Moskva ilə İrəvan bundan sonra hansı dildə danışacaq... - TƏHLİL

20-11-2020, 14:54 201 dəfə baxılıb

Sentyabrın 27-də törətdikləri təxribatlara görə Ermənistan hakimiyyəti kədər içərisindədir. Azərbaycan tərəfin əks-hücuma keçərək 44 gün ərzində düşmən tərəfdə daşı daş üstündə qoymamasından və onu noyabrın 10-da razılaşmaya məcbur etməsindən sonra təcavüzkar ölkə daxildən çalxalanır. Erməni baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin sayı günü-gündən artır. Eyni zamanda aksiyaların miqyası da genişlənməkdədir. Paşinyan hökumətində məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün istefa ərizəsi yazanların da sayı hər keçən gün çoxalmaqdadır.

Bütün baş verən proseslər Ermənistanda iqtidar dəyişikliyi ehtimalını günü-gündən artırır. Bu da bir çox müzakirələrə yol açıb. Əsas müzakirələrdən birini hakimiyyət əldən-ələ keçərsə, hansı qüvvələrin hökumət başına keçəcəyi ilə bağlı yaranan sual təşkil edir. Burada millətçilərin adı daha çox hallanır. Eyni zamanda onların indiki vəziyyətdə belə bir şanslarının olub-olmadığı yönündə də çoxsaylı mövqelər səslənməkdədir.

Ermənistanda olan Rusiya hərbi bazası da gündəmdədir. Hökumət çevrilişi baş verərsə, təcavüzkar ölkədən rus hərbi bazası, eyni zamanda Ermənistan “rus NATO”su hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həmçinin Avrasiya İttifaqından çıxa bilərmi sualı ətrafında ən müxtəlif mövqelərə rast gəlirik. Çoxları bütün bunların Ermənistanın xəritədən bir dövlət kimi silinməsinə səbəb olacağını düşünür.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə düşmən ölkədə mövcud siyasəti dəyişmək gücündə olan nə siyasətçinin, nə də qüvvələrin olmadığını qeyd etdi: “Millətçilər Ermənistanda hakimiyyətdən gediblər. Njdenin ideologiyası - Hitler SS ideologiyası hər zaman Ermənistanda hökm sürüb. Paşinyanın da babası bu təşkilatın üzvü idi. Njdenin heykəli İrəvanın mərkəzində ucaldılıb. Özlərini demokratik Avropanın nümayəndəsi kimi qələmə vermək istəyən qüvvələrlə özlərini açıq millətçi adlandıran qüvvələrin arasında heç bir fərq yoxdur. Rusiya ilə münasibətlərə gəlincə, deyə bilərəm ki, Ermənistan dövlətinin yaradıcısı Kreml olub. Rus hərbi bazası Ermənistanda yerləşib. Düşünmürəm ki, hansısa bir erməni siyasətçisi bu siyasətə son qoymağa çalışsın. Bu gün Ermənistanda ola bilsin ki, hansısa bir hakimiyyət dəyişikliyi olsun. Amma bunu millətçiliklə qiymətləndirmək yox, bilavasitə öz siyasətində başqa ölkələrin imkanlarını genişləndirmək istəyində ola bilən qüvvələr iqtidara gələ bilərlər. Lakin prinsipcə Ermənistanın bir dövlət kimi siyasəti məhz millətçilik deyil, SS dəyərləridir. Bu siyasət nifrət üzərində formalaşıb. Düşünmürəm ki, bu ölkənin siyasi sistemində yaxın müddətdə hansısa bir dəyişikliklər mümkün olsun. Unutmaq olmaz ki, Paşinyan hakimiyyəti saxta demokratiya üzərində qurulub. Orada demokratiya adı altında SS təfəkkürü hökm sürür. Bu libasdan Qərbi aldatmaq üçün istifadə edirlər”.

Politoloq Məhəmməd Əsədullazadə: “Ermənistan hakimiyyəti kapitulyasiya bəyannaməsinə imza atdıqdan sonra bu ölkədə daxili siyasi böhran mürəkkəbləşir. Əsasən Çiçəklənən Ermənistan və Vətən partiyası Nikol Paşinyanın hakmiyyətdən getməsi istiqamətində ciddi addımlar atır. ”Sasna Tsrer" terror partiyasının lideri Jirayr Səfilyan millətçi qrupları ətrafında toparlayıb. Qeyd edim ki, millətçilər, əsasən Daşnaklar Qərbə bağlı olub. Lobbi qrupu ilə işləyib. İndiki situasiya elə bir vəziyyətə gəlib ki, Rusiyanın onları müdafiə etmədiyi bütün partiyalarda hakimdir. Ermənistan daxilində artıq Rusiya arzuolunmayan bir ölkədir. Əgər radikal kəsim hakimiyyətə gəlsə, Moskva ilə körpüləri yandıra bilər. Onlar artıq hesab edəcəklər ki, Rusiya bizi müdafiə etmədisə bu ölkənin hərbi bazası və KTMT-də qalmaq Ermənistanı inkişafdan saxlayır. Əgər Ermənistanda praqmatik siyasətçilər hakimiyyətə gəlib Azərbaycanla sülh müqaviləsi və Rusiyanın mövqeyini ölkələrində zəiflətsə, KTMT-dən çıxıb Avrointeqrasiya kursunu rəhbər tutsa, Rusiya regiondan gedə bilər. Ona görə də bu gün Rusiyanın regionda qalmağına səbəb ermənilərin Azərbaycana şovinist düşüncəsi və faşist ideyasıdır. Bununla özlərini daima səfalət içində və regionda təhlükəsizliyi təhdid edirlər. Düşünürəm ki, ermənilər Qarabağ deyib durduqca Rusiya onların inkişafına mane olacaq. Ona görə də bu ölkənin qurtuluşu Rusiya orbitindən çıxmaqdır".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR