İlin-günün bu vaxtında adam da əzabkeş erməni xalqına nifrət aşılayar?..

21-04-2019, 23:31 330 dəfə baxılıb



Neçə gündü, yenə keçmiş Qarabağ döyüşçüləri, nə bilim, bəzi müxalif mövqeli radikal jurnalistlər, ziyalılar düşüblər cənab Xarici İşlər naziri, hörmətli Elmar Məmmədyarovun üstünə ki, guya bu cənab erməni həmkarıyla son danışıqlardan sonra Azərbaycan ictimaiyyətini təslimçiliyə sürükləyir. Bilmirəm, nə istəyirlər bu Elmar müəllimin yaxasından? Guya ki, bunlar o boyda Xarici İşlər nazirindən çox bilirlər və Azərbaycanı, Qarabağı ondan çox sevirlər? Qardaş, bu kişi işini yekələrin, dünya güclərinin siyasətinə uyğun qurur da. Niyə qoymursuz bir neçə on il də arxayın işləyə, bu Qarabağ məsələsini həll edə? Gücünüz elə Elmar müəllimə çatır? Cəsarətiniz varsa, gedin o yekələrin, Putinin, Trampın yaxasından yapışın... Elmar müəllim neyləsin? Danışıqlarda belə məsləhət olub, o da bunu deməlidir, icra etməlidir də...

Və sizdən fərqli olaraq mən Elmar müəllimin bizləri erməni həmkarlarımızla görüşdürüb-öpüşdürmək siyasətini alqışlayıram. Çox düz edir kişi? Öncə elə bu torpaq dərdi ilə yanıb-yaxılaraq əl-ayağa dolaşıb başımızı ağrıdan bir para qaçqın-köçkün qarabağlı jurnalistləri, yazarları hazırlamaq, yəni yerində oturtmaq lazımdır ki, beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsini sülh yoluyla həll etməyə çalışdığı bir vaxtda aranı qızışdırıb yenidən müharibəyə səbəb olmasınlar. Bunları aparıb o doğma Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam havasında erməni həmkarlarıyla görüşdürsən, İsa bulağında, Cıdır düzündə erməninin tut arağından, çaxırından, konyakından içizdirib sülh, mehribanlıq, qardaşlıq, sevgililik tostları dedirdib dığalarla, axçilərlə qədəh-qədəhə vurdursan, beş dəqiqə sonra bir-biri ilə qucaqlaşıb ağız-ağıza öpüşəcək, sonra da “şalako”, “yallı” gedəcək, hələ bir vaxtilə Zeynəb Xanlarovanın həvəslə oxuduğu “Kür-Araz-Ararat... Gözəldir bu həyat- Qardaş olub Hayastan-Azərbaycan!..” mahnısını da oxuyacaqlar... Belə olsa, həmin radikal yazarlar geri qayıdıb özləri xalqı sülhə, barışığa, növbəti kirvəliyə, qardaşlığa hazırlayacaqlar. Daha ermənilərə nifrət aşılayan yazılar yazmayacaqlar... Nəticədə Azərbaycanda heç kəs cürət edib torpaqların müharibə yoluyla azad olunmasını tələb etməyəcək. Və bu minvalla, nəhayət, Qarabağ məsələsi öz ədalətli həllini tapacaq... Amma indi gündə ermənilərin əleyhinə yazıb xalqın emosiyalarını qızışdırıb Qarabağ problemini həll etməyə imkan vermirlər...

Ay qardaşlar, boş-boş nə yazırsız e, “ermənilər Qarabağda filan kilsə tikdi, filan kənddə məktəb, bağça tikdi, bəhmən yerdə qəsəbə saldı, tarixi abidələrimizi özününküləşdirir, qızılımızı, misimizi, dəmirimizi çıxardıb daşıyırlar...” A kişi, ilin-günün bu vaxtında adam da əzabkeş erməni xalqına nifrət aşılayar. Camaat erməni ilə iş yapır, biznes qurur, erməni lobbisinin qılığına girir, “erməni soyqırımı”nı tanıyır ki, işləri düz getsin, siz də gün axşama qədər bunların əleyhinə yazırsız...
Havayı yerə özünüzü yormayın, onsuz da axırda Elmar müəllim deyən olacaq... Bu kişi neyləsin e, ha tərəfə baxırıq, Allah, Vətən, Qarabağ, torpaq sevgisindən çox, hakimiyyət, vəzifə, var-dövlət, erməni sevgisi görürük...

İlin-günün bu vaxtında adam da əzabkeş erməni xalqına nifrət aşılayar?..Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR