"AtaSığorta"nın ardından daha kimlərə yol görünür? - GƏLİŞMƏ

25-12-2018, 12:23 356 dəfə baxılıb

"AtaSığorta"nın ardından daha kimlərə yol görünür? - GƏLİŞMƏ

Azərbaycanda əhalinin sığorta şirkətlərinə inamsızlığı həm də onların özləri üçün problem yaratmaqdadır. Məhz bu inamsızlıq da onların maliyyə durumlarına təsirsiz ötüşmür. Bu günlərdə də sığorta şirkətlərindən biri olan “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyəti bununla bağlı qərar verib.

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb.

Məlum olduğu kimi, sığorta şirkətlərinin müxtəlif sahələrdə göstərdikləri xidmətlər vətəndaşların narazılığına səbəb olur. Bu yaxınlarda AXCP sədri Razi Nurullayev “Atəşgah” Sığorta şirkətinin avtomobil qəzası ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdiyini gündəmə gətirmişdi.

Maraqlıdır, sığorta şirkətlərinin fəaliyyəti, vətəndaşların narazılıqları onların fəaliyyətinə xitam verilməsinə gətirib çıxara bilərmi? Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətinin fəaliyyətini tamamilə dayandırmaq səlahiyyəti varmı?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, təkrarsığorta şirkətlərin öz aralarında riskləri bölüşməsi üzrə fəaliyyətidir:

“Sığorta ehtiyatları ilə məcmu kapitalı bəzən tələb olunan normativlər üzrə qoruyub saxlamaq mümkün olmur. Belə olan halda, müəyyən müddətə müəyyən sığorta növləri üzrə şirkətin fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. ”AtaSığorta”nın təkrarsığorta üzrə fəaliyyəti üzrə lisenziyasının dayandırılması da məcmu kapitalın həcmi ilə bağlı olub”.

Ekspert deyir ki, Palatanın əhalini narazı salan sığorta şirkətinin sığorta növü üzrə fəaliyyətini dayandırması səlahiyyəti var:

“Şirkətin ləğvi ilə bağlı qərarı Palata verə bilməz. Palata şirkətin lisenziyasını ləğv edə, müxtəlif istiqamətlərdə fəaliyyətini dayandıra, xəbərdarlıq edə və qadağalar qoya bilər. Təbii ki, şirkətin müəyyən növlər üzrə lisenziyası dayandırılandan və məhdudlaşdırılandan sonra həmin şirkət bağlanmağa məcbur ola bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR