Virusa yoluxma sayı pik həddədir: sərt karantin, yoxsa...?

13-11-2020, 14:02 34 dəfə baxılıb

Dünyanın hər yerində sürətlə yayılmağa davam edən koronavirusla mübarizə məqsədilə çoxsaylı tədbir həyata keçirilib. Pandemiya demək olar ki, bütün dünya üçün yeni qaydalar formalaşdırıb. Artıq bir çox ölkə və insan da koronavirusun, sərt karantin rejiminin tələb etdiyi qaydalarla yaşamağa alışıb. Lakin bütün qaydaların tətbiq edilməsinə baxmayaraq, müəyyən yumşaldılmalardan sonra bəzi ölkələr bu virus qarşısında aciz durumda qalıb.

Bir çox ölkələrdə infeksiya daha da güclənir, yoluxma halları rekord həddə çatıb. Ekspertlərin payızda ikinci dalğanın olacağı ilə bağlı proqnozları təsdiqini tapdı. Bu baxımdan bəzi ölkələrdə, o cümlədən Azərbaycanda sərt karantin rejiminin tətbiqi məsələsi gündəmə gəlib. Məsələn, dünən Azərbaycanda COVİD-19 infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 20 nəfər isə vəfat edib.

Mövcud vəziyyətlə barədə “Sherg.az”a açıqlama verən “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib ki, ölkəmizdə koronavirusa yoluxma sayında artım gözlənilirdi. Çünki insanlar sadə qaydalara əməl etmirlər:

“Yenidən yoluxma sayında ciddi dərəcədə çoxalma müşahidə edirik. Bundan əvvəl yoluxma sayı azalmışdı. Çünki insanlar vaxtlı-vaxtında maskalardan istifadə etdilər. İstər küçədə gəzərkən, istərsə də ictimai yerlərdə maskalardan istifadənin çoxaldığını görürdük. Maska taxmağın zəruriliyini bir az da qayda-qanunla insanlara izah etdilər.

Nəticədə insanların da maskalardan istifadə etməsi koronavirusa yoluxma sayında azalmaya gətirib çıxardı. Koronavirusun qarşısını ən effektiv vasitə məhz maskadır”.

Ekspertin sözlərinə görə, koronavirusa yoluxma sayı kəskin azalan kimi insanlar maskadan imtina etməyə başladılar:

“Bir ara koronavirus kifayət qədər azaldı. Bu zaman insanlarda artıq boşluq yarandı. Onlar düşündülər ki, maskalardan istifadə etməsək də olar. Maskalar ağızdan çıxan kimi yerdə qalan koronavirusa yoluxmamış az sayda insanlar var idi. Onlar da başladılar virusu yaymağa. Hazırda xəstəliyə yoluxma sayı pik həddədir. Virusa yoluxma ən çox qapalı məkanlarda müşahidə olunur. Vəziyyətin mənfi xəttlə inkişaf etməməsi üçün karantin rejimi sərtləşdirilməlidir.

Sağlamlığımız üçün maska taxılmalı, sosial məsafəyə riayət edilməli və gigiyenik qaydalar gözlənilməlidir. İnsanlar bu qaydalara əməl etsələr, koronavirus deyilən bir virus olmayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR