“Küçədə su satan azyaşlı” videosuna görə bloqer Fariz Baxşəliyevi 1.5 ilə qədər həbs gözləyir - VİDEO

12-03-2021, 14:25 70 dəfə baxılıb

İstanbul prokurorluğu şəhərin Bağçılar məhəlləsində "küçədə su və salfet satan azyaşlı uşaq” videosuna görə azərbaycanlı bloqer Fariz Baxşəliyev barədə cinayət işi qaldırıb. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Baxşəliyevin çəkdiyi həmin videonun qurama olduğu üzə çıxıb.

Belə ki, bir müddət əvvəl bloqer Bağçılar məhəlləsində küçədə oturub su və salfet satan azyaşlı uşaq barədə video çəkərək özünün YouTube kanalında yerləşdirib. Videosüjetdə azyaşlının bloqerə "gündə 15 TL-yə qədər qazandığını” deyir. Bu video sosial şəbəkələrdə geniş rezonans doğurub, azyaşlının ehtiyac içində yaşadığı üçün ailəsinə bu yolla dəstək verməyə məcbur olmasına görə hökumətin ünvanına tənqidlər də ifadə olunub.

Lakin video ilə bağlı araşdırma aparılanda onun qurama olduğu üzə çıxıb. Məlum olub ki, azyaşlı xırda ticarətçi ailəsindəndir və maddi ehtiyacı yoxdur. Bloqer onun anasına uşağı videoya çəkmək istədiyini deyib. Anasının bildirdiyinə görə, oğlu gələcəkdə aktyor olmaq istədiyinə, sosial şəbəkələrdə yayılan videolara maraq göstərdiyinə görə buna icazə verib, lakin süjetin məzmunun necə olacağını bilməyib. Sonradan video sosial şəbəkələrdə yayılanda ailə pərt olub, anasının dediyinə görə, uşağın psixologiyası pozulub və utandığından çölə çıxa bilmir.



F.Baxşəliyev isə bu videonu pis niyyətlə çəkmədiyini, məqsədinin ağır durumda yaşayan azyaşlılara diqqəti cəlb etmək olduğunu deyib. Lakin prokurorluq bu izahla qane olmayıb və azərbaycanlı bloqerin barəsində "xalqı kin və düşmənliyə təhrik etmə, aşağılama” maddəsi ilə cinayət işi qaldırıb. Bu maddə ilə onu 9 aydan 1.5 ilə qədər həbs gözləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR