“Rüşvətxor və korrupsioner məmurlara ancaq vicdansız və xəyanətkar demək olar”

4-05-2020, 18:24 217 dəfə baxılıb

“Rüşvətxor və korrupsioner məmurlara ancaq vicdansız və xəyanətkar demək olar”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbarhimqızı bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələlərlə bağlı bir daha birmənalı və qətiyyətli mövqeyini ortaya qoydu.

Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ayrı-ayrı ölkələrinin tarixinə nəzər salsaq, baş verən köklü dəyişikliklər və əldə olunan uğurlar bu islahatları həyata keçirən liderlərin adı ilə bağlı olub: “Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Həmin prinsipləri əsas tutaraq, Prezident İlham Əliyev XXI əsrdə qloballaşan dünyanın çağırışlarına cavab olaraq, ölkəmizin yaxın, orta və uzunmüddətli perspektivdə inkişaf strategiyasını müəyyən edib. Bu mənada ulu öndər Heydər Əliyev çağdaş müstəqil dövlətimizin banisi kimi, xalqın xilaskarı kimi tarixə yazılacaqsa, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın qurucu və islahatçı Prezidenti kimi yazılacaq. Möhtərəm Prezidentimizin qəti siyasi iradəsinin nəticəsidir ki, həm koronovirus pandemiyası ilə əlaqədar dünyanın çətin bir durumda olduğuna baxmayaraq, həm də neftin kəskin aşağı düşdüyü bir dövrdə ölkəmizdə 2018-ci ildən bütün sahələrdə həyata keçirilən sosial, iqtisadi, siyasi, kadr və struktur islahatları ardıcıl və davamlı strategiya və fəaliyyət planı üzrə davam edir. Möhtərəm Prezidentimizin sözləri ilə desək, islahatların olmasa, ölkənin tərəqqisi də olmaz”.

M. İbrahimqızı vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, struktur və kadr islahatları, korrupsiyaya qarşı mübarizə Azərbaycanın uğurlu inkişafının təməlində durur, dövlət başçısı hər zaman fəaliyyətində qanunun aliliyi və insanların qanun qarşısında bərabərliyi prinsipini əsas götürür: “Kamran Əliyevin baş prokuror təyin edildiyi gün Prezident İlham Əliyev videoqəbulda prokurorluq sisteminin təkmilləşdirilməsinin islahatların tərkib hissəsi olduğunu bir daha bəyan etdi. Bundan sonra da qanunun aliliyi, ədalət prinsipi, heç kəsin siyasi baxışlarına görə təqib edilməməsi və sosial rifah dövlət siyasətinin önəmli strateji xəttini təşkil edəcək. Möhtərəm Prezident İlham Əliyev bu görüşdə dövlətimizin siyasi sisteminin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi qeyd etdi. Eyni zamanda genişmiqyaslı siyasi islahatların aparılması ilə yeni siyasi konfiqurasiyanın formalaşmasının, siyasi baxışına görə vətəndaş təzyiq edilməsi və ya təqib edilməsinin yolverilməz olduğunu vurğuladı. Prezident Baş Prokurora prokurorluq orqanlarında peşəkar və gənc kadrların önə çəkilməsinin zəruri olduğunu söyləyərək ona gələcək fəaliyyətində bu amilləri əsas götürməyi tapşırdı. O cümlədən istər yerli icra strukturlarında, istərsə də yüksək çinli məmurları arasında rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizədə heç bir güzəştin olmayacağını və bu mübarizədə Prokurorluğun ön sırada olacağına əminliyini bildirdi. Yerli icra və mərkəzi icra strukturlarında korrupsiyaya bulaşmış yüksək vəzifələrdə çalışanlara qarşı daha amansız mübarizə də bunun bariz nümunəsidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR