"Şuşa işğal olundu - rüşvətxorluğu tərgitmədik, odur ki, erməniləşdi, xristianlaşdı..."

4-05-2020, 21:26 331 dəfə baxılıb

"Şuşa işğal olundu - rüşvətxorluğu tərgitmədik, odur ki, erməniləşdi, xristianlaşdı..."
Şuşanın yağışdan sonrakı göy qurşağının və erməni xristian kilsəsinin fonundakı görüntüləri paylaşılıb.

Moderator.az xəbər verir ki, bunu bizlər yox, sosial şəbəkələrin erməni seqmentində erməni dığalar, axçilər paylaşıb.

P.S. Şuşa tanınmaz olub, eləmi?.. Bəlkə biz tanınmaz olmuşuq son 28 -29 ildə Şuşasız, Xankəndisiz, Laçınsız, Kəlbəcərsiz?.. Biz o cənnət güşələri itirənə, onların dərdini çəkənə bənzəmirik axı... Ona görə ki, biz Qarabağın işğalından sonra da ermənilərdən əxz etdiyimiz erməni xislətlərini tərgitmədik. Puldan, vəzifədən ötrü bir-birinə quyu qazmaq namərdliyini, tut arağının, erməni çaxırının küpünə girib, axçiləri qucağında otuzdurub haramçılıqla məşğul olmaq adətini, icra başçısı olub nəinki qaçqın müəllim, həkimlərdən, süpürgəçilərdən, Qarabağ, Şuşa uğrunda həlak olmuş şəhidlərimizin adını daşıyan məktəblərdən belə rüşvət toplamaq “qeyrət”ini...

Hanı 1 Mayı, 9 Mayı Şuşada, İsa bulağında, Saxsı bulaqda, Cıdır düzündə erməni dığa və axçilərlə birgə bayram(!) edən Qarabağın “başbilən”ləri?.. Onlar bir kərə “Şuşa, Qarabağ!” deyə qəti ayağa qalxdımı? Bir kərə müsəlman kimi mərdlik, kişilik nümayiş etdirdilərmi? Yox! Öz keflərindədilər, elə Şuşadakı, Qarabağdakı ermənilər kimi...

Bu 25-30 ildə rüşvətxorlar aldıqca aldı... Elə biz kasıb-kusublar da susaraq onlara dəstək verdik, səs verdik... Onların hər dediyinə maymaqcasına “baş üstə” dedik... Bir qarın çörək üçün, bir qondarma iş üçün, adımızı işə yazdırıb haram pul almaq üçün, övladlarımıza vəzifə alıb “irəli çəkmək” üçün, bir otaqlı əvəzinə, 4 otaqlı qaçqın evi almaqdan ötrü onlara rüşvət verdik... Onları bəslədik son 20-30 ildə... Odur ki, harınlayıb boynumuzda oturdular... İndi də düşürdə bilmirik... İt, eşşşək arısı kimi sarıblar Azərbaycanın gövdəsini... Sorurlar qanımızı, şirəmizi... Onları bir-bir düşürməyin artıq faydası yoxdur... Çoxdular, güclüdülər, dişlidirlər... Ona görə ki, özümüz güc, şirə, can veriririk onlara... Öz maymaqlığımızla, məddahlığımızla, yaltaqlığımızla...

Qarabağı, Şuşanı unutduq, ona qarşı alçaqlıqlarımız, namərdliklərimiz çoxdur bu 25-30 ildə. Saymaqla bitməz... Odur ki, Şuşa da bizdən üz döndərib, erməniləşib, xristianlaşıb və ondan inciməyə haqqımız da yoxdur....

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR