Bütün Şuşa qalası boyu Azərbaycan bayrağı, “Vazgeni” çağıran əsgərlərimiz, yolda “Azərsu”nun texnikası - ERMƏNİ MÜXBİRİN GÖRDÜKLƏRİ...

1-12-2020, 20:13 68 dəfə baxılıb

“Azadlıq” radiosunun erməni redaksiyasının əməkdaşı Laçının azad edilməsindən və Azərbaycanın nəzarətinə qaytarılmasından sonra “Laçın dəhlizi” boyu gördüklərindən reportaj hazırlayıb.

Reportajda deyilir ki, 10 noyabr razılaşmasının şərtləri əsasında Laçın rayonunun 50-dən çox yaşayış məntəqəsi dekabrın 1-dən etibarən Azərbaycanın nəzarətinə keçib. Reportajda Azərbaycan ordusunun hərbi maşın karvanının Laçına daxil olmasına dair foto da yerləşdirilib.

Erməni jurnalist deyir ki, Xankəndindən Laçına gedən yolun Şuşa ilə kəsişən hissəsində bütün Şuşa qalası boyu asılmış Azərbaycan bayrağı görünür.

“Habelə çəkiliş zamanı Şuşa yüksəkliyindən Azərbaycan əsgərlərinin səsi eşidilirdi-onlar “Vazgen” qışqırırdılar. (“Vazgen” ermənilərin ümumiləşmiş adı kimi hələ birinci Qarabağ müharibəsi dövründən əsgərlər arasında hərbi jarqon kimi işlənir,-red.) Burada növbə çəkənlər deyirlər ki, (erməni postu nəzərdə tutulur) vaxtaşırı olaraq onlar fəallaşırlar, nəsə qışqırırlar, amma erməni tərəfi cavab vermir. Çəkilişlə paralel olaraq Şuşa qalasında hərəkətlilik də artdı və “Azadlıq” radiosunun çəkiliş qrupuna ərazini tərk etmək çağırışı edildi. Ümumən, yolun Şuşanın ətrafından keçən bu hissəsini dayanmadan keçmək tövsiyə olunur. Yolun bu sahəsində çəkiliş qrupumuz xidməti avtomobillərdə mühəndis işləri həyata keçirən azərbaycanlılarla da qarşılaşdı. Biz dayanıb soruşmaq istədik ki, onlar burada nə işlə məşğul olurlar, amma onları müşaiyət edən Rusiya sülhməramlıları ərazini tərk etməyi tələb etdilər və heç bir suala cavab vermədilər”,-erməni jurnalist nəql edir.

Reportajdan isə məlum olur ki, Xankəndi-Laçın-Gorus avtomobil yolunun Şuşanın ətrafından keçən həmin hissəsində “mühəndis işləri” görən azərbaycanlılar əslində “Azərsu” ASC-nin işçiləridir. Onlar belə görünür ki, Şuşaya gedən su kəmərində təmir işləri aparırlar.

Xatırladaq ki, Şuşanın azad edilməsindən cəmi 3 gün sonra “Azərsu” ASC-nin təmir briqadaları düşmənin geri çəkilərkən sıradan çıxardığı su kəmərlərini təmir etmək üçün ora ezam edilib. Noyabrın 25-də artıq “Azərsu” Şuşaya içməli suyun verilməsini bərpa edə bilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR