Eltun Süleymanov: “Dövlət başçımızın müəllifi olduğu çoxşaxəli strategiyalar Azərbaycanın hərtərəfli inkişafını təmin etdi”

12-10-2022, 15:51 69 dəfə baxılıb

Eltun Süleymanov: “Dövlət başçımızın müəllifi olduğu çoxşaxəli strategiyalar Azərbaycanın hərtərəfli inkişafını təmin etdi”


“2003-cü ilin 15 oktyabr Prezident seçkiləri Azərbaycan xalqının strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirdi. Cənab İlham Əliyevin ölkəmizdə yeganə doğru yol olan Heydər Əliyev siyasi kursunun davam etdirilməsi üçün hakimiyyətə gəlişi tarixi zərurət idi. Buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komanda və qətiyyətli lideri görmək istəmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin 2003-cü ilin oktyabrın 1-də söylədikləri xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Əlbəttə ki, uzun illər sonra Azərbaycanın yüksəldiyi bu zirvələr, əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi də Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir. Cənab Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən dövlətimizin başçısı qısa bir zamanda həmin tezisin reallaşmasına nail oldu. Çox keçmədən ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının inkişafı məqsədilə çoxşaxəli strategiyalar hazırlanaraq uğurla həyata keçirilib: “Prezidentliyinin ilk ilindən etibarən cənab İlham Əliyev dayanıqlı inkişaf üçün əsaslı və məqsədyönlü addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Həmçinin cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Dövlətimizin başçısı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.”

Daha sonra E.Süleymanov Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin də Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticəsi olduğunu vurğulayaraq bunları deyib: “Heç şübhəsiz Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Ölkə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işlərinin nəticəsi olaraq təmin edilib. Dövlət başçımızın öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə dəyişildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR