Azərbaycana qarşı nifrət niyə artır? - Dunya Myatoviç, vasitəçiliyiniz başınıza dəysin!

30-04-2021, 17:04 128 dəfə baxılıb

Erməni faşizminə və havadarlarına qarşı mücadilə səfərbərlik tələb edir.
Cəmiyyətdə "biz unutqan xalqıq” sitəmini edənlər nədənsə dövrün dəyişdiyini, özünü ifadə etmək, tələbini irəli sürmək üçün yeni imkanların yarandığını görmürlər.

Artıq bəllidir ki, qlobal dövrün çağırışlarından bəhrələnib, xalqımızın və bütün Türk Dünyasının baş bəlasına çevrilmiş mənfur ermənilərin və havadarlarının məkrli şəkildə qanunverici, diplomatiya və informasiya səviyyəsində həyata keçirdikləri bütün təxribatları çevik, israrlı və ardıcıl hərəkətə keçməklə qabaqlamalıyıq. Mütəşəkkil səfərbərlik çox vacibdir, cünki erməni faşizmi daim pusqudadır. Ağır məğlubiyyətə uğramış və "dəmir yumruğun” ləzzətini dadmış ermənilərin, onları düşdükləri çıxılmaz durumdan çıxarmağa çalışan havadarlarının müharibə ərzində və sonrakı dövrdə daha da fəallaşması məhz bunu diktə edir.

Hazırda iki qardaş dövlətə – Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq güclərin təzyiqlərinin artdığı göz qabağındadır. Türkiyə, İsrail, Pakistan, Ukrayna, İtaliya, Böyük Britaniya kimi dövlətlərin siyasi və mənəvi cəhətdən dəstəklədikləri ölkəmizin 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmasını, bölgədə Azərbaycan və Türkiyə dövlətlərinin mövqelərinin güclənməsini gözü götürə bilməyənlər müxtəlif hoqqalar çıxarmaqla məşğuldurlar.

Rusiyanın minbaşlı oyunları, ABŞ Prezidenti Cozef Baydenin əsassız, tarixi gerçəkliyə, demokratik və beynəlxalq hüquq normalarına zidd olaraq "erməni soyqırımı” ifadəsini işlətməsi, deputat Fransua Pupponinin Azərbaycana qarşı növbəti qətnamə layihəsini Fransa parlamentinə təqdim etməsi düşmənlərimizin məkrli oyunların tükənməzliyindən xəbər verir. Və bu dövlətlərin hamısı guya Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmaq üçün neytral vasitəçilərdir. Avropalı komissar Dunya Myatoviç incisə də, deyirik: "Vasitəçiliyiniz başınıza dəysin!”.

Üstəlik, "Freedom House” və "Sərhədsiz Reportyorlar” təşkilatlarının növbəti hesabatlarında Azərbaycanın avtoritar rejimlər siyahısında qaldığını elan etməsi, söz və media azadlığı sahəsində ölkəmizi qara siyahıda göstərməsi, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Prezident İlham Əliyevə göndərdiyi məktubda Bakıda Hərbi Qənimətlər Parkının açılmasından təəssüflənməsi, bunu düşmənçiliyin güclənməsinə xidmət edən amil kimi qələmə verməsi, müharibədən sonra Azərbaycanda terrorçu əməliyyatlar törətdiklərinə görə əsir tutulan erməni hərbçilərinin taleyi üçün narahatlıq bildirməsi barış yaratmaq cəhdləri deyil, hoqqabazlığın eybəcər əlamətidir. Görəsən, Gəncədə uşaq, qadın meyitləri ermənilərin bombardman etdikləri evlərin dağıntıları altından çıxarılanda, Bərdədə insanlar öz avtomobillərində diri-diri yandırılanda Myatoviç və onun kimi "canıyananlar” harada idilər?

Bəşəri dəyərlərin, insan hüquqlarının qorunmasını, dövlətlərin mehriban qonşuluq şəraitində yaşamasını hər kəs, hamıdan öncə isə uzun illər haqqı tapdanan Azərbaycan vətəndaşları istəyir. Azərbaycan dövləti təkbaşına milyona yaxın qaçqın və məcburi köçkün vətəndaşının hüquqlarının ermənilər və havadarları tərəfindən kobudcasına tapdanmasına son qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz vətəndaşlarımızın Qarabağ torpaqlarında yaşamaq hüququnu, qürurunu, namusunu və şərəfini özünə qaytarıb.

İlk baxışda beynəlxalq təşkilatların müqəddəs missiya daşıdıqlarını düşünmək olar. Uzaq Vaşinqtonda, Nyu Yorkda, Parisdə mənzil qərargahları olan beynəlxalq təşkilatların Azərbaycanda fərqli fikir səsləndirən hansısa jurnalistin, siyasətçinin, ictimai xadimin və digər şəxslərin hüquqlarının müdafiəsinə qalxması, onun azadlığa buraxılmasını tələb etməsi demokratik dəyərlərə hörmət və qanunun aliliyinin qorunması təsiri bağışlaya bilər.

Lakin 30 ilə yaxın dövrdə özlərini hüquq-müdafiə təşkilatları adlandıranlar, müxtəlif avropalı komissarlar torpaqlarımızın işğal olunmasına, ərazi bütövlüyümüzün pozulmasına, ermənilərin təcavüzkar siyasətinə, dəhşətli Xocalı soyqırımına, milyona yaxın azərbaycanlının öz Vətənində evlərindən qovulmasına, qaçqın və məcburi köçkün durumuna düşməsinə, əsir götürülməsinə, erməni faşistlərinin işgəncələrinə, təhqirlərinə məruz qalmasına susublar. Buna görə xüsusi bəyanatlarla çıxış etməyiblər. Myatoviç və başqa "canıyananlar” Ermənistanın quldur prezidentlərinə məktub yazmayıblar, Azərbaycanla düşmənliyin gücləndirilməsinə etirazlarını bildirməyiblər, azərbaycanlı əsir və girovlardan ötrü narahatlıq duyduqlarını dilə gətirməyiblər.

Ermənistanın yeni torpaqlar işğal etmək məqsədilə Azərbaycana 2016-ci ilin aprelində, 2020-ci ilin iyulunda və sentyabrında genişmiqyaslı hücumlara keçdiyi, ərazilərimizdə diversiyalar, hərbi təxribatlar törətdiyi, Gəncəni, Bərdəni, Mingəçeviri, Tərtəri, Ağcabədini və digər şəhər və kəndlərimizi raket atəşinə tutub dinc sakinləri qətlə yetirdiyi zaman da səslərini çıxarmayıblar.

Ermənilərin Los-Ancelesdə, Torontoda, Belçikada və Niderlandda etnik zəmində azərbaycanlılara hücum etmələrinə, onalara xəsarət yetirmələrinə də biganə qalıblar. Kaliforniyada yaşayan azərbaycanlıların ermənilər tərəfindən təhdid edilməsi faktlarına da beynəlxalq təşkilatların hesabatlarında rast gəlmək mümkün deyil.

Döyüş meydanından kənarda yerləşən Gəncədə və Bərdədə dinc vətəndaşlarımızın – qadınların, uşaqların, ahılların bombardman nəticəsində həlak olmaları, maşınlarda diri-diri yandırılmaları, yaşayış məskənlərinin xarabazarlığa çevrilməsi, infrastrukturların dağıdılması, ermənilərin qeyri-qanunı şəkildə məskunlaşdıqları Kəlbəcəri və Laçını tərk edərkən azərbaycanlıların evlərini, meşələri yandırmaları, Ağdamın, Füzulinin, Cəbrayılın "Qafqazın Xirosiması”na çevrilməsi də beynəlxalq təşkilatların vecinə deyil.

Amma görün Azərbaycana qarşı qərəz və nifrət necə böyükdür ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə və israrlı təkidlərinə baxmayaraq, "Human Rights Watch”, "Freedom House”, "Amnesty İnternational” və UNESCO kimi təşkilatlar erməni faşistlərinin törətdikləri cinayətlərə səssiz qalmaqda davam edirlər. Xaricdə yaşayan azərbaycanlıların bu təşkilatlara ünvanladıqları müraciətlər cavabsız qalır, soydaşlarımız Azərbaycanın səsinin duyulması naminə bu təşkilatların ofisləri qarşısında aksiyalar keçirməyə məcbur olurlar. Mövcud halın artıq Azərbaycanda əməkdaşlıq etdikləri media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən qınanılmasını gördükdə, "Human Rights Watch” və "Amnesty İnternational” təşkilatları işğalçı ilə işğala məruz qalanı, müharibəni başlayanla müharibədən müdafiə olunanı eyni tərəziyə qoyan bəyanatlar verməklə kifayətləndilər. Dunya Myatoviçin inciməyinə rəğmən deyirik: "Bəyanatlarınız başınıza dəysin!”.

Əslində, ölkəmizdə fundamental azadlıqların qorunmasını, söz, ifadə və media azadlıqlarının, insan hüquqları sahələrində ortaya problemlərin çıxmamasını, Vətənə xəyanət istisna olmaqla, siyasi və tənqidi baxışlarına, fərqli mövqeyinə görə həbslərin olmamasını biz həmin beynəlxalq təşkilatlardan daha çox istərdik. Bu, ölkəmizdə birliyin, həmrəyliyin və etimadın güclənməsinə, vətəndaş cəmiyyətinin inkişafına təkan verər. Hazırda cəmiyyətimizin sağlamlaşdırılması naminə siyasi-iqtisadi və sosial islahatların dərinləşdirilməsinə, jurnalistikanın təməl prinsiplərinə əməl edən müstəqil medianın inkişaf etdirilməsinə böyük ehtiyac var. Bunu kimsə inkar etmir. Elə son illərdə Azərbaycan hakimiyyətində kadr islahatları ilə bağlı aparılan dəyişikliklər də cəmiyyətdə buna böyük ümidlər yaradıb. Əsas məsələ odur ki, mənfur düşmənlərimizə və onların havadarlarına hər hansı bəhanə tapmağa imkan verməyək. O zaman beynəlxalq təşkilatların da ölkəmizi hansısa qara siyahıya salması üçün bəhanələri qalmayacaq.
KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR