“McDonald`s”, “Burger King” və “Papa John`s” Qarabağ paylaşımına görə boykot edilir - SƏN DƏ QOŞUL!!!

29-10-2020, 17:23 67 dəfə baxılıb

“Mcdonald`s” fəstfud şəbəkəsi sosial şəbəkələrdə boykot olunur.

“MediaPost” xəbər verir ki, buna onların Qarabağ müharibəsinə aid dəstək paylaşımlarını sildikdən sonra verdikləri açıqlama səbəb olub.

Belə ki, bir neçə gün öncə məşhur dünya brendinin Azərbaycan təmsilçiliyi tərəfindən sosial media hesabında “Qarabağ Azərbaycandır!”, “Bayrağımız daima zirvələrdə dalğalansın!” yazılı fotolar paylaşılıb. Lakin bir müddət sonra erməni lobbisi ANCA-nın şikayətləri əsasında qlobal ofis yerli nümayəndəliklərdən bu postların silinməsini tələb edib.

Dəstək paylaşımları sosial media hesablarından qaldırıldıqdan sonra istifadəçilər restoranla bağlı tənqidi statuslar yazıblar. Bundan sonra isə yerli nümayəndəlik açıqlama verməyə çalışıb. Ancaq onların açıqlaması hadisəni daha da çıxılmaz vəziyyətə salıb:

“Bütün dünya üzrə “Mcdonald`s” öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zaman bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq.

İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq.

Sizi tezliklə restoranlarımızda görməyə şad olarıq”.

Fəstfud şəbəkəsinin bu paylaşımından sonra etirazlar daha geniş vüsət almağa başlayıb. #BoykotMcDondals həşteqi açılaraq restoranların bağlanılması tələb edilib. Bu təşəbbüsə məşhurlar da qoşulub.

Bəstəkar-müğənni Murad Arif:

““Mcdonald`s” Azərbaycan” xəritəni paylaşıb, “Qarabağ Azərbaycandır” yazısına niyə peşman olur və bunu silir? Beynəlxalq hüquq pozulmur, heç bir xalq təhqir olunmur. Səbəb yalnız erməni narahatlığı və erməni təzyiqi ola bilər. Cavab verin! Biz “Mcdonald`s”dan dəstək istəmişdik? Yox! Biz onların səhifələrindən münasibət gözləyirdik? Yox! Biz bu brendi siyasətə qatırdıq? Yox! Biz onların loqosunu Qarabağla əlaqələndirilməsini istəmişik? Yox! Biz ümumiyyətlə bu günlər, “Mcdonald`s” səhifəsindən nəsə ummuşuq? Yox! Paylaşdıqları Beynəlxalq hüquqa ziddir? Yox! Paylaşdıqları irqçilik və ya milliyətçilikdir? Yox! Paylaşdıqları müharibəyə, insan qırğınına dəstəkdir? Yox! Gəlib mənə franşizanın biznes müqaviləsindən nağıl danışmayın! Özləri paylaşıb, erməni lobbisinin tələbilə siliblər. Mövzunu dərk edə bilirsiniz? Bir az xarakteriniz olsun. “Mcdonald`s”, paylaşdığınızı qaytarın və üzrxahlıq edin. Hələ gec deyil”.

Reper Promete:

“Mən #mcdrive-dan tez-tez istifadə edirdim. Amma və lakin “McDonald`s” mənim üçün bu gündən yoxdur!”.

Aktyor Kamran Ağabalayev:

““McDonald`s” kişi işinə qarışmaq istədi, alınmadı! Son zamanlar yumruq olmağımız yəqin ki, bu #boycotmcdonalds aksiyasında da özünü göstərər! Sizin üçün də #itiqovan gün gözləyir çox güman!”.

Bir neçə sosial şəbəkə istifadəçisi isə “McDonald`s” bağlandığı təqdirdə onlarla şəxsin işsiz qalacağını vurğulayıb. Boykot istəyən təbəqə buna da əncam çəkməsi bacarıb. Onlar “Facebook”da “McDonald`s Azerbaijan işçiləri iş axtarır” adlı qrup yaradıblar. Buradan da həmin şəxslərin işsiz qalmaması üçün insanlar yardım əlini uzatmağa başlayıb.

Dəstək paylaşımları həmçinin digər fəstfud şəbəkələri “Burger King” və “Papa John`s”un da səhifələrində yer alıb, ancaq onlar da ANCA-nın şikayətindən sonra silinib. Lakin digər şəbəkələr bununla bağlı açıqlama verməyiblər. Erməni istifadəçilər isə postları sildirdikləri üçün sosial şəbəkələrdə “toy-bayram” ediblər.

Qeyd edək ki, hazırda sosial şəbəkələrdə boykot paylaşımları davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR