Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

4-02-2021, 11:02 228 dəfə baxılıb

Koronavirus – dünyanı bürüyən və insanların həyatını iflic edən bir bəla. Yaşadığımız planet bir ildən çoxdur ki, COVID-19 pandemiyasından əziyyət çəkir. İnsanlar demək olar ki, sosial həyatdan, istirahət və əyləncədən məhrum olub. Lakin ümidverici məqamlar da mövcuddur. Artıq koronavirusa qarşı vaksin tapılıb və istifadəsinə başlanılıb. Belə bir məqamda isə COVID-19-un yeni ştammının yayılması ilə bağlı xəbərlər yenidən həyəcan təbili çalmağa əsas verə bilər.

Bəs görəsən virusun yeni ştammı nə dərəcədə təhlükəlidir və Azərbaycanda yayılması nə dərəcədə realdır?

KONKRET.az-ın ünvanladığı sualları Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla cavablandırıb. Həkimin sözlərinə görə, koronavirusun çoxsaylı ştammları mövcuddur. Mutasiyaya uğrayan yeni ştammın özəlliyi ondan ibarətdir ki, daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Bəzi yerlərdə bunun öldürücülüyünün yüksək olduğunu deyirlər, bəzən isə əksini söyləyirlər. Bununla bağlı ortada konkret fakt yoxdur. Qloballaşan dünyada yaşadığımızdan virusun Azərbaycana gəlməsi tamamilə realdır. Ona görə də, vaksinasiyanı intensiv şəkildə həyata keçirməliyik ki, əhalinin kollektiv immunitetə gedən yolu yaxınlaşsın. Beləliklə də, virusun mutasiya olunmuş forması Azərbaycana gəlib tüğyan edə bilməsin”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda bir ildən çoxdur ki, toyların keçirilməsinə qadağa qoyulub. Bu isə ailə qurmaq istəyənlərin arsuznu puça çıxarır. Lakin indiki vəziyyətdə ölkədə virusa yoluxanların sayında azalma müşahidə edildiyindən, toylara icazə veriləcəyi ilə bağlı ümidlər yaranır. Professor Adil Qeybulla bildirir ki, toylara icazə verilib-verilməməsi epidemioloji vəziyyətdən asılı olacaq: "Bir müddət sonra vəziyyət dəyərləndirilib, toyların keçirilməsinə icazə verilə bilər. Əgər azalma tendensiyası olsa, əhali arasında kütləvi immunitet yarandığı qənaətinə gəlinsə, o zaman kütləvi tədbirlərə icazə verilə və hansısa formatda bu həyata keçirilə bilər”.

KONKRET.az-ın "toylara icazə verilə bilərmi?” sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə "o barədə rəsmi qərar olanda elan edəcəyik, hələlik heç bir söz deyə bilmərəm, məndə bununla bağlı məlumat yoxdur” cavabını verib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR