Rusiya-Ukrayna müharibəsi Qara dənizdə yeni və təhlükəli mərhələyə qədəm qoyub. NATO üzvü olan Rumıniya və Bolqarıstan sahillərində ticarət gəmilərinə qarşı hücumlar regional təhlükəsizliyi təhdid edir. “Carnegie Europe” təşkilatının son təhlilində münaqişənin NATO-nun kollektiv müdafiə mexanizmini sınağa çəkdiyi barədə xəbərdarlıq edilib. NATO-nun bölgəyə əlavə patrul təyyarələri, radarlar və pilotsuz uçuş aparatları göndərmək qərarından sonra diqqətlər Türkiyənin qarşısında duran üç kritik riskə yönəlib.
Musavat.com xəbər verir ki, Qara dənizdə təxminən beş ildir davam edən müharibənin dənizdəki təsirləri artıq Ukrayna və Rusiya sahilləri ilə məhdudlaşmır. Oktyabr ayında Rumıniya və Bolqarıstan sahillərində ticarət gəmilərini hədəf alan hücumlar Avropanın təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə yol açıb. Qara dənizin qərbindəki dəniz yollarında baş verən hadisələr bir tərəfdən beynəlxalq ticarəti təhdid edir, digər tərəfdən isə NATO-nun müdafiə öhdəliklərinin hansı şəraitdə işə düşə biləcəyi sualını gündəmə gətirir.
“Carnegie Europe” təşkilatının baş tədqiqatçısı Dimitar Bechevin ötən gün dərc olunan “Qara dənizdə münaqişənin genişlənməsinin qarşısını almaq” adlı təhlilinə görə, oktyabrın 14-də Komor adalarının bayrağı altında üzən Yara J tankeri Rumıniyanın Sulina limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Təhlildə bu hadisənin əvvəlki hücumlardan fərqli olaraq Rumıniyanın müstəsna iqtisadi zonasında deyil, birbaşa ərazi sularında baş verdiyinə diqqət çəkilib. “Carnegie” təşkilatının təhlilin dərc olunduğu vaxt təqdim etdiyi məlumatlara görə, oktyabr ayında eyni sahil xəttində yeddi gəmi hava və dəniz vasitələri ilə həyata keçirilən hücumlardan təsirlənib, 27 dənizçi həyatını itirib.
Bechev hücumların NATO və Avropa İttifaqına üzv ölkələrin təhlükəsizlik zonasına da keçdiyini iddia edib.
Türkiyə, eyni zamanda, Rumıniya və Bolqarıstanın Qara dənizdə sürüklənən minalarla mübarizə aparmaq məqsədilə yaratdığı birgə missiya qrupunun da mərkəzindədir. Bu qrup yeni təhlükəsizlik axtarışlarının əsas istiqamətlərindən birinə çevrilib. “Carnegie” təşkilatının oktyabr ayına aid təhlilində mövcud missiya qrupunun səlahiyyətlərinin genişləndirilməsi ehtimalına diqqət yetirilir.
“Carnegie” təşkilatının təhlilindən sonra baş verən hadisələr təhlükənin artdığını göstərib.
Oktyabrın 23-də Komor adalarının bayrağı altında üzən Khoryv adlı yük gəmisi Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda pilotsuz uçuş aparatının hücumundan sonra batıb. Gəmidəki 13 ekipaj üzvündən doqquzu xilas edilib, bir nəfərin meyiti tapılıb, üç nəfər isə itkin düşmüş hesab olunur.
Hadisənin baş verdiyi ərazi Rumıniyanın ərazi sularından dərhal kənarda yerləşirdi.
Reuters agentliyinin oktyabrın 26-da yaydığı son qiymətləndirmələrə görə, oktyabr ayındakı hücumlardan təsirlənən gəmilərin sayı ən azı səkkizə, ölən və ya itkin düşən dənizçilərin sayı isə 34-ə çatıb.
Analitiklərin fikrincə, Qara dənizdə baş verən hadisələrin ən həssas tərəflərindən biri hücumların hansı dəniz ərazilərində həyata keçirilməsidir. Ölkənin sahilindən etibarən, ümumiyyətlə, 12 dəniz milinədək uzanan ərazi suları ilə 200 dəniz milinədək çata bilən müstəsna iqtisadi zonalar fərqli hüquqi statuslara malikdir. Dövlətlər ərazi sularında suverenlik hüquqlarını həyata keçirirlər. Müstəsna iqtisadi zonalarda isə əsasən təbii ehtiyatların araşdırılması və istismarına dair hüquqlara sahibdirlər.
Qiymətləndirmələrdə bu fərqin NATO baxımından kritik əhəmiyyət daşıdığı vurğulanır. “Carnegie” təşkilatının təhlilində Moskvanın NATO-nun kollektiv müdafiə mexanizminin sərhədlərini sınağa çəkdiyi fikri də ön plana çıxır.
Qara dənizdə formalaşan yeni vəziyyətin Türkiyə üçün əhəmiyyəti də müzakirə olunan məsələlər arasındadır.
Təhlillərə və açıq mənbələrdə yayılan məlumatlara görə, Ankara 1936-cı il iyulun 20-də imzalanmış Montrö Boğazlar Konvensiyası sayəsində Qara dənizdəki hərbi balansın müəyyənləşdirilməsində əsas mövqeyə malikdir.
Türkiyənin 2022-ci il fevralın 28-də Montrö Konvensiyasının müddəalarını tətbiq edərək hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdırması həm Rusiyanın Qara dəniz donanmasını gücləndirməsini, həm də Qara dəniz sahilində yerləşməyən NATO ölkələrinin bölgəyə hərbi gəmi göndərməsini məhdudlaşdırıb.
“Carnegie” təşkilatından Tomas de Vaalın 2026-cı il iyulun 1-də dərc olunan təhlilində də Türkiyənin strategiyasının bölgə ölkələrinin təşəbbüskarlığına, hərbi gərginliyin nəzarət altında saxlanılmasına və mülki dəniz nəqliyyatının qorunmasına əsaslandığı vurğulanıb.
Qara dənizdəki gərginliyin Türkiyə üçün iqtisadi nəticələri də var.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, 2025-ci ilin ilk yarısında Çanaqqala boğazından gündəlik orta hesabla 3,7 milyon barel xam neft və neft məhsulları keçib. Bu göstərici 2026-cı ilin ikinci rübündə 4,1 milyon barelə yüksəlib.
Beynəlxalq münasibətlər üzrə ekspert, professor doktor Həsən Köni Türkiyə üçün qarşıdakı dövrdə üç mühüm məsələnin ön plana çıxdığını bildirərək deyib:
“Bu məsələlər Montrö rejiminin qorunması, Rumıniya və Bolqarıstanla həyata keçirilən hərbi əməkdaşlığın genişləndirilməsi və Ukraynanın kommersiya məqsədli dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş diplomatik təşəbbüslərdir”.
Beynəlxalq münasibətlər üzrə ekspert Umur Tugay Yücel riskləri şərh edərkən belə xəbərdarlıq edib:
“Türkiyə bir tərəfdən NATO üzvü kimi müttəfiqləri ilə birgə hərəkət edir, digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır. Qara dənizdəki münaqişənin Rumıniya və Bolqarıstan ətrafına yayılması Türkiyə üçün yeni təhlükəsizlik riskləri yarada bilər”.
loading...