Ermənilərlə azərbaycanlılar arasında qoyun üstdə dava düşdü...- FOTO
![]()
Gürcüstanın Cavaxetiya əyalətində ermənilərlə azərbaycanlılar arasında toqquşma baş verib.
Moderator.az xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, buna səbəb azərbaycanlıların qoyun sürülərini ermənilərin ərazisində otarmaları olub. Mübahisə Tori kəndində yaşayan ermənilərlə Tuşeti kəndindəki azərbaycanlılar arasında baş verib. Bu barədə News.am nəşrinə Gürcüstanın qeydiyyatdan keçməmiş "Virk" partiyasının həmsədri David Rstakyan danışıb.
O, qeyd edib ki, Cavaxetiyadakı azərbaycanlılarla ermənilər arasında uzun illərdir ki, belə bir problem mövcuddur.
“Hələ Sovet dövründən ərazilərimizə azərbaycanlıların qoyun sürüləri gətirilirdi. İllərlə gətirdilər və bu torpaqda mübahisə yarandı. Ümumiyyətlə, sərhədlərimizi keçirlər. İndi polislər işə qarışıblar. Araşdırmalar aparılır. Əvvəllər də bəzən gərginlik olurdu, ancaq ilk dəfədir belə bir dava meydana gəlib"-deyə erməni partiya rəhbəri bildirib.
Xəbərdə qeyd edilir ki, ermənilər polis bölməsini əhatəyə alaraq dünən həbs edilmiş 3 soydaşlarının sərbəst buraxılmasını tələb edirlər.
Məlumata görə, azərbaycanlılardan 8-i həbs edilib. Hər iki tərəfdən 5-6 nəfərin yaralandığı bildirilir.