Azərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı

15-07-2021, 10:46 130 dəfə baxılıb

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Azərbaycanda koronavirusun Britaniya ştammından (Alpha) sonra Hindistan ştammının, yəni "Delta" ştammının yayılması əhali arasında müəyyən narahatlığa səbəb olub. Hər kəs bu virusun COVID-19 virusundan fərqi, fəsadları, müalicəsi, xəstəlikdən qorunma yolları barədə düşünür. Yaranan əsas suallardan biri də bu virusun Azərbaycana hansı ölkədən keçməsi, vaksin olunanlarda bu xəstəliyin yayılma ehtimalı ilə bağlıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov Sputnik Azərbaycan-a müsahibəsində bu suallara aydınlıq gətirib.

A.Qurbanov bildirib ki, qonşu ölkələrdə koronavirusun "Delta" ştammının yayılması Azərbaycana da bu ştammın gəlmə təhlükəsi yaradırdı: "Biz demişdik ki, Azərbaycan dünyanın bir hissəsi olduğundan qonşu ölkələrdə yayılan "Delta" ştammının ölkəmizə gəlib çıxma ehtimalı yüksəkdir. Artıq dünən açıqlanan rəsmi rəqəmlər də ölkəmizdə bu ştammın qeydə alındığını təsdiqlədi.

"Delta" ştammı mutant ştammdır. Virusun yoluxduruculuq qabiliyyəti mutasiya nəticəsində "Delta" ştammında iki dəfə artıb. Onsuz da əvvəllər koronavirus kifayət qədər yoluxucu idi. Yeni mutasiya nəticəsində isə yoluxuculuq qabiliyyəti iki dəfə də artıb. Ümumiyyətlə indiyə qədər qeydə alınan 4 mutant ştammın hamısında yoluxuculuq qabiliyyətinin artması müşahidə olunub. Hindistan, yəni "Delta" ştammında bu maksimuma çatıb".

Komitə sədri bildirir ki, "Delta+" ştammının yoluxuculuq qabiliyyətinin artması ilə yanaşı, həm də orqanizmimizdə bu viruslara, anticisimlərə qarşı davamlılıq qeydə alınıb: "Bu ştammlarla törədilən xəstəlik COVID-19 xəstəliyi ilə bəzi kliniki əlamətlərinə görə fərqlənir.

Bu fərqlər əlbəttə ki, nisbi fərqlərdir. Bu xəstəliklə bağlı heç bir elmi araşdırmalar aparılmasa da, klinik müşahidələr göstərir ki, "Delta" ştammı ilə törədilən COVID-19 xəstəliyində əsasən mədə-bağırsaq traktının zədələnməsi ön plana çıxa bilər. Məsələn, xəstədə ishal, qarınağrı, ürəkbulanma kimi əlamətlər ola bilər. Həmçinin klassik COVID viruslarında olan qrip əlamətləri də özünü büruzə verir. Buraya öskürək, hərarətin yüksəlməsi, baş ağrısı və sair əlamətlər daxildir".

Həmsöhbətimiz deyir ki, dad və iybilmənin itməsi "Delta+" ştammı üçün çox da səciyyəvi deyil.

A.Qurbanov "Delta" ştammının daha bir qorxulu tərəfini açıqlayıb. Onun sözlərinə görə, "Delta+" ştammının törətdiyi xəstəliklər uşaqlar və gənclər arasında da qeydə alınır: "Uşaq və gənclərdə COVID virusları çox vaxt əlamətsiz keçsə də, artıq müəyyən olundu ki, "Delta+" ştammına uşaq və gənclər də çox həssasdır. Onlarda da bu xəstəlik müşahidə oluna bilər".

A.Qurbanov deyir ki, dünyada və Azərbaycanda istifadə olunan vaksinlər insanları "Delta+" ştammlarından qorumaq gücündədir. Ona görə də Komitə sədri hamını təxirə salınmadan xəstəliyə qarşı vaksinasiya olunmağa səsləyir: "Çünki vaksin bizi COVID-19-dan və hazırda yayılan "Delta+" ştammından da qoruyacaq. Artıq vaksinasiya hər bir şəxsin vətəndaşlıq borcuna çevrilməlidir".

A.Qurbanov bildirir ki, bununla yanaşı, qorunma tədbirləri davam etməlidir: "İnsanlar sanki bir az arxayınlaşıblar. Çünki, COVID-19-la bağlı epidemioloji vəziyyət ölkəmizdə sabitdir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda epidemioloji vəziyyət çox yaxşıdır. Amma "Delta" ştammının yayılması faktı bizi diqqətli olmağa, qaydalara əməl etməyə sövq edir.

Qorunma tədbirlərinə əməl etmək və vaksinasiya bugünkü yeganə çıxış yolumuzdur. Qorunma tədbirləri ona görə çox zəruridir ki, "Delta" ştammının yoluxuculuq qabiliyyəti iki dəfə artıb. Çox təəssüf ki, bu gün qapalı yerlərdə maska istifadə etməyənlər var. Ona görə də bu məsələləri ciddiyə almaq zəruridir", - deyə TƏBİB səlahiyyətlisi bildirir.

A.Qurbanov deyir ki, "Delta" ştammının birbaşa ölümə səbəb olması elmi araşdırmaların mövzusudur: "Amma bir məsələ var ki, çox saylı yoluxma çoxsaylı xəstələnmə deməkdir. Çoxsaylı xəstələnmə isə çoxsaylı ölüm deməkdir. Ona görə "Delta" ştammının çoxsaylı ölüm törətmə riski yaranır. Bununla belə "Delta+" ştammının klassik koronavirusla müqayisədə daha çox öldürücülük qabiliyyətinin olduğunu elmi cəhətdən təsdiqləmək lazımdır".

A.Qurbanovun sözlərinə görə, "Delta" ştammının müalicəsi də COVID xəstəliyinin müalicəsində olduğu kimi aparılacaq: "Pandemiyadan xeyli vaxt keçib. Bizdə kifayət qədər COVID xəstəliyinin müalicəsi üçün dərman preparatları var. Bu da xəstəliyi daha effektli müalicə etməyə imkan verir. Dünyada da bu səbəbdən xəstəlikdən ölüm faizi 5-6 faizdən iki faizə enib. Bunlar onu göstərir ki, COVID-lə mübarizədə uğur əldə olunub. Bununla belə hamı bilməlidir ki, COVID ölümcül xəstəlikdir. Xüsusən risk qrupundan olan şəxslər üçün daha təhlükəlidir".

Vaksin olunanların "Delta" ştammına yoluxub-yoluxmamasına gəlincə, müsahibimiz deyir ki, bunun üçün araşdırma aparılmalıdır: "Bu sual təkcə bizi düşündürmür. Xəstələnənlərin vaksin olunub-olunmadığı dünyanı da düşündürən məsələdir. Amma bir məsələni hər kəs bilməlidir ki, heç bir vaksin insanları 100 faiz viruslardan qorumur. Vaksinlərin effekti 90-95 faizdir. Bu, o deməkdir ki, vaksin 100 nəfərə vurulursa, onun 90-95 nəfərində xəstəlik olmayacaq.

Nəzərə almaq lazımdır ki, vaksin vurulanlar virusa yoluxsa belə, ölümcül olmayacaq. Kimsə vaksin vurulduqdan üç ay sonra virusa yoluxursa, bu vaksinin effektsizliyi kimi qəbul edilməməlidir. Peyvənd olunanlar arasında da 5-10 nəfər xəstələnə bilər. Amma onlar xəstəliyi yüngül keçirəcəklər, fəsadlaşma, ölüm olmayacaq. Bizə də lazım olan budur", - deyə A.Qurbanov bildirir.

Qeyd edək ki, Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanılıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənib. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri iki həftə müddətinə bağlayıb.

Məlumat üçün onu da bildirək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayılan virusu pandemiya elan edərək dünyanı bu virusla mübarizəyə səsləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR