Bayden görəvə gəlir: Azərbaycanla münasibətlərdə nə dəyişəcək?

15-01-2021, 18:07 187 dəfə baxılıb

Bayden görəvə gəlir: Azərbaycanla münasibətlərdə nə dəyişəcək?

Amerikanın yeni seçilmiş prezidenti, demokrat Co Bayden yanvarın 20-də andiçmə mərasimi keçirəcək və rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq. Düzdür, müəyyən dövrlərdə soyuqluq yaransa da, son 4 ildəki Donald Tramp dönəmində Azərbaycan-ABŞ münasibətləri ümumən normal keçdi. Amma bununla belə, qarşıdakı Bayden illərində ölkələrarası münasibətlərdə hansı dəyişikliklərin ola biləcəyi barədə indidən suallar yaranıb.

Belə ehtimal edilir ki, Bayden administrasiyası postsovet məkanında demokratiyaların dəstəklənməsini özünün əsas siyasəti elan edəcək və Cənubi Qafqaz da ABŞ-ın diqqət ayıracağı əsas bölgələrdən olacaq. Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşında Minsk Qrupunun üç əsas həmsədr ölkəsindən biri olmasına baxmayaraq, olduqca passiv rol oynayan ABŞ-ın bundan sonra Qarabağla bağlı danışıqlarda daha aktiv iştiraka can atacağı proqnozlaşdırılır. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyacağı, bu mərhələdə münasibətlərdə ciddi dəyişikliklərin olacağı iddia olunur.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bölgədə vəziyyətin çox dəyişdiyini qeyd etdi: “Amerikanın yeni seçilmiş prezidenti və onun administrasiyası əsasən Barak Obamanın xarici siyasətinə qayıtmağa çalışacaq. O zaman da demokratiya, insan hüquqları məsələsi administrasiyanın ”əsas silahı" kimi istifadə olunur. Lakin dövr dəyişib. Hazırda ABŞ-ın özündə də bu sahədə ciddi problemlər mövcuddur. Dünyada da bir çox şey dəyişib. Administrasiyanın bir çox üzvləri və Demokrat Partiyasının Konqresdəki aparıcı simaları erməni təşkilatlarla sıx əlaqədədirlər. Erməni diasporası onların təzyiqlərini Azərbaycan və Türkiyə üzərinə artırmağa çalışacaq. Amma bir məsələ bunların bütün planlarını pozur.

Bu da onunla bağlıdır ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixdir. Azərbaycan həm BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi, həm də Minsk Qrupunun üzərinə düşən bütün işləri həyata keçirdi. Mənə elə gəlir ki, bu gün bu istiqamətdə hər hansı bir bəhanə tapmaq da mümkünsüzə çevrilib. Çünki bölgədə çox şey dəyişib. Azərbaycan və Türkiyə bir çox proseslərdə mühüm rol oynayır. Birləşmiş Ştatlar bir çox ölkələrdə ümumi təhlükəsizlik məsələlərində Amerikaya verilən dəstəyi nəzərə almalıdırlar. Eyni zamanda enerji məsələlərində, xüsusilə, Avropanın enerji məsələsində oynanılan böyük rolu nəzərdən qaçırmaq olmaz. Obama zamanında olduğu kimi, bir çox söz-söhbətlər ola bilər. Amma Azərbaycana təzyiq, təsir göstərmək, ermənilərin istəklərini reallaşdırmaq imkanları məhdud olacaq".

Politoloq Elçin Mirzəbəyli Baydeninin əsas diqqətinin Şərqə yönələcəyini düşünür: “Baydenin prezidentliyi dönəmində ABŞ-ın qlobal proseslərdə indikindən daha fəal iştirakını gözləmirəm. Buna mövcud reallıqlar, o cümlədən Birləşmiş Ştatların öz daxilindəki problemlər imkan verməyəcək. Bununla yanaşı, ABŞ Aralıq dənizi hövzəsində müttəfiqləri ilə birlikdə yaratdığı problemlərin öz maraqlarına uyğun həllinə nail olmayıb. Bu baxımdan Baydenin əsas diqqətinin daha çox Şərqə yönələcəyini düşünürəm. Postsovet məkanına gəldikdə isə Bayden administrasiyası çox güman ki, daha çox Ukraynaya diqqət ayıracaq və ABŞ-ın Qara dəniz, Baltik dənizi hövzələrində mövqelərini möhkəmləndirməyə çalışacaq. Həmçinin Bayden administrasiyası GUAM-ın fəallaşmasında maraqlı ola bilər ki, bunun da Azərbaycanın maraqlarının əleyhinə olacağını düşünmürəm. Demokratiyaya gəldikdə isə düşünürəm ki, artıq ABŞ-ın demokratiya haqqında nağıllarına kimsəni inandırmaq mümkün deyil. Söhbət dünyanın ayrı-ayrı dövlətlərinin siyasi hakimiyyətlərinin yanaşmasından getmir. Ümumiyyətlə, daha qlobal miqyasda ictimai rəy ABŞ-ın əleyhinədir və artıq bu ölkənin ”demokratiya hakimi" statusuna yiyələnmək cəhdi ilə heç kim hesablaşmayacaq. Baydenin prezidentlik dönəminin əhəmiyyətli hissəsi postpandemiya dövrünə təsadüf edəcək. Bu dövr üçün isə prioritet olan məsələlər daha çox iqtisadiyyatla bağlı olacaq. Bu səbəbdən də ABŞ-ın yeni prezidentinin 4 il müddətində, hansısa ciddi dəyişikliklərə nail ola biləcəyini düşünmürəm. Dünya dəyişib. Pandemiyadan sonrakı dövrdə isə daha da dəyişəcək. Artıq regional və subregional əməkdaşlıq təşkilatları və bu təşkilatlar çərçicəsində iqtisadi münasibətlərin inkişafı ön plana keçəcək. Bu kontekstdə yeni siyasi-hərbi əməkdaşlıq formatlarının ilkin təzahürlərinin meydana gəlməsi də mümkündür. “Qarabağla bağlı danışıqlar” məsələsinə gəldikdə isə belə “danışıqlar” üçün hər hansı bir əsasın olduğunu düşünmürəm. Əgər buna cəhd olsa da belə, fiaskoya uğrayacaq. Proses artıq kənar qüvvələrin müdaxiləsinə açıq deyil".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR