Qarabağda klan savaşında YENİ PƏRDƏ

27-12-2019, 18:36 247 dəfə baxılıb

Qarabağda klan savaşında YENİ PƏRDƏ

Ermənistanda Nikol Paşinyan hökuməti ilə “Qarabağ klanı” arasında qarşıdurma yenidən gərginləşir.

Son günlər keçmiş hakimiyyətin tərəfdarlarına qarşı həbslər yenidən start götürüb. Sabiq dövlət başçısı Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan bir ildən artıq Çexiyada həbsdə saxlanıldıqdan sonra Ermənistana ekstradisiya edilib. O, qanunsuz silah gəzdirməkdə, qəsdən sağlamlığa xəsarət yetirməkdə, adam oğurluğu və narkotik vasitələrdən istifadə etməkdə ittiham edilir.

Əslində, Narek Sarkisyana, onun atası Aleksandr Sarkisyana və bacısına qarşı cinayət işinin açıqlması Serj Sarkisyana qarşı siyasi təzyiq hesab edilir. Ancaq söhbət yalnız eks-prezidentin özündən deyil, onun timsalında “Qarabağ klanı”nın zərərsizləşdirilməsi planından gedir. Robert Köçəryanın həbsdən azad olunması ilə bağlı bütün məhkəmə iddialarının və vəsatətlərin qəbul olunmaması da Paşinyan iqtidarının “Qarabağ klanı”nın lideri sayılan keçmiş dövlət başçısını əfv etmək niyyətində olmadığından xəbər verir. Son günlər Robert Köçəryanın tərəfdarlarından sayılan Samvel Uzunyanın da həbsinə qərar verilməsi Paşinyanla köhnə qvardiya arasında siyasi toqquşmanın artdığına işarə edir. İrəvan şəhər Avan və Nor Nork rayonu Məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib. Bildirilib ki, dekabrın 20-də Ermənistan Baş prokuroru müavininin qərarı ilə S.Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir.



S.Uzunyan isə istintaqdan yayınmaq və Ermənistandan qaçmaq üçün fırıldağa əl atıb. Belə ki, o, əl yükünü İrəvanın “Zvartnos” hava limanına göndərib. Keçmiş məhkəmə hakiminə məxsus bağlamadan güllə aşkarlanıb. Hüquq-mühafizə orqanları onu həbs etmək istəyiblər, amma tapa bilməyiblər. Dekabrın 23-də isə S.Uzunyanın Moskvaya qaçdığına dair məlumat yayılıb. Ehtimal edilir ki, S.Uzunyan keçmiş hakimiyyətin siyasi-iqtisadi maraqlarına dair müxtəlif qruplarla bağlı məlumata malikdir. Həmçinin o, hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın yaxın adamlarından sayılır. 2008-ci il matın 1-də baş verən hadisələrə görə barələrində ittiham irəli sürülmüş həmin olaylarla bağlı cinayət işini araşdıran istintaq qrupunun keçmiş başçısı Vaahan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gervorq Kostanyan və keçmiş müdafiə naziri Mikael Arutyunyanın Rusiyaya sığındıqlarına dair məlumat yayılıb. Bununla yanaşı, istintaq təcridxanasının keçmiş başçısı Miqran Poqosyanın da Rusiyada gizləndiyi bildirilir. İndi Ermənistan hakimiyyəti barəsində cinayət işi açılmış Uzunyanın ölkədən çıxmasına kimin yardım etdiyni araşdırmağa çalışır. Çünki S.Uzunyan cəmiyyətdə tanınmış adamdır və dövləti cinayət törətməkdə ittiham olunur. Yəni hüquq-mühafizə orqanlarının birbaşa nəzarətində olub. Ona görə də Samvel Uzunyanı ölkədən çıxara bilən şəxs ya yüksək səlahiyyətə, ya da ciddi maliyyə resurslarına malik olmalıdır. Bu isə o deməkdir ki, Uzunyanın ölkədən qaçırılması hökumətin öz daxilindən də təşkil edilə bilər. Yəni Paşinyanın komandasında Köçəryanın tərəfdarlarının olması istisna edilmir. Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyanın Serj Sarkisyanla və Dağlıq Qarabağdakı cinayətkar silahlı dəstənin rəhbərlərindən olan Vitali Balasanyanla yaxınlaşması, eləcə də onun Köçəryana rəğbətinin olması barədə əvvəldən dolaşan söhbətlər Paşinyanın hökumətinin yekcins olmadığı rəyini yaradır.

Robert Köçəryan isə dekabrın 25-də öz tərəfdarlarına müraciət edərək onları yeni mübarizəyə səsləyib. “Hələ bir il əvvəl “Birlik” müraciətinin ölkəmizdə yenidən siyasi əhəmiyyətə sahib olacağını təsəvvür etmək mümkün deyildi. Otuz il əvvəl bu, erməni xalqının iki bölünmüş təbəqəsinin birləşməsinə çağırış idi. Bu gün bu çağırış milli dəyərlərlə mübarizəyə qarşı çıxanları, qanunsuzluqlarla mübarizə aparanları birləşdirir, tarixi yenidən yazmaq və ölkədə vahid hakimiyyət qurmaq cəhdidir”.

Qeyd edək ki, bəyanatın mətnini R.Köçəryanın oğlu Levon Köçəryan oxuyub. Bəyanatda bildirilir ki, Köçəryan həbs kamerasını Ermənistanın parlaq gələcəyi üçün işlədiyi bir ofis kimi qəbul edir. “Siyasi mübarizədə yeni bir mərhələ başlayır və bu mübarizədə hamımıza uğurlar arzulayıram. Əminəm ki, hər şey yaxşı olacaq”-müraciətdə belə deyilir. Köçəryanın bu müraciəti və onun tərəfdarlarına qarşı həbslərin güclənməsi Paşinyan iqtidarı ilə “Qarabağ klanı” arasında mübarizənin yeni mərhələyə daxil olduğunu deməyə əsas verir. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbrliyinə 2020-ci ildə keçiriləcək “prezident seçkiləri” isə bu qarşıdurmanın alovlanmasına təkan verə bilər.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR