi həmin şəxslərin əksəriyyətini yenidən parlamentdə görmək istəmir. Əslində, ölkədə elan olunan islahat kursu da bu adamlarla vidalaşmağı diqtə edir.

Lakin istər müstəqil və müxalif sayılan, istərsə də hakim partiyanın siyahısı üzrə namizədliyi verilən şəxslər arasında köhnə parlamentdən qalma, özləri də yeniliklə, müasir dünya görüşü, siyasi proseslərə, ümumiyyətlə, dünyada baş verənlərə baxış açısından xeyli geri qalan kifayət qədər deputat var. Onların arasında hətta əhalinin ironiya ilə qarşıladığı açıqlamalarıyla tanınanlar da az deyil.

Məsələn, 51 Saylı Qusar Seçki Dairəsindən 2 dəfə deputat olmuş və üçüncü dəfəyə də buna iddialı olan Azər Badamov.

Bu deputatın adı ən çox Rusiyada keçirilən Dünya Çempionatı ilə bağlı söylədiklərilə yadda qalıb. Badamov o vaxt demişdi ki, mundialın qalibi Real Madrid” olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.

Maraqlıdır ki, bu açıqlamanı verən Badamov idmanla əlaqəli şəxs – Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını belə bilməyib…

Milli Məclisin “başıaşağı” deputatlarından olan A.Badamov parlamentdə nadir hallarda danışıb, danışanda da əvvəlcədən kağıza yazılan mətnləri oxuyub.

Əvəzində, bu illər ərzində öz şəxsi biznesi, imkanları sarıdan heç də pis təsir bağışlamayıb. Mətbuatda və sosial şəbəkələrdə onun biznesi və obyektlərilə bağlı bir çox məlumatlara və faktlara rast gəlmək olar. Məsələn, araşdırmaçı jurnalist

Cavanşir Həsənlinin deputatla bağlı yaydığı məlumatda deyilir: “YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib".

Azər Badamov bu məlumatla bağlı heç bir açıqlama, təkzib verməyib.



loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR