Mənzil bazarında KƏSKİN AZALMA: - Tikinti sektorunda böhran dərinləşir

19-11-2020, 16:33 37 dəfə baxılıb

“Tikinti şirkətləri mənzillərin təhvil verilməsinə dair müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilmirlər”.

Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında istifadəyə verilən mənzillərin ümumi sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Məlumata əsasən, bu ilin yanvar-oktyabr aylarında istifadəyə verilən mənzillərin ümumi sahəsi 4 milyon 734,4 min kvadratmetr təşkil edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 faiz azdır.

Ölkədə istifadəyə verilən mənzillərin ümumi sahəsinin azalmasına təsir edən amilləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov Yenicag.az-a açıqlamasında bildirib ki, bu geriləmə koronavirus pandemiyasının yaratdığı reallıqla birbaşa bağlıdır:

“Bu ilin əvvəlindən vüsət alan pandemiya ilə əlaqədar bütün sahələrdə olduğu kimi, tikinti sektorunda da ciddi problemlər ortaya çıxdı. Nəticədə tikinti şirkətləri mənzillərin təhvil verilməsinə dair müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilmədilər.

Bu mənfi tendensiya mənzil bazarında təklifin azalmasına səbəb olub. Bazarda vəziyyəti sabitləşdirmək üçün yaşayış binalarının layihəyə uyğun planlaşdırılmış müddətdə təhvil verilməsini təmin etmək vacibdir”.

Yeni tikililərdə mənzillərin sahəsinin köhnə binalarla müqayisədə fərqli olmasına da toxunan ekspert bildirib ki, bu amil vətəndaşlarda aldadılmaqla bağlı müəyyən şübhələr doğurur:

“Hazırda vətəndaşların müraciəti ən çox bu məsələ ilə bağlıdır. Yeni tikilən binalarda mənzil sahibi olan mülkiyyətçilər aldıqları mənzilin faktik sahəsinin müqavilədə göstərildiyindən fərqli olmasından narazıdırlar.

Burada nəzərə almaq lazımdır ki, tikinti şirkətləri yeni inşa olunan binalarda mənzilin sahəsini divar qatının çöl hissəsindən hesablayırlar. Köhnə binalarda isə mənzilin sahəsi divarın daxili hissəsindən hesablanır. Ona görə də yeni binalardakı mənzillərin sahəsi köhnə tikililərdəki mənzillərlə müqayisədə fərqlənir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR