Eltun Süleymanov: “Hərbi Qənimətlər Parkı bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir ibrət dərsidir”

1-11-2022, 14:46 70 dəfə baxılıb

Eltun Süleymanov: “Hərbi Qənimətlər Parkı bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir ibrət dərsidir”


“Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Bu iqtisadi müstəqillik son 19 il ərzində möhtərəm dövlət başçımızın yürütdüyü balanslaşdırılmış və praqmatik daxili və xarici siyasətin, ölkəmizdə həyata keçirilən əsaslı islahatların nəticəsində əldə edilmişdir. Cənab Prezident daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynadı. Əgər Azərbaycan iqtisadi cəhətdən müstəqil olmasaydı, biz siyasi müstəqillik də əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Məhz güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 19 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan yalnız münaqişəni sülh yolu ilə həll etmək üçün bütün imkanlar tükəndikdən sonra müharibəyə başlamaq məcburiyyətində qaldı: “Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Ermənilər isə bu müddət ərzində xalqımıza qarşı olmazın qanlı cinayətlər törədirdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupu Azərbaycanın işğal faktı ilə barışması, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etməsi üçün çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Vətən müharibəsinin başlanmasından əvvəlki son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatlarına və təcavüzünə birdəfəlik son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Həmçinin öz müsahibəsində E.Süleymanov Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün 2020-ci ilə qədər beynəlxalq müstəvidə böyük hazırlıq işlərinin həyata keçirildiyini xüsusi vurğulayıb: “Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Nəhayət Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Azərbaycanın tarixi Qələbəsini təmin etdi.”

Sonda müsahibimiz Bakıda yaradılmış Hərbi Qənimətlər Parkının əhəmiyyətindən bəhs edərək bunları deyib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir,” - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR