Azərbaycanlılarla gürcülər arasında gərginliyi kimlər körükləyir?

3-04-2019, 09:51 315 dəfə baxılıb

Azərbaycanlılarla gürcülər arasında gərginliyi kimlər körükləyir?



Asim Mollazadə: “Gürcüstanda erməni icması var və onların təxribat xarakterli planları ola bilər”
Gürcüstanda azərbaycanlılarla bağlı sular durulmur, sanki süni gərginlik yaratmaq istəyən “sehrli əllər” prosesləri körükləyirlər. Axalkalakidə Xocalıda qanlar tökmüş erməni terrorçusuna abidə qoyulması ilə azərbaycanlıları ayağa qaldıran, Gürcüstan hökumətinə qarşı qoyan gizli qüvvələr indi də qarşıdurmanı yeni fazaya keçirmək üçün cəhd edirlər.

“Yeni Müsavat” xəbər verir ki, aprelin 1-də Tsalka rayonunun Bareti kəndində azərbaycanlılar və gürcülər arasında kütləvi dava bu prosesin davamı kimi görünməkdədir. Rusiyada restoranda azərbaycanlılarla çeçenlər arasında olan əlbəyaxanın ardınca Gürcüstanda kütləvi toqquşma olması Qafqaz xalqları içində nifaq toxumları səpilməsinə cəhd göstərildiyi mənzərəsi yaradıb.

Bəzi təhlilçilər bu hadisələri Gürcüstanın Rusiyadan siyasi müttəfiqlik və strateji əməkdaşlıq baxımdan qopması ərəfəsinə təsadüf eləməsini, Kremldəki bəzi dairələrin ssenarisi kimi analiz edirlər.

Bu qızışdırıcı siyasətin tərkib hissəsi 2018-ci ildə azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda 12 328 kvadratmetr torpaq sahəsinin Gürcüstan Patriarxlığına bağışlanmasıdır.

Düzdür, ermənilərin sıx yaşadıqları Axalkalaki rayonunda Patriarxlığa bağışlanmış torpaq sahələrinin ümumi sahəsi 12 516 kvadratmetr təşkil edib, lakin gürcü hökuməti Patriarxlığa torpaq sahələrinin hansı məqsədlə havayı təqdim edildiyini bir qayda olaraq açıqlamır.

Lakin bu da son deyil. Ötən ay Krtsanisi hərbi hissəsində xidmət edən əsgər Kazım Qəhrəmanovun döyülməsi və ondan pulun tələb olunması faktı üzrə 2 hərbçi istintaqa cəlb olunub.

Maraqlıdır ki, dünənə qədər Gürcüstanda azərbaycanlılarla bağlı ardıcıl belə hadisələr yaşanmırdı, soydaşlarımız əsasən təhsil, ana dili, aqrar sahədə olan problemlərdən vaxtaşırı şikayətlənirdilər.

Amma son aylarda erməni qatilə abidə qoyulması, gürcü-azərbaycanlı davası, Patriarxa azərbaycanlıların torpağının bağışlanması, azərbaycanlı əsgərin döyülməsi təsadüfə oxşamır, Moskvadan uzaqlaşmaqda olan rəsmi Tiflisə qarşı siyasət kimi dəyərləndirilir.

Azərbaycanlı və yerli svanlardan ibarət iki qrup arasında qarşıdurmaya gəlincə, iki nəfər xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər.

Versiyalara görə, qarşıdurmaya səbəb iki ay qabaq dini zəmində baş vermiş mübahisə göstərilir.

Amma bəzi kənd sakinləri buna siqaretin səbəb olduğunu bildirirlər. Polis bir neçə gündür Bareti kəndində 24 saat rejimdə ictimai asayişi qoruyur.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, hər bir hadisə ayrıca araşdırılmalıdır: “Əgər azərbaycanlıların hüquqları pozulursa, insan hüquqları təşkilatları bu prosesə cəlb edilməli və qarşısı alınmalıdır. Amma Gürcüstan dövləti tərəfindən sistemli şəkildə azərbaycanlıların hüquqlarının pozulması halları müşahidə olunmur”.

A.Mollazadənin fikrincə, Gürcüstanda erməni icması var və onların təxribat xarakterli planları ola bilər ki, azərbaycanlılarla gürcülərin münasibətlərini pozsunlar: “Məqsəd bizim ortaq işlərə problem yaradılmasıdır. Lakin inanmıram ki, buna nail olsunlar. Bizi birləşdirən amillər var, hər iki xalq arasında yüksək dostluq və qonşuluq əlaqələri qurulub”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR