ABŞ meydanı İsrailə verir

17-07-2019, 15:35 358 dəfə baxılıb

ABŞ meydanı İsrailə verir

Vüqar Zufəroğlu: “Yaxın Şərqdə dağıdıcı fəlakətə gətirib çıxara bilər”

“İranla mübarizə aparmağa hazır olan yeganə ordu İsrail ordusudur”. “Jerusalem Post”-un məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu belə bir açıqlama ilə çıxış edib.

Milli Təhlükəsizlik Kollegiyasının üzvləri qarşısında çıxış edən Netanyahu yalnız özünün 2015-ci ildə nüvə sazişinə qarşı olduğunu söyləyib: “Mən sazişin qüvvəyə minməsinin qarşısını almaq üçün təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldım”-Netanyahu belə deyib.

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi isə bir gün öncə İranla birbaşa müharibənin baş verəcəyindən danışıb. O, bildirib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.

İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı yüksəkdir”.

O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri “proksi müharibədən birbaşa münaqişəyə keçib”.

“Bizimlə İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, – israilli nazir əminliklə deyib.

O ki, qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.

“Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”-Xaneqbi belə deyib.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib ki, İranla israil arasında müharibə təhdidləri həmişə mövcud olub. Ancaq bunun iki ildən sonra mütləq mənada baş verəcəyini söyləmək reallıqdan fərqlənir:

“Tərəflər hər dəfə bir-birini ittiham edərək gələcəkdə müharibənin olması ehtimalı ilə bağlı fikirlər səsləndirib. Amma bu gün və ya iki ildən sonra birbaşa İsrail-İran müharibəsinin olması çox böyük dağıdıcı fəsadlara gətirib çıxara bilər. Çünki hər iki ölkənin ciddi nüfuz dairəsi və potensial imkanları mövcuddur. Bu müharibə hər iki ölkə və region üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Amma burada dolayı müharibə ehtimalından da söhbət gedə bilər. İranın hazırda Suriyada, İraqda, Yəməndə mövqeləri xeyli güclənib ki, bu da bölgədə marağı olan digər ölkələri razı sala bilməz. İran bu imkanlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Nəticədə, dolayısı ilə hansısa toqquşmaların olması ehtimalı artır. Lakin iki il ərzində Yaxın Şərqdə xeyli proseslər gedəcək. Bu gün İrana qarşı sanksiyaların tətbiqi və İran ətrafında baş verən proseslər Yaxın Şərqdə hadisələrin çox sürətlə cərəyan etdiyini göstərir. Bu mənada, iki ildən sonra nə olacağını demək çətindir. Ümumiyyətlə, İsraillə İran arasında qarşıdurma onsuz da gedir. İsrail Livanda “Hizbullah”ın mövqelərinə zərbə endirirsə, bu artıq İranın maraqlarının vurulması deməkdir. Yaxud, İranın nəzarətində olan “Hizbullah”, HƏMAS və ya “Haşti-Şaabi” israilə raket atırsa, bu İsrailin maraqlarına təhdid yaradır. Yəni dolayısı olaraq, bu proses gedir və onun gələcəkdə daha gərgin mərhələyə keçməməsi lazımdır”.

Ekspert onu da bildirdi ki, İsrailin Suriya ərazisindəki İran mövqelərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı da istisna olunmur. Ancaq bu ABŞ-ın mövqeyindən asılıdır:

“Suriyada hazırkı status-kvo tərəfləri müəyyən mənada razı salır. Suriyada münaqişənin yenidən alovlanması fəsadlara gətirib çıxara bilər. Amma növbəti mərhələdə bu Türkiyə-ABŞ, Türkiyə-İran, İran-Rusiya münasibətlərindən çox asılıdır. Hətta Suriyadakı İran və Rusiya hərbçiləri arasında silahlı toqquşma baş verib. Bütün bunlar gələcəkdə siyasi proseslərə təsir edəcək amillərdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR