Ağdaş camaatından heç gözləməzdim...

16-09-2019, 09:46 545 dəfə baxılıb


Ağdaş camaatından heç gözləməzdim...

Bu yaxınlarda bir qrup Ağdaş sakininin Ağdaşın İcra hakimiyyəti başçısı Tofiq İbrahimov haqqında Prezidentə müraciətinə rast gəldim. Bundan çox üzüldüm. Tofiq İbrahimov əslən Qəbələdəndir, həmyerlimdir.
Tarix boyu Ağdaş və Qəbələ camaatı biri-birindən dolanıblar. Bizim bazarlarda onlar meyvə tərəvəz satıb, onların bazarlarında biz qoz, fındıq, şabalıd satmışıq.Vaxt olub ki, Ağdaş və Qəbələ hətta bir rayonun tərkibində də olub. Ağdaşa qız verib, qız almışıq. Yəni biz ağdaşlılarla çox yaxın olmuşuq. İndi bir qrup ağdaşlı bizim bu dostluğa, qardaşlığa kölgə salır.
Ay Ağdaş camaatı. Ayıb deyilmi sizə? Utanmırsınızmı? Biz bir elliyik. Bax birneçə il bundan qabaq,ağdaşlı Etibar Abdıyev Qəbələyə gəldi.Qəbələnin polis rəisi oldu. Qəbələni soydu, çapdı, taladı.Yığdı, yığışdırdı.Hələ təkcə Bılıx kəndi tərəfdə min hektar əkin sahəsi aldı. Ağdaşda hektarlarla meyvə bağları saldı qəbəlilərin puluna. Qəbələdə, Bakıda villalar tikdi. Meşələrdə ağac qoymadı. Kəsdirdi , yeşik taxtası, parket doğratdı.Özünə gül kimi şərait yaratdı. Biz, Qəbələlilər ona gözün üstə qaşın var demədik.Niyə? Çünki bilirdik ki, bu yetim, kasıb, görməmiş bir adam olub.Adi “pojarnik” olub. Heç orada da işləyə bilmirmiş. Bunun Kamaləddin müəllimlə qohumçuluğu varmış arvad tərəfdən.Gəlib , çıxıb bu səviyyəyə. Adam paxıl olmaz axı.Biz də paxıllıq eləmədik ki, görməmiş adamdı. İndi arvad tərəfdən naxış üzünə gülübdü. Nə olar? Yetimə qoğal haramdı? Qoy indi yesin də. Hətta getdi, rusdan qalma bütöv bir hərbi şəhərciyin küçələrinə öz qohumu (əmisiydi bildiyim qədər) Muxtar Abdıyevin adını verdirdi. Amma siz gör nə qədər paxıl insanlarsınız, gör nə qədər gözünüz başqasını götürməyən adamlarsız ki, Tofiq qaqaş qəbələlidir deyə, qalxıb ondan Prezidentə şikayət edirsiniz.Siz heç bilirsinizmi ki, o, adi, sarı torpaq şirəli daxmada böyümüş adamdı? Zülüm çəkmiş, kasıbçılıqdan gəlmiş biridi, bilirsizmi? Bu adam adi ofisantlıqdan başlayıb.Onun-bunun stolun üstün silib, qabağına çay, yemək aparıb bir tikə çörəyə görə.Vaxt olub ki, özündən balaca, az qala oğlu yaşda yaramaz biri, acığı tutub ki, “bu nə qulluqdu?”, təpiklə vurub bir barmağını qırıb Tofiq müəllimin.İndi bu yetimin də taleyi gülüb üzünə.Kamaləddin müəllimlə qohumluğu vardı, bacısı qızı tərəfdən.Çəkib, aparıblar qabağa. Görməmiş adamdır.İndi tikir, yaradır özüyçün. Qəbələdə çay yatağı, nə bilim dağ ətəyi hər yanda tikir, balalrı üçün gün ağlayır. İndi onun balaları da bu millətin balası döyülmü? Niyə ağırınıza gəlir?
Baxın, bizim rayonun indiki icra başçısı Səbuhi Abdullayev Qəbələyə təzə gələn vaxtlarında110 manatlıq kostyum almışdı, üç ay pulunu ödəyə bilmirdi. Səkkiz ay kirədə qaldığı evdən bayıra atdılar. Ev kirəsini vaxtlı vaxtında verə bilmirdi. Səbuhi müəllim o boyda “San Marino” universitetini bitirmişdi. Çəkdilər qabağa. Başçı qoydular. Başladı rayonu çapıb, talamağa. İndi, məsələn Həmzəlli kəndinin şəhərə yaxın ərazisində, çay kənarında bir şadlıq evi tikdirib ki, dörd milyona başa gəlib. “Qəbələ İnşaat” MMC - o boyda inşaat materialları satış obyekti bunun əlindədir. Zarağan kəndində, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Alyoşa oğluyla ortaqlaşıb, bir hotel tikdirir ki, qiyməti bilinmir.Hətta , Qəbələ Rayon İcra Hakimiyyəti üçün müxtəlif mal və xidmətlərin alışını nəzərdə tutan dörd tenderi də özünün “Qəbələ İnşaat” MMC şirkətinə uddurub. Heç kimin də etirazı yoxdur. Bakının Bayıl qəsəbəsində , 20-ci paralel küçəsində, hər iki tərəfdəki obyektləri alıbdı bu adam. Şamaxıda belə daş-çınqıl karyerləri var. Qəbələyə gəlməzdən qabaq Şamaxıda , Kamaləddin müəllimin obyektlərində “prorablıq” edirmiş. Elə çalıb, çapmaq işini də orada təkmilləşdirib. Əvvəl nisyə paltar alan mübarək zat indi heç İtaliyadan başqaları gətirən kostyumu belə bəyənmir. Özü gedib Fransadan alır.Biz ona gözün üstə qaşın var deyib, çörəyinə nəfs atmırıq.Siz niyə bu qədər paxılsız ay ağdaşlılar?
A kişilər. Bizim küçələr batır, gedir.Ara küçələrdə gəzmək mümkün deyil. Prezident bizim küçələrin abadlığına ayırdığı pulun 10 faizini Ağdaşa ayırmır,amma sizdə küçələr bizdəkilərdən daha abaddır. Daha bu İbrahimov Tofiq müəllim sizinçün nələr etməlidir? İki min baş camışın südün özü yemir ki! Sizlər üçün əlləşir də. Biz aylarla Abdullayev Səbuhinin üzün görmürük. A kişilər.Tofiq müəllim sizin qəbristanları satıbmı heç? Satmayıb. Amma bu Abdullayev Səbuhi müəllim Vəndamdakı adamna “dobro” verib , kəndin qəbristanlığında mağazalar tikirlər. Xilaskar, Qafqaz İslam ordusunun iki şəhid əskərinin oradakı qəbrini belə dağıdıblar. Səbuhi müəllim nə camaatı qəbul edir, nə camaatı sayır. İstəyəndə işdə olur, istəməyəndə olmur.Bu müəllimin sərvəti Tofiq İbrahimovun sərvətindən on qat çoxdur. Heç biz buna söz demişik? Guya biz Səbuhi müəllimin bütün sərvətinin siyahısını çıxardıb, cənab Prezidentə yollaya bilmərikmi? İndi siz niyə camaatı pozursunuz? Sabah da qalxıb, hər rayondan bir qrup paxıl çıxacaq, başlayacaq möhtərəm şəxslərin sərvətinin siyahısın çıxarmağa. Bu bizim millətə, bizim Xalqa yaraşarmı? Adam bəyin, xanın, ağanın üzünə ağ olmaz ay ellilərim.Allah bunların gözünü doydurur bir gün. O qədər bəyin, xanın evi xaraba qalıb ki.Yurdlarında bayquşlar ulayıb ki.
Başınızı aşağı salın, əppəyinizi qazanın..

Hörmətlə, Qəbələ şəhər sakini Azər İsmayılov.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR