“Onların ölkələrində polis qanunu pozanlara qarşı nə cür davranır?”

25-10-2019, 14:30 313 dəfə baxılıb

“Onların ölkələrində polis qanunu pozanlara qarşı nə cür davranır?”


Nüfuzlu beynəlxalq təşkilatlardan sayılan “Freedom House” Azərbaycanla bağlı bəyanat yayıb. Bəyanat tam olaraq, Milli Şuranın 19 oktyabrda “28 May” metro stansiyasının qarşısında keçirməyə cəhd etdiyi aksiyaya həsr olunub. “Freedom House” aksiya zamanı asayiş keşikçilərinin zor tətbiq etdiyini bildirir.

“Ötən həftə sonu Azərbaycanda dinc etirazçılara qarşı amansızca güc tətbiq edilməsi hökumətin hər cür fikir ayrılığına dözmək istəməməsini, söz və sərbəst toplaşmaq azadlıqlarını təmin etməməsini göstərir”-deyə təşkilatın Avropa və Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

Bəyanatda AXCP lideri Əli Kərimli və Müsavat funksioneri Tofiq Yaqublunun həbs edilərkən işgəncələrə məruz qalmaları ilə bağlı iddialara da toxunulub.

“Azərbaycan hakimiyyətini toplaşmaq azadlığını təmin etməyə, saxlanılan nümayişçiləri azad etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarını həddindən artıq güc tətbiq etdiklərinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”-deyə bəyanatda bildirilir.

“Freedom House” təşkilatının bəyanatı iqtidar tərəfindən sərt etirazla qarşılanıb. Hakimiyyət təmsilçiləri bəyanatda qərəzin olduğunu qeyd edirlər.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bəyanatla bağlı “Yeni Müsavat”a bunları dedi: “Azərbaycan Avropanın bir hissəsidir. Avropanın siyasətinin müəyyənləşməsində ölkəmiz də öz mövqeyini ortaya qoyur. Azərbaycan diqqətlə dinlənilir. Avropanın bir sıra təşkilatlarının 19 oktyabrda radikal müxalifətin provokasiya xarakterli hərəkətləri ilə bağlı bəyanatları insanlarda belə təəssürat yaradır ki, həmin bəyanatlar icazəsiz aksiyadan bir neçə gün əvvəl hazırlanıb. Haradasa radikal müxalifətlə bu bəyanatı verən insanlar arasında bir paralellik, məntiqi bağlılıq hiss olunur. 19 oktyabrda radikal müxalifətin bir qanadı şəhərin mərkəzi yerində, özü də qanunla icazə verilməyən yerdə qanunsuz aksiya keçirmək istədi. Həmin bəyanatı verən insanlar bilsinlər ki, öz ölkələrində metro çıxışında mitinq edilirmi, yaxud mitinqə o yerdə icazə verərdilərmi? Bir də desinlər ki, öz ölkələrində polislər qanunları pozan vətəndaşlara qarşı nə cür davranırlar? Yəni orada doğrudanmı polis üzərinə düşən vəzifəni yerinə yetirmir? 19 oktyabrda Azərbaycanın güc strukturları vəzifələrinə uyğun olaraq hərəkət etdilər.

Əvvəldən xəbərdarlıq olunmuşdu. Həmin şəxslərə o yerdə aksiya keçirməyin qanunauyğun olmadığı bildirildi. Amma buna baxmayaraq, bir qrup şəxs siyasi xal toplamaq üçün bu təxribata əl atdılar. Hətta məndə belə bir təəssürat yaranıb ki, xaricdən aldıqları tapşırıqları yerinə yetirmək üçün metrostansiya çıxışında aksiya keçirməyə cəhd etdilər. Orada hər hansı bir zorakılıqdan söhbət gedə bilməz. Bu gün həmin aksiyanın təşkilatçıları belə təəssürat yaratmağa çalışırlar ki, polis birdən-birə vətəndaşlara hücum edərək, onlara zorakılıq ediblər. Hesab edirəm ki, bu məqsədli şəkildə ictimaiyyəti və beynəlxalq aləmi aldatmaq cəhdidir. Bir qayda olaraq, istənilən kütləvi aksiya müəyyən şüarları, yaxud hakimiyyətə alternativ fikri çatdırmaqdan üçündür. Gəlin baxaq: 8 və 19 oktyabrda keçirilmiş aksiyaların şüarları ilə bağlı o aksiyaların təşkilatçıları bir yerdə bir söz deyirlərmi? Bunlar, sadəcə, guya onlara zorakılıq olub kimi görüntülər yaratmağa çalışırlar. Əli Kərimli də, Tofiq Yaqublu da indiki hakimiyyətə radikal müxalifətdə olan insanlardır. Hansı hakimiyyət özünün radikal alternativlərinə qarşı güc tətbiq edər? Azərbaycanda hakimiyyət siyasi alternativlərinə qarşı daim hörmətlə yanaşıb. Saytlar, internet telekanalları, qəzetlər hakimiyyəti tənqid etməklə doludur. Bunların birinə qarşı zor və ya zorakılıq tətbiq olunurmu?

Belə hallar ortada yoxdur. O başqa məsələdir ki, kimlərsə iqtidarı provokasiyaya çəkmək istəyirlər. Kimlərsə xaricdəki anti-Azərbaycan qüvvələrinin tapşırığı ilə dövlətçiliyimizi laxlatmağa çalışırlar. Amma onlar başa düşmürlər ki, Azərbaycanda stabilliyi pozsalar, dövlətçiliyi zəiflətsələr, ilk zərbə onların özlərinə dəyəcək. Suriya, Livan, Liviya, Yəmən kimi ölkələrdə siyasi müxalifətdən danışmaq mümkün deyil. Orada ancaq silahlar danışır. Həmin ölkələrin taleyini siyasi qüvvələr deyil, xaricdəki qüvvələr müəyyən edir. Bu baxımdan Əli Kərimli, Tofiq Yaqublular Azərbaycan üçün nə qədər təhlükəli rol oynadıqlarının fərqinə varmırlar. Bunlar üçün fərqi yoxdur. Bulanıq suda balıq tutmaq istəyirlər. Amma Azərbaycan üçün fərqi var. Xalqımız qanunların qorunmasını istəyir. Dövlətin onların problemlərini tədricən həll etdiyini görüb, iqtidarı dəstəkləyir. Bu baxımdan bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdikləri bəyanatlar ya birtərəfli məlumat toplamaları ilə bağlıdır, ya da onların hərəkətləri ilə Əli Kərimlilərin hərəkətləri bir xətdir. Onlar növbəti dəfə müstəqilliyimizi sınağa çəkdilər, vətəndaşlarımızın dövlətə bağlılıqlarına zərbə vurmağa cəhd etdilər. Amma bu onlarda alınmadı. Müstəqilliyimiz ona görə qazanılmayıb ki, nə vaxtsa ölkə daxilində ciddi qarşıdurma olsun, Azərbaycan müstəqil siyasət yürütməkdən məhrum edilsin, ölkəmiz kimlərinsə oynadığı oyunun tərkib hissəsinə çevrilsin”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR