Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır

Bu gün, 05:31 10 dəfə baxılıb

Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır


Ermənistanın kənd təsərrüfatı, ərzaq sənayesi və ixrac sektorunda gələcək aylarda da daha ciddi çətinliklərin yaranacaq

Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi idxal məhdudiyyətləri İrəvanın iqtisadiyyatında ciddi problemlər yaratmağa başlayıb.

Musavat.com sputniknews.ru-ya istinadən bildirir ki. məhdudiyyətlərə məruz qalan məhsulların ümumi ixrac dəyəri 2025-ci ildə təxminən 600 milyon ABŞ dolları təşkil edib.

Ekspertlər hesab edir ki, rəsmi statistikada artıq görünməyə başlayan ixrac azalması hələ prosesin ilkin mərhələsidir və qarşıdakı aylarda iqtisadi itkilər daha da dərinləşə bilər.

O da bildirilir ki, Ermənistanın əsas problemi yalnız Rusiya bazarını itirməsi deyil. Hökumətin alternativ kimi göstərdiyi Avropa İttifaqı bazarında da erməni istehsalçılarını ciddi rəqabət gözləyir. Xüsusilə balıq və balıq məhsullarının ixracında Türkiyə uzun illərdir güclü mövqeyə malikdir və Ermənistan şirkətlərinin bu bazarda pay əldə etməsi olduqca çətin görünür. Oxşar vəziyyət meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarında da müşahidə olunur.

Statistik rəqəmlər Ermənistan iqtisadiyyatı faktiki Rusiya bazarından nə dərəcədə asılı olduğunu açıq şəkildə nümayiş etdirir. Belə ki, Ermənistanın kənd təsərrüfatı və ərzaq sənayesinin böyük hissəsi faktiki olaraq bir bazardan asılı vəziyyətdə fəaliyyət göstərir. Belə şəraitdə Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər ayrı-ayrı şirkətlər üçün deyil, bütövlükdə ixrac sektoruna ciddi zərbə vurur.


Hesablamalara görə, hazırda məhdudiyyət tətbiq olunan məhsulların ixrac dəyəri ötən il təxminən 600 milyon dollar olub. Bu isə Ermənistan kimi kiçik iqtisadiyyat üçün kifayət qədər böyük məbləğ sayılır. Rəsmi statistikada qeydə alınan ixrac azalması yalnız ilk siqnaldır.

Məhdudiyyətlər uzun müddət qüvvədə qalarsa, kənd təsərrüfatı istehsalçıları, emal müəssisələri və logistika şirkətləri daha ciddi maliyyə problemləri ilə üzləşə bilərlər.

İqtisadçıların fikrincə, Ermənistan hökuməti Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin müvəqqəti xarakter daşıyacağını düşünürdü. Onun sözlərinə görə, İrəvan hesab edirdi ki, parlament seçkiləri başa çatdıqdan sonra Moskva ilə münasibətlər yenidən normallaşacaq və ticarət əvvəlki səviyyəsinə qayıdacaq. Lakin hadisələrin inkişafı bu gözləntiləri doğrultmayıb. Məhdudiyyətlər qüvvədə qalıb və nəticədə hökumət həm daxili istehsalçıların narazılığı, həm də ixrac bazarlarının daralması ilə üz-üzə qalıb.

Yada salınır ki. Rusiya məhdudiyyətləri mərhələli şəkildə tətbiq edib. Belə ki, 22 may tarixindən etibarən "Rosselxoznadzor" Ermənistandan Rusiyaya kəsilmiş güllərin idxalını müvəqqəti dayandırıb. Bundan cəmi bir neçə gün sonra, 2 iyun tarixindən etibarən isə Ermənistandan Rusiyaya çəyirdəkli meyvələrin – albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün idxalına da qadağa tətbiq olunub. Bu qərarlar istixana təsərrüfatları, meyvə istehsalçıları və ixracatçılar üçün ciddi problemlər yaradıb.

Baş nazir Nikol Paşinyan hökumətin Rusiyaya göndərilməsi dayandırılan istixana güllərinin, tərəvəz və digər məhsulların alternativ bazarlara yönləndirilməsi üzərində işlədiyini açıqlayıb.

Lakin iqtisadçılar hesab edirlər ki, bunu qısa müddətdə reallaşdırmaq çətin olacaq. Yeni bazarlara çıxış yalnız logistika məsələsi deyil. Buraya fitosanitar sertifikatlar, keyfiyyət standartları, distribütor şəbəkələrinin qurulması və güclü rəqabət şəraitində mövqe qazanılması da daxildir. Üstəlik, Avropa bazarında Türkiyə, Misir, Mərakeş və digər iri kənd təsərrüfatı ixracatçıları ilə rəqabət Ermənistan istehsalçıları üçün əlavə çətinlik yaradır. Müşahidəçilər hesab edirlər ki, yaranmış vəziyyət Ermənistanın ixrac strategiyasında uzun illər formalaşmış balanssızlığı üzə çıxarıb. Bir bazardan yüksək asılılıq siyasi münasibətlərdə yaranan hər hansı gərginliyin qısa müddətdə iqtisadi itkilərə çevrilməsinə səbəb olur.

Əgər Rusiya ilə ticarət məhdudiyyətləri yaxın vaxtlarda aradan qaldırılmazsa və alternativ bazarlara çıxış gözlənilən nəticəni verməzsə, Ermənistanın kənd təsərrüfatı, ərzaq sənayesi və ixrac sektorunda gələcək aylarda daha ciddi çətinliklərin yaranacağı istisna edilmir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR