Azərbaycan niyə Çin peyvəndini seçdi?

19-01-2021, 12:22 186 dəfə baxılıb

Azərbaycan niyə Çin peyvəndini seçdi?


Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 əleyhinə peyvəndləmə prosesinə start verilib. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB rəhbəri Ramin Bayramlı və digər rəsmi şəxslərə Çin istehsalı olan “CoronaVAC” peyvəndi vurulub.

Ölkəyə gətirilən peyvəndin təhlükəsizliyi və onun təsirlərini həkim Aydın Əliyev ilə müzakirə etdik.

Doktor, Azərbaycan niyə məhz Çin peyvəndinə üstünlük verdi?
Məndə olan məlumata görə, Avropada olan peyvəndlər istehsala başlamazdan əvvəl çoxsayılı sirafişləri edilmişdi. İlk olaraq bununla bağlıdır. İkinicisi, əsas məsələlərdən biri budur ki, istehsalçıdan peyvənd vurulacaq insana gəlib çatana qədər peyvəndlərin dərin soyuduclara ehtiyac var. Həmin peyvəndləri saxlamaq üçün soyuducular lazım idi. Avropa peyvəndləri -20, -70 dərəcə temperaturda saxlanılmalıdır. Çox güman ki, bizdə elə bir şərait yaratmaq üçün lazımi sistem yox idi. Amma Çin istehsalı olan peyvəndəri hətta +2 dərəcədə saxlamaq olar.
Azərbaycan bu şəraiti yarada bilərdimi?
Xeyr, qısa zaman kəsiyində həmin şəraiti yaratmaq çətin idi. Allah eləsin ki, pandemiya bitsin. Lakin qarşıdakı dövrlərdə buna ehtiyac yaransa, bizdə də dərin soyuducu sistemini yaratmaq mümkündür.
COVİD peyvəndləri hansı metodla istehsal edilir?
İlk olaraq virusun özü zəiflədilir və öldürülür, bu yolla hazırlanır. Bu, ənənəvi yoldur. Amma Avropada istehsal edilən son peyvəndlər virusun hansısa zülalları, hissəcikləri ondan çıxarılmaqla, özünə qarşı hazırlanır. Ən son texnologiya bunlardır.
Hansı daha təhlükəsizdir?
Üçüncü faza sınaq mərhələsindən keçən bütün vaksinlər təhlükəsiz sayılır.
Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanan peyvəndin istehsal metodu hansıdır?
Bunlar ənənəvi metodla hazırlanan peyvəndlərdir. Onlar öldürülmüş virusdan hazırlanır. Yəni heç bir təhlükəsi yoxdur.
Bəs, “Sinovac”ın peyvəndi təsdiq olunubmu və onun 3-cü faza nəticələri açıqlanmadan istifadəsi nə qədər doğrudur?
Xeyr, 3-cü fazanın nəticələrini Türkiyə, Brazilya və İndoneziya artıq açıqladı. Bəzi ölkələrdə effektivliyin faiz dərəcəsi aşağıdır. Amma bu, o demək deyil ki, onun zərərli təsirləri var. Əksinə, heç bir zərəri yoxdur. Sadəcə, onun qanda yaratdığı immunitetlər bəzi insanlarda zəif ola bilər.
Peyvəndləmə məcburidir?
Əslində elan edildi ki, peyvəndləmə könüllü olacaq. Amma biz maarifləndirmə işi aparmalıyıq. Bu, çox vacibdir. Əslində bu, insanların öz ixtiyarına buraxılmış hüquqlarıdır. Amma insanlar başa düşməlidirlər ki, peyvəndlənməsə və yoluxsa, onun yaxınlarında, ətrafında olan yaşlı insanları, ikili xəstəliyi olan insanları yoluxdura bilər. Onlar həyatını itirə bilərlər. Yəni biz yalnız özümüzü deyil, yaxın və əzizlərimizi də düşünməliyik. Könüllü o demək deyil ki, peyvəndlənməyək.
İlkin mərhələdə kimlərin peyvəndlənməsi nəzərdə tutulub?
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:
1-ci mərhələ:

Səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət.

2-ci mərhələ:

Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

– Vaksinasiyadan kütləvi imtina halları olarsa, nə baş verəcək?

– Mən düşünürəm ki, bizim insanlar vaksinləşmə prosesindən keçəcək və bunu normal qəbul edəcəklər. İlk növbədə ziyalı və vəzifəli insanlar peyvəndlənməlidir ki, digər insanlar da onlara baxıb, bu addımı atsınlar.

– Vaksindən sonra ölüm halları qeydə alına bilərmi?

– Xeyr. Ölüm halları vaksinin özünə görə olmur. Yalnız yüksək allergiyası olan insanlar şoka düşə bilərlər. Anafilaktik şok keçirə bilərlər. Bu halda ölüm ehtimalı milyonda bir olar. Dərmana qarşı allergiyası olan insanlar var. Bu, vaksinlə əlaqəli şeylər deyil.

– O zaman vaksin vurulan zaman şəxsin yan xəstəlikləri nəzərə alınacaqmı?

– Əlbəttə, şəxsin yan xəstəlikləri də araşdırılacaq. Əgər hansısa xəstəliyə şübhə varsa, müvafiq analizlər olunacaq. Və peyvəndləmə həyata keçirilən bütün xəstəxanalarda çox güman ki, şok əleyhinə preparatlar da olacaq.

– Koronavirusa yoluxan şəxslər də peyvənd ediləcəkmi?

– Koronavirusa yoluxub sağalmış şəxslərdə artıq immunitet yaranıb. Onların qanında antitellər əmələ gəlib. Amma ola bilər ki, yüngül keçirib, immuniteti zəif formalaşıb. Üstündən isə təxminən 3 aydan çox vaxt keçib. İmmunitet adətən 6 ay ərzində zəifləyir. Əgər 6 ayı keçibsə, qanda immunoqlobulinin faizi azdırsa, qanında yetərli səviyyədə antitellər yoxdursa, həmin insanlar da vaksin olunmalıdır. Yox, əgər o xəstəliyi yeni keçiribsə, qanında antitellər varsa, o insanların vaksinə ehtiyacı yoxdur.

– Vaksinin effektivliyi nə qədərdir? İnsanda yaratdığı immunitet nə qədər davam edir?

– Burda araşdırmaların nəticələri də təqdim olunub. Burda fərdi xüsusiyyətlər də var. Təqribən ən azı 3-4 ay, bəzən isə 6 aya qədər davam edir. Yəni vaksinasiya prosesi nə qədər qısa müddət ərzində kütləviliyi təmin edə bilsə, pandemiyadan o qədər tez qurtula bilərik. //pressklub.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR